RU

Şotlandiyada Dəmir dövrünə aid yeraltı kamera tapılıb

Arxeoloqlar 2500 illik sirli tikilini yeni yol çəkilişi zamanı aşkar ediblər...

Şotlandiyanın Pört şəhəri yaxınlığında aparılan qazıntılar zamanı arxeoloqlar təxminən 2500 il əvvələ – Dəmir dövrünə aid unikal yeraltı kameranı aşkarlayıblar.

Poliqon xəbər verir ki, bu barədə Popular Mechanics nəşri məlumat yayıb.

Tapıntı Broksi Kennels Fort adlı qədim məskən ərazisində aşkar edilib. Qədim dövrlərdə burada torpaq bəndləri, dairəvi evlər və dəmirçi emalatxanaları olan möhkəmləndirilmiş yaşayış məntəqəsi yerləşib. Qazıntılar yeni yolun tikintisi zamanı aparılıb və bu kəşf son illərdə bölgədə aşkar edilmiş ən maraqlı arxeoloji tapıntılardan biri sayılır.

Yeraltı kamera uzunluğu təxminən doqquz metr olan, iri daşlardan hörülmüş keçiddən ibarətdir. Onun daxilində daş döşəmə və taxıl izləri qorunub saxlanılıb ki, bu da kameranın ərzaq anbarı kimi istifadə oluna biləcəyini göstərir. Bununla belə, tədqiqatçılar digər ehtimalları da istisna etmirlər — onlar hesab edirlər ki, bu yer həm gizli sığınacaq, həm də dini ayinlərlə bağlı məkan ola bilər.

Arxeoloqların məlumatına görə, fort e.ə. VI əsrdən e.ə. I əsrə qədər, yəni Roma imperiyasının bölgəyə gəlişinə qədər fəaliyyət göstərib. Burada aparılan qazıntılar qədim insanların mühəndislik bacarıqlarını və simvolik düşüncə tərzini nümayiş etdirir.

Mütəxəssislər hesab edirlər ki, yeraltı kamera yalnız təsərrüfat məqsədli tikili deyil, həm də qədim insanların yer, təbiət qüvvələri və o dünyayla bağlı inanclarının təcəssümü ola bilər.

Poliqon.info

Избранный
59
poliqon.info

1Источники