RU

"Mərmi partladı, əlimlə üzümü yoxladım, sifətim yox idi" - Qazi Denis Quzlayevin həyat hekayəsi

Denis Quzlayevin bioqrafiyası əsl qəhrəmanlıq hekayəsidir. 44 günlük Vətən müharibəsinin əsgəri cəbhədə ağır yaralandıqdan, ağrılardan, çoxsaylı əməliyyatlardan keçdikdən sonra yenidən həyata adaptasiya olunub.
 
Moderator.az bildirir ki, Oxu.az sadə bakılı oğlandan İkinci Qarabağ müharibəsinin veteranlığına qədər keçdiyi yolu xatırlayan Denislə Qələbənin beşinci ildönümü ərəfəsində söhbət edib. O, sağlamlığının necə bərpa olunmasından, xanımı ilə necə qarşılaşmasından və həyata baxışlarının necə dəyişdiyindən söz açıb.

- Söhbətimizə müharibədən əvvəlki dövrdən başlayaq. Nəçi idiniz, nə ilə məşğul olurdunuz? Əslən haradansınız?

- Mən 1999-cu ildə anadan olmuşam, bütün həyatım boyu Bakıda yaşamışam. Burada orta məktəbi bitirdikdən sonra liseyə daxil olub aşpazlıq sənətini öyrənməyə başladım. Orada təhsil aldığım zaman bizi təcrübəyə göndərirdilər, özümü yaxşı tərəfdən göstərdim və məni işə götürdülər. 2017-ci ildə müddətli hərbi xidmətə çağırıldım, əsgərlikdən sonra öz işimə qayıtdım. Adi, sakit bir həyat yaşayırdım.

İkinci Qarabağ müharibəsinə məni də çağırdılar. O vaxt pandemiya idi, işdə idim, zəng edib çağırış vərəqəsi barədə məlumat verdilər.

- Yaxınlarınız necə reaksiya verdilər?

- Atam müharibəyə getməyimin qəti şəkildə əleyhinə idi, çünki mən ailənin tək övladı idim. Anam da bununla barışmaq istəmirdi.

- Müharibənin necə başlandığını xatırlayırsınızmı? İlk düşüncələriniz nə idi?

- Əlbəttə, xatırlayıram. Hamımız sosial şəbəkələrdə oturur, hadisələri izləyirdik. Qəribə, qarışıq bir hiss var idi - narahatlıq, həyəcan, gələcəkdə nələr baş verəcəyinə maraq.

- Döyüş yolunuzdan danışaq. Hansı döyüşlərdə iştirak etdiniz?

- Döyüş yoluna Cəbrayıl, Füzuli istiqamətindən başladım, daha sonra Xocavənd istiqamətində davam etdi. Füzulinin azad edilməsinə görə medalım var.

- Nə vaxt yaralandınız?

- Bu, müharibənin ortalarında - oktyabrın 18-də baş verdi. Biz meşədə mövqe tutmuşduq, artıq Hadrutu keçmişdik və Xocavəndə doğru irəliləyirdik. Həmin gün başqa bölükdən olan bir şəhidin cəsədini maşına qoymaq üçün yüksəklikdən endirirdik. Düşmən bizi görüb minaatanlardan atəş açdı. Birinci mərmi yanımda partladı, qəlpə belimə dəydi. Mən uzanmağa macal tapdım və yoldaşımı öz bədənimlə qorudum. Qəlpə mənə dəyməsəydi, yəqin ki, onun ürəyinə dəyəcəkdi.

Uşaqlar köməyə getdilər, mənimlə bir yoldaşım qaldı. Atəş davam edirdi. Mən əlimizi qoynumuza qoyub oturmamağı və öz qüvvələrimizə doğru getməyi təklif etdim. Bir az getdik, amma mən artıq yeriyə bilmirdim - dayandım, ağaca söykəndim. Elə bu vaxt yanımda daha bir mərmi partladı. Məni kənara atdı. Huşumu itirmədim, hər şeyi hiss edirdim. Əlimlə üzümü yoxlayanda başa düşdüm ki, ağır yaralar almışam, sifətim deyilən bir şey yoxdur... Beləcə, məni endirənə qədər bir gün meşədə uzanıb qaldım.

Bundan sonra Füzulidə cəbhəyə könüllü getmiş stomatoloq-cərrah Bəhruz Rüstəmov öz komandası ilə birlikdə mənim üzərində ilk və ən vacib cərrahiyyə əməliyyatı apardı. Onlar təkcə məni deyil, bir çoxlarını xilas etdilər.

