Futbol üzrə Azərbaycan millisinin və “Qarabağ”ın sabiq hücumçusu Vaqif Cavadov Ağdam klubunun uğurlu çıxışına münasibət bildirib.
Arena.az xatırladır ki, “Qarabağ” UEFA Çempionlar Liqasının Liqa mrəhələsinin 4-cü turunda İngiltərə nəhəngi “Çelsi” ilə 2:2 hesablı heç-heçə edib.
Bu nəticə futbol ictimaiyyətində böyük maraq doğurub. Vaqif Cavadov da “Legalbet”ə açıqlamasında “köhlən atlar”ın çıxışını yüksək qiymətləndirib:
“Qarabağ” hazırda çox yaxşı formadadır. Onların bu oyunu və UEFA Çempionlar Liqasındakı nəticələrinə baxanda düşünürəm ki, “Zenit” və “Spartak”dan (hər ikisi Rusiya klubu) daha güclüdürlər. “Çelsi” belə bir oyun gözləmirdi. “Qarabağ” çox güclü komandadır”.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk iki turunda “Benfika”ya (Portuqaliya) 3:2, “Kopenhagen”ə (Danimarka) 2:0 hesabıyla qalib gəlmiş “Qarabağ” 3-cü turda İspaniyanın “Atletik” (Bilbao) komandasına 1:3 hesabıyla uduzmuşdu.
Qurban Qurbanovun rəhbərlik etdiyi komanda hazırda 7 xalla UEFA Çempionlar Liqasının Liqa mərhələsinin turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.
“Qarabağ” növbəti turda, noyabrın 25-də “Napoli” (İtaliya) ilə qarşılaşacaq.

