RU

Havaların soyuması tələbatı artırdı - İstilik sistemi bu il tez işə düşəcəkmi?

Son günlər havaların soyuması ölkə ərazisində, xüsusən də paytaxtda istiliyə olan tələbatı xeyli artırıb. Bir çox vətəndaşlar mənzillərdə soyuqdan şikayətlənir və istilik sistemlərinin tezliklə işə salınmasını tələb edirlər. Lakin “Azəristiliktəchizat” ASC-nin təsdiq etdiyi qrafikə əsasən, yaşayış binalarına, sosial obyektlərə, məktəblərə və uşaq bağçalarına istiliyin verilməsi ənənəvi olaraq noyabrın 15-dən nəzərdə tutulub.

Bəs istiliyin vaxtından əvvəl verilməsi mümkündür?

“Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirib ki, qurum payız-qış mövsümünə tam hazırdır:

““Azəristiliktəchizat” ASC payız-qış mövsümünə tam hazırdır. Səhmdar Cəmiyyətin balansında olan 550 qazanxana işlək vəziyyətdədir. Onu da nəzərinizə çatdırım ki, “Azəristiliktəchizat” balansında 1000 kilometrdən artıq magistral və məhəllədaxili xəttlər var, həmin istilik xətləri yuyulub və hidravlik təzyiqə yoxlanılıb, təmirə ehtiyacı olan məhəllədaxili və magistral istilik xətləri əsaslı təmir olunub.  Yəni mövsümə tam hazırıq”.

Mətbuat katibi söyləyib ki, istilik mövsümünün vaxtından əvvəl başlanması yalnız kəskin hava şəraiti müşahidə olunarsa, mümkün ola bilər:

“Bu qərar çox kəskin hava şəraiti olarsa, qəbul edilə bilər. Amma hazırda kəskin hava şəraiti hökm sürmür.

Təcrübəmizdə belə hallar olub, bəzi illərdə mövsümə vaxtından əvvəl başlamışıq. Elə ötən mövsümdə kəskin hava şəraiti olduğu üçün bir neçə gün uzadılmışdı”.

“Azəristiliktəchizat” ASC 2023–2025-ci illər üzrə abonentlərin ödəniş göstəricilərini açıqlayıb. Rəqəmlər göstərir ki, son üç ildə əhali arasında istilik haqlarının ödənilməsi istiqamətində nəzərəçarpacaq artım qeydə alınıb.

2023-cü ildə əhali üzrə ödəniş səviyyəsi 71,3 faiz, ümumi göstərici isə 86,8 faiz olub. 2024-cü ildə bu rəqəmlər müvafiq olaraq 77,6 və 89,3 faizə yüksəlib. 2025-ci ildə isə əhali üzrə ödəniş intizamı 88,9 faizə çatıb, ümumi göstərici isə 88,7 faiz təşkil edib.

ASC-nin məlumatına görə, heç bir ödəniş etməyən istehlakçıların borcu 4 milyon 444 min 523 manat təşkil edir.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Избранный
89
yenisabah.az

1Источники