Həkimlər hesab edirdilər ki, mən sağ qalmayacağam - üzümün alt hissəsi tamamilə parçalanmışdı. Sonra məni Bakıya aparıb xəstəxanaya yerləşdirdilər, əməliyyat zamanı komaya düşdüm. On gün komada qaldım. Veteranların ikinci doğum günlərini qeyd etmək ənənələri var - mən düz beş il əvvəl, oktyabrın 29-da ayıldım (müsahibə də 2025-ci il 29 oktyabrda alınıb-red.). Bu gün mənim üçün Qələbə Günü ilə yanaşı xüsusi əhəmiyyətə malikdir.

Mən Hadrut-Xocavənd xəttində gedən döyüşlərdə yaralanmışdım və taleyin gərdişinə bax ki, həyat yoldaşım Reginanın atası, Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyov da məhz bu istiqamətdə şəhid olmuşdu.

- Sağalma prosesiniz nə qədər çəkdi? Psixoloji reabilitasiya keçdinizmi?

- Sağalma prosesi çox məşəqqətli oldu. Üzümü sözün həqiqi mənasında hissə-hissə yığırdılar. Mən yeriməyi yenidən öyrəndim, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında çox yatdım. Bel və çənədəki qəlpələri çıxarmaq mümkün deyil. Burnumu qabırğamdan düzəltdilər, bir gözüm normal görür, digəri isə yalnız 20%. Dişlərimin bir neçəsi yoxdur, üzümün alt hissəsi isə metal konstruksiyalardan yığılıb.

İndiyədək mənim səkkiz əməliyyatım olub, daha biri də gözlənilir. Birinci əməliyyatdan başqa hamısını doktor Çingiz Rəhimov aparıb. Bütün müalicə xərclərini dövlət ödəyir. Mən psixoloji reabilitasiyadan keçmədim, amma ailəmin, dostlarımın və həyat yoldaşımın dəstəyi çox güclü idi.

- Qələbəmizi öyrəndiyiniz zaman harada idiniz?

- Qələbə Gününü xəstəxanada qarşıladım. Noyabrın 9-u gecə idi, Prezident canlı yayımda çıxış edirdi. Mən ikinci əməliyyatdan sonra sağalırdım. Palataya başqa bir veteran daxil oldu, televizoru yandırdı və rus dilindən Azərbaycan dilinə tərcümə etməyi xahiş etdi. Artıq küçədən sevinc qışqırıqları eşidilir, musiqi səslənirdi. Bütün dəhliz ayaq üstə idi - hamı sevinir, qucaqlaşır, xoşbəxtlikdən ağlayırdı.

- Döyüş yoldaşlarınızla əlaqə saxlayırsınızmı?

- Bəli, əlbəttə. Hamımız əlaqədəyik, dostluğumuzu davam etdiririk, baxmayaraq ki, indi hamının öz həyatı və işi var.

- Müharibədən sonra döyüşdüyünüz, yaralandığınız ərazilərdə oldunuzmu?

- Hələlik məhz həmin yerə yox, amma planlaşdırıram. Biz turla Qarabağa gedərkən Füzulidən keçdik, Ağdamda, Xankəndidə və Laçında olduq. Bir neçə dəfə də Şuşada olmuşam. Bu səfərlərdə Kamran Razmovarla, Yeni Azərbaycan Partiyasının nümayəndələri, habelə Yuri Kovalyovun döyüş yoldaşları ilə birlikdə olmuşuq.

- Müharibədən sonra həyatınız necə dəyişdi?

- Əsaslı şəkildə. Hər şey dəyişdi - həyata baxışlarım, dünyaya münasibətim. Müharibədən sonra xeyli ciddiləşmişəm.

- Aşpaz kimi işləməyə davam edirsiniz?

- Bəli, peşəm üzrə işləməyə davam edirəm və yeni təkliflərə açığam.

- İşinizlə bağlı maraqlı təcrübəniz olubmu?

- 2023-cü ildə mən həyat yoldaşımla kilsə tərəfindən təşkil edilmiş xeyriyyə aksiyasında iştirak etdim. Regina zəng edib mənə dedi ki, 70 kuliç hazırlamaq lazımdır. Mən dərhal rədd cavabı verdim (gülür). Əvvəllər heç vaxt kuliç bişirməmişdim. Bir neçə reseptə baxdım, sınaqdan keçirdim və çox yaxşı alındı. İşdən çıxdım, kilsəyə getdik. Biz bütün gecə kuliç bişirdik, səhərə yaxın bitirdik, heç kimə heç nə demədik. Sonra mən bir həftə ərzində evdə kuliç bişirməli oldum.

