RU

AQTİ: HACCP sisteminin qurulması istiqamətində tədbirlər davam etdirilir

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 6 noyabr, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən (AQTİ) “Intercontinental Hotel Baku”ya HACCP sertifikatı təqdim edilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, AQTİ qida sahəsində fəaliyyət göstərən müəssisələrdə HACCP (Təhlükə Analizi və Kritik Nəzarət Nöqtələri) sisteminin qurulması, sənədləşdirilməsi və tətbiqi istiqamətində məsləhət və metodiki dəstək xidmətləri göstərməklə yanaşı, həmin müəssisələrdə mövcud sistemlərin qiymətləndirilməsini də həyata keçirir. “HACCP-nin tətbiqi nəticəsində istehsal prosesi nəzarət altında saxlanılır, mümkün təhlükə mənbələri vaxtında aradan qaldırılır və istehlakçılara təhlükəsiz, keyfiyyətli qida məhsullarının təqdim olunmasına zəmanət verilir. “Intercontinental Hotel Baku” nəzdində fəaliyyət göstərən ictimai iaşə obyekti bu tələblərə tam cavab verdiyi üçün AQTİ tərəfindən HACCP sertifikatına layiq görülüb. Bununla da “Intercontinental Hotel Baku” HACCP sertifikatı ilə təltif olunan ilk otel kimi ölkəmizdə qida təhlükəsizliyi sahəsində nümunəvi fəaliyyət göstərən müəssisələr sırasına daxil olub”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, “Qida Təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qida subyektləri öz qida obyektlərində HACCP-a əsaslanan prosedurları tətbiq etməli və qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik olmalıdırlar.

AQTİ-nin HACCP sisteminin tətbiqi ilə bağlı təqdim etdiyi xidmətlərdən faydalanmaq istəyən sahibkarlıq subyektləri [email protected] elektron poçt ünvanına məktub göndərə və ya “1003-Çağrı Mərkəzi”nə zəng edə bilərlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
64
azertag.az

1Источники