RU

Yunanıstan səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatır

Bakı, 7 noyabr, AZƏRTAC

Noyabrın 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kristo Kapodistrianla ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı nazir Ceyhun Bayramov səfir Kapodistrianın Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli münasibətlərin inkişafındakı xidmətlərini yüksək qiymətləndirərək, ona təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfirlə söhbət zamanı son dövrlər ikitərəfli münasibətlərdəki dinamika müsbət qiymətləndirilib. Bu çərçivədə 2024-cü ilin noyabrında Bakıda keçirilmiş COP29 və eləcə də 2025-ci ilin sentyabrında Nyu-York şəhərində BMT Baş Assambleyası çərçivəsində Prezident İlham Əliyev ilə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis arasında keçirilmiş görüşlərin əhəmiyyəti vurğulanıb.

Ölkələrimiz arasında siyasi dialoqun davam etdirilməsinin ikitərəfli əlaqələrin inkişafı baxımından əhəmiyyət daşıdığı qeyd olunub. İqtisadiyyat, ticarət, investisiyalar, enerji, nəqliyyat-tranzit, turizm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi üçün böyük potensialın mövcud olduğu diqqətə çatdırılıb.

Səfir Kristo Kapodistria öz növbəsində Yunanıstanın Azərbaycanda səfiri kimi fəaliyyətini xoş təəssüratlarla xatırlayacağını bildirib, ona fəaliyyətində göstərilən dəstəyə görə təşəkkür edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Избранный
18
24
azertag.az

10Источники