RU

Ritmin İçində Doğulan Adam: Xalq Artisti Natiq Şirinova həsr olunur


Bəzən musiqi danışır, sözlər susur. Natiq Şirinovun nağarası da elədir, hər vuruşunda bir həyat hekayəsi gizlənir. Bu gün o hekayənin 50-ci ili tamam olur.

Azərbaycan Respublikasının Xalq Artisti, “Natiq” ritm qrupunun rəhbəri Natiq Şirinov 10 noyabr 1975-ci ildə Bakıda, musiqi ilə nəfəs alan bir ailədə dünyaya gəlib. Uşaqlıqdan ritmə maraq göstərən o, 2001-ci ildə “Natiq” Ritm Qrupunu yaradaraq Azərbaycan musiqi səhnəsində öz adını təsdiqləyib. O, təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif səhnələrində də ritmi ilə ölkəmizi təmsil edib və hər çıxışı ilə Azərbaycan musiqisinin səsini başqa ölkələrə çatdırıb. Lakin onun sənətinin arxasında görünməyən bir dünya da var: yaradıcılıq anları, daxili ritmlər və nağara ilə danışan duyğular…
Bəzən səssizcə oturub barmaqları ilə masaya vurur, bilirik ki, beynində yeni musiqi formalaşır. Bu sadə hərəkət onun yaradıcılıq prosesinin başlanğıcıdır. Səhnədə gördüyümüz işıqlı tərəfin arxasında isə günlərlə davam edən məşqlər, yorucu zəhmət və səhvləri düzəltmək üçün sərf edilən sonsuz səbir dayanır.
Sənət çoxlarına asan görünə bilər, ancaq onun arxa planında yalnız sədaqət və zəhmət dayanır. Bu isə Natiq Şirinovun sənət yolunun əsl imzasıdır.
O, gənc nəsilə yalnız musiqi öyrətmir, həm də yol göstərir, ruh verir, dəyərlər aşılayır. Biz onu yalnız Xalq Artisti kimi tanımırıq, o həm də nəsillər boyu musiqi ilə yaşayan bir nəslin davamçısıdır, babası Aşıq İdrisin mirasını yaşadan bir ritm adamıdır.
Görünüşdə sərt və tələbkar olsa da, qəlbində çox zərif və qayğıkeş bir insandır. Tələbələrinin hər uğuruna sevinər, onları dəstəkləyər, doğru yola yönəldər. Evin içində isə onun ritmi daha kövrəkdir, ailəsinə göstərdiyi qayğı, diqqət və sevgi ilə doludur. Bu ritm musiqidən də dərin, həyatın öz ritmidir.
Bu 50 illik yubiley münasibətilə, illərdir bizi öz ritminə aparan bu musiqi insanına, yalnız səhnədə deyil, həm də evdə varlığı ilə güc verən, ilham olan bir insana sağlam can, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayırıq. Sənət yolunda atdığın hər addım bizim üçün fəxrdir. Hər vuruşunda sevgi, hörmət və xatirələr daşıyan nağaran səni daha irəli aparsın. Ən gözəl ritmlər hələ qarşıdadır…
Bu yazı sevgi və qürurla yazılıb.
Fidan Səfərzadə
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
İnzibati İdarəetmə fakültəsinin magistrantı

Избранный
67
baki-xeber.com

1Источники