RU

Kiberhücumlara qarşı Azərbaycan müdafiəsini gücləndirir – mütəxəssislər danışır

Azərbaycanda kiber təhlükəsizlik sahəsində son illər müəyyən irəliləyişlər əldə olunsa da, bu istiqamətdə hələ də ciddi problemlər qalmaqdadır.

Xüsusən dövlət qurumlarının, təhsil müəssisələrinin və özəl sektorun informasiya sistemlərinin müdafiəsi tam yetkin səviyyədə deyil. Kiber hücumların, məlumat sızmalarının və fişinq halların artması rəqəmsal mühitin təhlükəsizliyini təhdid edir. Əsas problemlərdən biri də kiber savadlılığın zəif olması və bu sahədə ixtisaslı kadr çatışmazlığıdır.

Yaxın günlərdə Azərbaycan Prezidenti İlham Əliyev də AMEA-nın 80 illik yubileyinə həsr olunmuş yığıncaqda bu məsələyə toxunub: "İndi dünyada kiberhücumlar geniş vüsət alıb. Azərbaycan da bu hücumlara bu il məruz qalmışdır və Kibertəhlükəsizlik Mərkəzinin yaradılması vaxtında atılmış addımdır. Biz beynəlxalq tərəfdaşlarla, bu sahədə böyük təcrübəyə malik olan şirkətlərlə çox geniş proqramlar üzərində işləyirik ki, özümüzü maksimum dərəcədə qoruya bilək, müdafiə edə bilək. Çünki kibertəhlükəsizlik, yəni, virtual təhlükəsizlik deyil. Bu, hər bir ölkənin fiziki təhlükəsizliyidir. Bu gün həm müharibələrin aparılma qaydaları dəyişir, təhlükələrin mənbələri dəyişir və dünya dəyişir. Ona görə bu sahəyə əgər lazımi diqqət göstərilməsə, heç bir başqa müdafiə imkanı bizi böyük problemlərdən qoruya bilməz. Ona görə kibertəhlükəsizliklə bağlı həm dövlət, həm Azərbaycanın elm ictimaiyyəti birgə işləməlidir. Əlbəttə ki, eyni zamanda, bizə qarşı kiberhücumlar təşkil edən ölkələr, ya tərəflər, ya qurumlar cəzasız qalmamalıdır. Biz həm özümüzü müdafiə etməliyik, həm də bizə zərər vermək istəyənlərə də layiqli cavab verməliyik".

Bu sahədə nə kimi addımlar atılmalıdır?

İnnovasiya üzrə mütəxəssis Bəxtiyar Həsənov də mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: "Prezidentin çıxışında xüsusilə kibertəhlükəsizliyin “virtual” deyil, “fiziki təhlükəsizlik” kimi təqdim olunması çox doğru strateji yanaşmadır. Müasir dövrdə ölkənin sərhədləri artıq yalnız coğrafi deyil, həm də rəqəmsal məkanda qorunmalıdır. Bu məkan enerji infrastrukturlarından bank sistemlərinə, dövlət məlumat bazalarından sosial şəbəkələrə qədər uzanır. Hər hansı kiberhücum bir neçə serverin deyil, bütöv iqtisadi sabitliyin və milli təhlükəsizliyin hədəfə alınması deməkdir". 

20e275228a3cdbd02889449f13a8d4a0.jpg

Mütəxəssis qeyd edir ki, institusional addımın ardınca insan kapitalına və texnoloji inkişafa yönələn davamlı proqramlar gəlməlidir: "Bu, yalnız dövlət qurumları ilə məhdudlaşmamalı, universitetlər, tədqiqat mərkəzləri, özəl sektor və mütləq şəkildə startap ekosistemi birgə işləməlidir. Hazırda görürük ki, əksər hücumlar çox vaxt süni intellekt, sosial mühəndislik və zəncirvari zəifliklər üzərindən həyata keçirilir. Yəni texnologiya ilə yanaşı, insan davranışını da hədəfə alır.

Buna görə əsas prioritetlərdən biri “cyber literacy”, rəqəmsal savadlılığın yüksəldilməsi olmalıdır. Hər bir vətəndaş, jurnalist, dövlət qulluqçusu və biznes nümayəndəsi üçün minimal kiber gigiyena standartları formalaşdırılmalıdır. Parol mədəniyyəti, fişinqdən qorunma, məlumatların şifrələnməsi kimi sadə davranışlar belə kütləvi hücumların qarşısını ala bilər.

Nəhayət, kiberhücumlara cavab məsələsi yalnız müdafiə ilə bitmir. Hücum edən tərəflərin izlənməsi, diplomatik və hüquqi mexanizmlərin işlədilməsi ölkələr üçün əsas prioritetlərdən birinə çevrilib. Azərbaycan həm beynəlxalq əməkdaşlıqlar çərçivəsində, həm də regional tərəfdaşlarla birgə işləyərək “aktiv kibermüdafiə” mexanizmini inkişaf etdirir. Əsas güc rəqəmsal sahədə trendləri təmin edə bilməkdir".

Kibertəhlükəsizlik üzrə piar mütəxəssis Aida Ramiz Musavat.com-a deyib ki, kibertəhlükəsizlik artıq hər birimizin həyatına birbaşa təsir edən məsələdir: "Rəqəmsal mühitdə təhlükəsizliyi təmin etmək təkcə dövlətin deyil, həm də vətəndaşların, media qurumlarının və İT sektorunun ortaq məsuliyyətidir. Bu sahədə ilk növbədə şəxslərin üzərinə böyük yük düşür. Hər kəs öz rəqəmsal davranışına diqqət yetirməli, kibergigiyena qaydalarını bilməli və gündəlik onlayn fəaliyyətində tətbiq etməlidir. Sadə görünən addımlar güclü parolların istifadəsi, şübhəli linklərə keçməmək, şəxsi məlumatları paylaşmamaq, bəzən böyük təhlükələrin qarşısını ala bilər. Eyni zamanda televiziya və media qurumları da cəmiyyətin maariflənməsində mühüm rol oynamalıdır. Kibertəhlükəsizliklə bağlı məlumatlar, praktiki tövsiyələr və real hadisə nümunələri davamlı şəkildə yayımlanmalı, bu mövzu ictimai müzakirələrin bir hissəsinə çevrilməlidir". 

04d638d3-0a2b-4c1e-aa0c-8a674f3d02d1.jpeg

Ekspert qeyd edir ki, İT və kiber qurumlar isə yalnız texniki müdafiə ilə kifayətlənməməli, əhali və şirkətlər arasında maarifləndirmə layihələri həyata keçirməlidirlər: "Seminarlar, təlimlər və açıq məlumat platformaları vasitəsilə rəqəmsal savadlılıq artırılmalıdır.

Kibertəhlükəsizlik yalnız texniki məsələ deyil. Bu, davamlı maariflənmə və məsuliyyət mədəniyyəti tələb edən ümummilli məsələdir. Dövlətin atdığı addımlarla yanaşı, hər birimiz bu zəncirin bir halqası kimi öz üzərimizə düşəni etməliyik".

 

Afaq Mirayiq,
Musavat.com

Избранный
80
musavat.com

1Источники