RU

8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Mən Orada İdim” tədbiri Qızıldaşda keçirildi – FOTOLAR

Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər Turu” layihəsinin final mərhələsi keçirilib. Tədbir çərçivəsində “Mən Orada İdim” kitabının təqdimatı və əsərin motivləri əsasında hazırlanan 44 dəqiqəlik səhnə əsəri tamaşaçılara təqdim olunub.
Layihə Azər Namazov adına 180 nömrəli tam orta məktəb və Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşdırılıb. “Zəfər Turu”nun əsas məqsədi 44 günlük Vətən müharibəsinin həqiqətlərini, şəhidlərimizin ruhunu və o günlərin nəfəsini gənc nəslə çatdırmaq olub.
Layihənin rəhbəri və “Mən Orada İdim” kitabının müəllifi, İkinci Qarabağ Savaşı veteranı Əli Abbasovun hazırladığı konsepsiya həm tarixi faktları, həm də müharibənin insan talelərinə təsirini bir araya gətirərək, oxucu və tamaşaçılara Zəfər günlərinin həm ağrısını, həm də qürurunu yaşatmağı hədəfləyib.
“Zəfər Turu” layihəsinin əvvəlki mərhələləri şəhidlərin doğulduğu torpaqlarda baş tutub, 18 oktyabrda Xaçmazda şəhid Kərəm Veysovun və 1 noyabrda Samuxda şəhid leytenant Məmmədzadənin xatirəsinə həsr edilmiş tədbirlər keçirilib.
Bu seçim layihəyə dərin mənəvi məna qataraq, şəhidlərin doğma torpaqlarında onların ruhuna ehtiramın ən təsirli ifadəsinə çevrilib.
Final mərhələsində rəsmi çıxışlar zamanı 180 nömrəli məktəbin direktoru Atakişi Cəfərov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qaradağ rayon komitəsinin sədri Salman Salmanov, həmçinin şəhid ailələri və qazilər layihənin əhəmiyyətini vurğulayaraq, bu kimi tədbirlərin Zəfər Gününün mənəvi dəyərini gələcək nəsillərə çatdırmaq baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd ediblər.
Tədbirin ən təsirli hissəsi 44 dəqiqəlik tamaşa olub. Səhnədə canlandırılan hadisələr 44 günlük Vətən müharibəsinin mənəvi xronikasını tamaşaçılara bütün duyğusallığı ilə çatdırıb. Müharibənin ağrısı, şəhidlik zirvəsinin ucalığı və Azərbaycan əsgərinin sarsılmaz ruhu tamaşa salonunda olan hər kəsə dərin emosiyalar yaşadıb.
Bu tədbir sadəcə bir kitab təqdimatı deyil, xalqımızın Zəfər tarixinin canlı salnaməsi, şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram və müstəqilliyimizin dəyərini xatırladan unudulmaz bir mərhələ kimi yadda qalıb.
Qızıldaşda səslənən hər bir söz, səhnədə canlandırılan hər bir obraz bir daha sübut etdi ki, Zəfər unudulmur, unudulmayacaq.
Çünki o gün orada olanların, Vətən uğrunda döyüşənlərin ruhu hələ də bu torpağın hər daşında, hər nəfəsində yaşayır.
       
Избранный
24
2
interpress.az

3Источники