2025-ci ilin ilk üç rübü ərzində Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəmərinin operatoru BTC Ko. şirkəti üzrə əməliyyat xərcləri 97 milyon dollar təşkil edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7 milyon dollar və ya 6,7% azdır. Öncəki ilin eyni dövründə 104 milyon dollar olmuşdu.
Bu barədə Banker.az “BP Azərbaycan” şirkətinin hesabatına istinadən xəbər verir.
Əvəzində əsaslı xərclər artaraq 28 milyon dollardan 50 milyon dollara yüksəlib, yəni 22 milyon dollar və ya 78,5% artım qeydə alınıb.
Nəqletmə göstəricilərinə baxdıqda, 2025-ci ilin ilk üç rübündə BTC vasitəsilə təqribən 19 milyon ton (təxminən 159 milyon barel) xam neft və kondensat ixrac olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyon ton və ya 13,6% azalma deməkdir. Belə ki, 2024-cü ilin analoji periodunda 22 milyon ton, 165 milyon barel idi.
Tanker sayı da azalıb — 2024-cü ilin ilk üç rübündə Ceyhan terminalından 229 tanker yola salınmışdısa, 2025-ci ilin eyni dövründə bu göstərici 216 tanker olub.
Ümumi dövri göstəricilər baxımından da artım müşahidə olunur.
2006-cı ilin iyun ayında istismara veriləndən 2025-ci ilin sentyabr ayının sonunadək BTC vasitəsilə ümumilikdə 613 milyon ton (4,6 milyard bareldən çox) xam neft nəql edilib. Bu, bir il ərzində əlavə 30 milyon ton artım deməkdir (2024-cü ilin eyni dövründə 583 milyon ton idi).
Ceyhanda yüklənən tanker sayı da 5786-dan 6078-ə yüksəlib, yəni 292 tanker çoxalıb.