RU

Azərbaycan teatrları Zəfər Gününə necə hazırlaşıb?

Bakı, 6 noyabr, Fidan Əlizadə, AZƏRTAC

Zəfər Gününə sayılı günlər qalarkən Azərbaycan teatrları ölkəmizin azadlıq mübarizəsini, şəhidlərin qəhrəmanlığını və xalqımızın sarsılmaz iradəsini səhnələrdə yaşatmağa hazırlaşır. Bu il teatrlarımız müxtəlif üslublarda təqdim etdikləri tamaşalarla həm 44 günlük Vətən savaşının, həm də onilliklər boyu aparılan mübarizənin mənəvi yükünü tamaşaçıya çatdırmağı hədəfləyir. Xalqımız misilsiz qələbə sevinci, yüksək qürur, fərəh hissləri yaşadan bu əlamətdar tarixi gün ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd olunur. Sözsüz ki, Azərbaycan teatrları da bu əlamətdar günə öz töhfələrini verməyə çalışır.

AZƏRTAC bayram ərəfəsində sənət ocaqlarında nümayiş olunacaq tamaşalar barədə hazırladığı yazını təqdim edir.

“Qarabağnamə” – Milli Dram Teatrında tarixin səhnəyə dönüşü

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşasını təqdim edəcək. Xalq artisti Mərahim Fərzəlibəyovun quruluş verdiyi əsər tamaşaçını XVIII əsrə – Qarabağ xanlığının mərkəzi Şuşaya aparır. Tamaşada Qarabağ hökmdarı İbrahim xanın siyasi mübarizəsi, Rusiya və İranla əlaqələr qurmaq cəhdləri və erməni fitnəkarlığının yaratdığı faciəli nəticələr bədii dildə təqdim edilir. Qarabağın keçmişi və bugünkü qələbə ruhu arasında görünməz bir körpü qurulur. Səhnə əsərində rolları Xalq artistləri Kazım Abdullayev, Firəngiz Mütəllimova, Rafiq Əzimov, Hacı İsmayılov, Əli Nurzadə, Əməkdar artistlər Elşən Rüstəmov, Məsmə Ağaverdiyeva, Kazım Həsənquliyev, Elxan Quliyev, Elşən Cəbrayılov, Elnar Qarayev, Əminə Babayeva, aktyorlar İlyas Əhmədov, Ramin Şıxəliyev, Ləman İmanova, Cavidan Novruz, Firuzə Balayeva, Nəzrin Abdullayeva, Məhsəti Tahirzadə, Elsevər Rəhimov və Tural İbrahimov ifa edəcək.

“İnanıram” – ananın sarsıdıcı həyat hekayəsi

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında bu dəfə yazıçı Ülviyyə Heydərovanın “İnanıram” monopyesi əsasında hazırlanmış monotamaşası nümayiş olunacaq. Quruluşçu rejissoru Elşad Rəhimzadə olan tamaşada Zemfira Əbdülsəmədova obrazı böyük emosional yük ilə canlandırır.

Tamaşa bir qadının dağ yamacındakı tək ağacla qurduğu mənəvi bağ, müharibə səbəbindən illərlə bu torpaqdan uzaq düşməsi və oğlunun həmin ərazini azad edərkən şəhid olması ilə tamamlanan kədərli, eyni zamanda möhtəşəm bir ana hekayəsini səhnəyə gətirir. Bu əsər şəhid analarına və Vətən sevgisini hər şeydən üstün tutan igidlərimizə həsr edilmiş duyğulu bir mənzərədir.

“Balaca kişilər” – igidlərin portreti Gənc Tamaşaçılar Teatrında

Gənc Tamaşaçılar Teatrının növbəti səhnə təqdimatı İlqar Fəhminin eyniadlı əsəri əsasında hazırlanan “Balaca kişilər” qəhrəmanlıq dramıdır. Əməkdar artist Nicat Kazımovun quruluş verdiyi tamaşa İkinci Qarabağ müharibəsində baş verən real hadisələrdən bəhs edir və adi insanların necə qəhrəmana çevrildiyini göstərir.

Bu səhnə əsəri yalnız savaşın ağrılarını deyil, həm də mübariz xalqın yenilməz ruhunu, torpağa bağlılığını, bəşəri və mənəvi dəyərlərə sadiqliyini nümayiş etdirir. Tamaşa 44 günlük Vətən müharibəsində yazılmış şücaət salnaməsinə ehtiram kimi səhnələşdirilib. Tamaşada Əməkdar artistlər Rasim Cəfərov, Şövqi Hüseynov, həmçinin Rəşad Səfərov, Elnur Hüseynov, Sənan Kazımov, Ceyhun Məmmədov və digər aktyorlar iştirak edir.

Şəhid övladlarına həsr olunan tamaşa - “Yeddi nar çubuğu”

Zəfər həftəsi çərçivəsində Azərbaycan Dövlət Kukla Teatrı öz ənənəsinə sadiq qalan sənət ocağı Vətən müharibəsinin qəhrəman şəhid və qaziləri, eləcə də hərbçilərinin övladlarına həmin gün (saat 16:00) “Yeddi nar çubuğu” tamaşasını təqdim edəcək. Azərbaycan xalq nağılının motivləri əsasında hazırlanan tamaşanın səhnələşdirmə və mahnı mətnlərinin müəllifi publisist Zülfüqar Rüfətoğludur. Müəllifin konflikt yaratması, məramı qüvvətləndirən hadisələr keçidini qurması və ən əsası, vahid məqsədə - tamaşaçını nağılın mahiyyətindəki birliyə, bərabərliyə səsləyən ideyasını ustalıqla obrazlar və mizanlar üzrə bölüşdürməsi tamaşanın ümumi tempini yüksək saxlayır.

Rejissor məişət nağılının ideyasından irəli gələn ibrətamiz hadisələr fonunda tamaşaçılara fərqli kukla texnikalarının köməyi ilə bitkin bir təsvir təqdim edə bilib. “Yeddi nar çubuğu”nda kölgə teatrı elementlərindən də istifadə edilməklə nağılın rəngarəng səhnə həlli ərsəyə gətirilib.

Tamaşanın quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadədir. Tamaşada obrazları teatrın aparıcı aktyorları – Əməkdar artistlər Rəhman Rəhmanov, Cəmilə Allahverdiyeva, aktyorlar Rəhim Rəhimov, Ramiz Qəmbərov, Yasin Abbasov, Araz Həsənli, Samirə Nəcəfova və Aygül Ağayeva canlandırırlar.

Şuşa Dövlət Musiqili Dram Teatrında- “İki əsgər”

Şuşa Dövlət Musiqili Dram Teatrında isə, dramaturq Xaqani Əliyevin “İki əsgər” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası reallaşacaq. Səhnə əsərinin bədii rəhbəri Əməkdar artist Yadigar Muradov, rejissoru Lalə Şirinova, rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı isə Asyaxanım Heydərovadır. Tamaşada obrazları Emin Sevdiməliyev, Əhliman Ərşadlı, Zəhra Salayeva, Cavid Cavadzadə və Təranə Əliyeva ifa edəcəklər.

Избранный
55
1
azertag.az

2Источники