RU

Azərbaycan Biznesinin İnkişafı Fondunun kapitallaşması qarşıdakı 24 ay ərzində çox yüksək səviyyədə qalacaq - S&P

BAKI,TurkicWorld

Azərbaycan Biznesinin İnkişafı Fondunun (Azerbaijan Business Development Fund – ABDF) kapitallaşması növbəti 24 ay ərzində çox yüksək səviyyədə qalacaq.

Bu barədə TurkicWorld "S&P Global Ratings" agentliyinə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, 2025-ci il yanvarın 1-də Sahibkarlığın İnkişafı Fondu (Entrepreneurship Development Fund – EDF) və Azərbaycan İnvestisiya Şirkəti (Azerbaijan Investment Company – AIC) birləşərək, İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Biznesin İnkişafı Fondunu (ABDF) yaradıb. Hazırda hər iki qurumun əməliyyat inteqrasiyası prosesi davam edir.

S&P-nin gözləntilərinə əsasən, inteqrasiya uğurla həyata keçiriləcək.

"Bizim fikrimizcə, ABDF-nin kapitalı və mənfəətliliyi onun reytinq sabitliyinin əsas amilləri olaraq qalacaq. Fondun kapitallaşma səviyyəsinin yaxın 24 ayda çox yüksək səviyyədə saxlanılacağı gözlənilir. 2024-cü ilin sonuna olan vəziyyətə görə, EDF-in riskə uyğunlaşdırılmış kapital (RAC) göstəricisi 82 faiz təşkil edib. Bununla yanaşı, AIC daha kiçik ölçülü qurumdur və onun kapitalın aktivlərə nisbəti təxminən 100 faiz səviyyəsində olub", - agentliyin hesabatında bildirilir.

"S&P" mütəxəssisləri qeyd edirlər ki, AIC-nin əsas fəaliyyəti – yerli şirkətlərdə payların əldə olunması – EDF-in portfeli ilə müqayisədə daha yüksək risk səviyyəsi daşıyır. EDF isə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi üçün yerli banklara kreditlər təqdim edirdi.

"Hər iki qurum mərhələli artıma yönəlib. Biz proqnozlaşdırırıq ki, ABDF üçün RAC göstəricisi 2027-ci ilin sonuna qədər 50–60 faiz səviyyəsinə qədər azalacaq, lakin bu göstərici 15 faiz həddindən xeyli yüksək qalacaq",- sənəddə qeyd olunur.

Избранный
11
2
turkic.world

3Источники