BAKI, 6 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın administrasiyası Konqresdən hərbi əməliyyatlara icazə almağa ehtiyac qalmadan Venesueladakı quru hədəflərə zərbələr endirməyi qanuni cəhətdən əsaslandıra biləcək ayrıca bir hüquqi rəy almaq məqsədilə Ədliyyə Nazirliyinə müraciət edib.
Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ rəsmilərinə istinadla məlumat verib.
Noyabrın 5-də keçirilən qapalı toplantıda administrasiyanın rəsmiləri, o cümlədən dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqset qanunvericilərə bildiriblər ki, hazırda ABŞ-nin nə Venesuela ərazisinə hücum planı, nə də belə əməliyyatlar üçün hüquqi əsasları mövcuddur. Onların sözlərinə görə, mövcud hüquqi rəy yalnız narkotik daşımaqda şübhəli sayılan gəmilərə qarşı zərbələrə icazə verir, amma bu, quru hədəflərinə hücumlara aid deyil.
Amerikalı rəsmilərdən biri xəbərdarlıq edib ki, bu gün doğru olan sabah belə qala bilməz və qeyd edib ki, Prezident Donald Tramp hələ Venesuela ilə bağlı necə hərəkət edəcəyinə qərar verməyib. Toplantıda həmçinin bildirilib ki, Karib hövzəsində ABŞ hərbi gücünün genişləndirilməsi quru hədəflərinə zərbələr üçün deyil, narkotiklərlə mübarizə əməliyyatlarına dəstək məqsədi daşıyır.