Novruzəli Aslanov: “Yeni Konstitusiyanın qəbul olunması müstəqil Azərbaycanımızın tarixində ən mühüm siyasi hadisələrdən biri idi”
“Azərbaycanda Konstitusiya quruluşunun tarixi başlanğıcı respublikamızın keçmiş SSRİ-nin tərkibində olduğu dövrə təsadüf edir. Bu da ondan irəli gəlir ki, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət quruculuğu istiqamətində bir çox mühüm addımlar atılsa da əsas Qanun qəbul olunmamışdı. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Sonrakı illərdə bir neçə dəfə Konstitusiyaya əlavələr olunub, yeni Konstitusiya qəbul edilib. 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in sonuncu Konstitusiyası qəbul olunub. Ulu Öndər Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biri də bu olub ki, məhz Ümummilli Liderimizin gərgin səyləri nəticəsində Azərbaycan SSR-in sonuncu Konstitusiyasında 73-cü maddə aşağıdakı redaksiyada verilib: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Bu Konstitusiya 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilənədək qüvvədə olub.”
Bu sözləri 12 noyabr Konstitusiya Günü ilə əlaqədar aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Fikirlərini davam etdirən millət vəkili müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsinin dövlətçilik tariximizin ən mühüm siyasi hadisələrindən biri olduğunu vurğulayıb: “Dövlət müstəqilliyimizin bərpa olunduğu ilk illərdə Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Ümummilli Liderimizin rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi yolu ilə qəbul edilib. Referendumda iştirak edən seçicilərin 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyətini nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilir. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Ötən illər ərzində ölkəmizin sürətli inkişafı, yeni dövrün tələbləri ilə əlaqədar Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklərin və əlavələrin olunması zərurəti meydana gəlmişdi. Birmənalı olaraq demək lazımdır ki, 2002-ci ildə və 2009-cu ildə Konstitusiyaya olunan dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi. Qürurverici haldır ki, Konstitusiyanın qırx səkkiz maddəsi bilavasitə insan hüquqlarına və onların təminatlarına həsr edilmişdir. Əsas Qanunumuzda dilindən, dinindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqları geniş təsbit olunmuşdur” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.