RU

Gecənin dron savaşı: iki cəbhədə - Rusiya Ukraynanı vurur, Ukrayna cavab verir

 
"Bir tərəfdə yaşayış binaları və mülki infrastruktur dağıdılır, digər tərəfdə isə enerji və sənaye obyektləri hədəfə alınır..."
 
Dnepropetrovskda kütləvi hücum: Kamenskoye şəhəri alova büründü
 
Ukrayna KİV-lərinim məlumatına görə, Ukraynada Dnepropetrovsk vilayətinin Kamenskoye şəhəri Rusiya tərəfindən dron və artilleriya hücumuna məruz qalıb. Yerli administrasiyanın məlumatına görə, yaşayış binasının bir girişində dam və arakəsmələr çöküb, avtomobillər və infrastruktur sıradan çıxıb.
 
Şəhərdə bir neçə yanğın qeydə alınıb, səkkiz nəfər xəsarət alıb. Xilasetmə xidməti dağıntılar altından beş nəfəri çıxarmağa nail olub. Eyni gecə vilayətin digər bölgələri də FPV-dronlar və artilleriya ilə vurulub, elektrik xətləri və ictimai binalar zədələnib.
 
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına əsasən, həmin gecə ümumilikdə ölkəyə beş istiqamətdən 135 dron buraxılıb. Hava hücumundan müdafiə sistemi onların 108-ni məhv edib və ya elektron mübarizə ilə zərərsizləşdirib.
 
Volqoqrad və digər rus şəhərlərində partlayışlar
 
Eyni gecə Ukrayna pilotsuz uçuş aparatları Rusiya ərazisində bir neçə hədəfə zərbə endirib. Volqoqradda dron yaşayış binasına düşüb, bir nəfər ölüb. Sənaye zonasına düşən qalıqlar yanğına səbəb olub.
 
Son günlər Ukrayna dronları ard-arda Rusiya neft-kimya müəssisələrini və limanlarını hədəfə alır: Tuapse limanındakı yanacaq terminalları, Tatarıstan və Nijni Novqorod vilayətlərindəki zavodlar, həmçinin SİBUR və LUKOIL obyektləri zədələnib. Ekspertlər bu hücumların məqsədini belə izah edir: "Rusiya ordusunun enerji və logistika təchizatını zəiflətmək".
 
Enerji nəhəngi vuruldu: Kostroma İES-də yanğın
 
Rusiyanın "Teleqram" kanalları Kostroma vilayətində yerləşən və ölkənin ən iri istilik elektrik stansiyalarından sayılan Kostroma İES-ə zərbə endirildiyini yazır. Stansiyanın ərazisində güclü yanğın qeydə alınıb. Bu İES-in gücü 3720 meqavattdır və mərkəzi regionun mühüm hissəsini enerji ilə təmin edir, o cümlədən müdafiə sənayesini. Rəsmi qurumlar "hava hücumu dəf edilib, enerji təchizatı pozulmayıb" desə də, qeyri-rəsmi mənbələr avadanlığın ciddi zərər gördüyünü bildirir.
 
Bu gecə Ukrayna-Rusiya müharibəsində yeni dinamika formalaşıb: Rusiya Ukraynanın şəhərlərinə dronlar göndərərək yaşayış binalarını hədəfə alır. Ukrayna isə cavab olaraq Rusiyanın enerji və sənaye infrastrukturunu vurur. Hər iki tərəf hücumları "məcburi hərbi zərurət" adlandırsa da, nəticədə zərər görənlər yenə də insanlar və onların yaşadıqları şəhərlər olur.
Moderator.az
Избранный
38
1
moderator.az

2Источники