Daha sonra müəllim Nigar Vaqifovna 189-190 nömrəli məktəbdəki sinfi üçün təxminən 50 kuliç sifariş etdi. Uşaqlar bizi sevinclə qarşıladılar, dərhal kuliçləri yeməyə başladılar. Onların təbəssümünü görmək çox xoş idi.

- Aşpaz olmaq uşaqlıqdan arzunuz idi?

- Xeyr, uşaqlıqda mən metro maşinisti olmaq istəyirdim. Metro ilə getməyi çox sevirdim. Amma 9-cu sinifdən sonra kulinariya ilə maraqlanmağa başladım. Əksəriyyət üçün ilk yemək bişirmək təcrübəsi qayğanaq olur, mən isə "Kiyev kotleti" bişirmişdim.

- İndi sizin ən yaxşı bişirdiyiniz yemək budur?

- İndi üstünlük verdiyim yemək yoxdur, hər şeyi bişirməyi sevirəm. Evdə nadir hallarda bişirirəm - əsasən həyat yoldaşım bişirir.

- Regina barəsində sual verməyə bilmərəm. Necə tanış oldunuz?

- Biz mənim dördüncü əməliyyatımdan sonra tanış olduq, mənə burun bərpası üçün qabırğa köçürüləndə. Bu, Pasxa bayramında oldu. Yeni Azərbaycan Partiyasının Nizami Rayon Təşkilatından zəng edib məni ziyarət etmək istədiklərini bildirdilər. Regina onlarla birlikdə gəlmişdi. Biz dəhlizdə oturduq, hamı suallar verirdi, o da. Amma mən ona cavab vermirdim.

- Niyə?

- Bilmirəm, sadəcə belə alındı. O gələndə mən artıq qəbul bölməsinin yanında durmuşdum, kimin gələcəyini bilmirdim. O, çox qətiyyətlə daxil oldu, qazini axtardığını dedi. Amma xəstəxanada veteranlardan ibarət bir ordu var idi (gülür).

- Onu dərhal bəyəndiniz?

- Yox. (Denis və Regina birlikdə cavab verdilər-red.)

Regina:

- Mənə əmim, Vitali Kovalyov zəng edib dedi ki, Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyovla birlikdə veteranı ziyarət etməyə gedəcəklər. Mən razılaşdım. Xəstəxanada kişilər öz aralarında danışırdılar, mən Denisə bir neçə sual verdim - o susdu. İncidim. Düşündüm ki, nə olsun ki, veteransan? Mən də adi adam deyiləm.

Xəstəxanaya gələrkən özümlə mələk heykəlciyi götürmüşdüm, necə hədiyyə edəcəyimi bilmirdim. Sonra elə dəhlizdə ona verdim. İndi mələklər ailəmizin simvoludur. Elə onda Denis yaxınlaşıb yaralanmamışdan əvvəlki şəklini göstərdi. O, heç xoşuma gəlmədi - həddindən artıq yaraşıqlı idi (gülür). Denis məndən soruşdu: "Necə düşünürsən, məni indi kim sevər?" Mən cavab verdim: "Narahat olma, səni olduğun kimi sevəcək bir qız tapacaqsan"...

Denis:

- Dediyi kimi də oldu. Bir-birimizə telefon nömrələrimizi verdik, danışmağa başladıq.

- Hisslərini kim birinci etiraf etdi?

- Mən. Beşinci əməliyyatdan bir neçə gün əvvəl. Regina cavab verdi ki, bu barədə sonra danışarıq, indi isə diqqətimi müalicəyə yönəltməliyəm. Əməliyyat səkkiz saat çəkdi. Əməliyyatdan sonra mənə baş çəkəndə dedi ki, o da mənə oxşar hisslər bəsləyir. Mən narkoz altında idim, amma hər şeyi eşidirdim.

Biz 2022-ci il iyunun 15-də Milli Qurtuluş Günündə evləndik.

- Həmin il siz Prezidentlə də görüşmüşdünüz...

- Bəli, bu, 2022-ci il fevralın 2-də Azərbaycan Gənclər Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda baş verdi. Mən İlham Əliyevə idman haqqında sual verdim, ona təşəkkürümü bildirdim və keçmiş yubileyi münasibətilə təbrik etdim.

Tədbir çox səmimi keçdi. Orada mənim keçmiş komandirim, həmçinin Polad Həşimovun qızı da iştirak edirdi.

Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevə və müzəffər Azərbaycan Ordusuna təşəkkürümü bildirmək istəyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Избранный
34
1
moderator.az

2Источники