BAKI, 7 noyabr. TELEQRAF
Tesla şirkətinin səhmdarları baş direktor İlon Mask üçün təxminən 1 trilyon dollarlıq kompensasiya paketi ayrılmasına səs veriblər.
Teleqraf xəbər verir ki, səsvermə şirkətin sosial şəbəkə "X"də yayımlanan illik iclası zamanı keçirilib.
Məlumata görə, təklifin lehinə səhmdarların 75%-i səs verib. Bu qərar ABŞ tarixində bir şirkət rəhbərinə ediləcək ən böyük ödəniş olacaq.
Bildirilir ki, İlon Mask maaş almır, onun gəliri şirkətin nəticələrinə əsaslanan bonus ödəmələri vasitəsilə formalaşır. "Tesla"nın sentyabrda təqdim etdiyi yeni plan 10 illik dövrü əhatə edir və əsas şərt kimi şirkətin bazar dəyərinin 1,4 trilyon dollardan 8,5 trilyon dollara yüksəlməsi müəyyən edilib.
Bundan əlavə, şirkət həmin müddətdə 20 milyon avtomobil və 1 milyon robot istehsal etməli, həmçinin 1 milyon robotaksini kommersiya istifadəsinə təqdim etməlidir. Bu göstəricilərə nail olunacağı halda, Mask Tesla səhmlərinin təxminən 25%-nə sahib olacaq.