RU

“Azərbaycan dilinin qorunmasında jurnalistlərin üzərinə böyük məsuliyyət düşür” -Natiq Məmmədov

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində dövlət dilimizin işlənməsi ilə bağlı konseptual xarakterli fikirlər səsləndirmişdi. Prezident öz çıxışında alimlərə, yazıçılara, şairlərə, ictimai xadimlərə və xüsusilə də jurnalistlərə çağırış edərək Azərbaycan dilinin saflığının qorunub saxlanmasının vacibliyini vurğuladı”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədov deyib.

N.Məmmədov bildirib ki, məhz bu çağırışı əsas götürərək bu gün Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası birgə şəkildə "Mediada Azərbaycan dilinin düzgün işlənməsi" mövzusunda konfrans təşkil etmişdir: “Konfrans çərçivəsində iki panel müzakirəsi nəzərdə tutulub. Birinci paneldə televiziya və radiolarda Azərbaycan dilinin işlənməsi qaydaları peşəkarlar tərəfindən müzakirə olunacaq. İkinci paneldə isə çap və onlayn mediada dilin istifadəsi ilə bağlı problemlər və müasir çağırışlar diqqət mərkəzində olacaq.

Cənab Prezidentin dövlət dili ilə bağlı göstərdiyi münasibət bizlər üçün bir istiqamət olmalıdır. Biz də mediada fəaliyyət göstərənlər olaraq bu məsuliyyəti dərk etməliyik. Azərbaycan dili yalnız məişət səviyyəsində deyil, həm də fəlsəfi, elmi və publisistik fikirlərin yüksək səviyyədə ifadə olunduğu zəngin bir dildir. Bu dili qorumaq və inkişaf etdirmək medianın üzərinə düşən mühüm vəzifələrdəndir.

Azərbaycan dilinin işlənməsi və qorunması sahəsində mediada çalışan jurnalistlərin üzərinə böyük məsuliyyət düşür. Gələcək nəsillərə saf, zəngin və təhrif olunmamış bir Azərbaycan dili ötürmək üçün bu sahədə fəaliyyətlərimiz daha da gücləndirilməlidir”.

Müəllif: Səbinə Hüseynli
Избранный
32
1
sia.az

2Источники