Azərbaycanda ödəmə terminalları artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İstər kommunal xidmətlərin, istərsə də cərimə və ya digər ödənişlərin həyata keçirilməsində bu cihazlardan geniş istifadə olunur. Lakin bir məqam daim diqqət çəkir – terminallar qəpik pulları qəbul etmir. Bəs bu texniki məhdudiyyətlə bağlıdır, yoxsa iqtisadi səbəblərdən qaynaqlanır? Gələcəkdə qəpik qəbul edən terminalların tətbiqi mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, qəpik qəbul edən terminalların tətbiqi iqtisadi cəhətdən sərfəli deyil:

“Nəinki terminallarda, bankomatlarda da belə bir imkan yoxdur. Bankomat və terminalların fiziki həcmi böyük deyil. Banklar üçün əsas olan odur ki, terminalda məbləğ baxımından daha çox pul olsun. Əgər qəpiklər qəbul edilsə, onların həcmi böyük olduğuna görə, terminallar tez dolacaq və sürətlə boşaldılmalıdır. Bu isə əlavə işçi qüvvəsi və xərc tələb edir. Banklara bu, sərf etmir”.
Ekspert əlavə edib ki, praktik baxımdan da əksər vətəndaşlar ödəniş zamanı qəpikdən istifadə etmir, bu səbəbdən gələcəkdə qəpik qəbul edən terminalların tətbiqi real görünmür.