RU

Katolikosa sonuncu ultimatum - Ermənistan qarışsa...

Paşinyanın vəziyyəti gərginləşir; erməni baş nazirin başı dərddə

“2026-cı il parlament seçkilərindən əvvəl Erməni Apostol kilsəsinin rəhbərliyində dəyişiklik baş verməlidir”.  Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında bildirib.

Simonyan bütün ermənilərin katolikosu II Qaregini vaxtında istefa verməyə çağırıb: “O başa düşməlidir ki, işlərin alternativi olmayan bir nöqtəyə çatmasına imkan verməməlidir. Alternativi olduğu müddətcə bu qərarı özü verə bilər”.

Qeyd edək ki, artıq katolikosun qardaşı və qardaşı oğlu da həbs edilib.

Simonyan, əlbəttə ki, Nikol Paşinyanın sözünü deyir. Bəs ultimatum niyə məhz seçkilərədək olan dövrü əhatə edir? II Qareginin istefası daxili ictimai-siyasi sabitliyə necə təsir edə bilər?

Deputat

Sona Əliyeva 

Siyasi təhlilçi Sona Əliyeva “Yeni Müsavat”a söylədi ki, katalikos kartı Kremlin İrəvanda hakimiyyəti dəyişmək və Nikol Paşinyanı devirmək üçün son şansdır: “Moskva kilsə-hökumət gərginliyindən maksimum yararlanmağa çalışacaq. Buna baxmayaraq, Paşinyan da hakimiyyəti və xalqı kilsə maqnitizmindən xilas etməyə, daha doğrusu, ayrı salmağa səy göstərəcək. Paşinyan əlindəki bütün mümkün imkanlardan yararlanmağa çalışacaq. O öz siyasi hakimiyyətinin ömrünü uzatmaq və Rusiyanın təsirini minimuma endirmək üçün Qaregin və onun "xüsusi təyinatlı şər yuvasını" zərərsizləşdirməyə fokuslanıb. Fikrimcə, Qareginin istefası həm də Ermənistandakı referendum öncəsi çox xüsusi əhəmiyyətə malikdir. Onun istefası Ermənistanı sülhə aparacaq yolun başlanğıcı sayıla bilər. Əgər radikal kilsə camiəsi silaha sarılmasa, Paşinyan sabitliyin axarını və bütün riskləri idarə edə biləcək".

Fransa

Mübariz Göyüşlü

“Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü hesab edir ki, hər an Ermənistanda vəziyyət qarışa bilər: “Ermənistanda baş nazir Nikol Paşinyan hakimiyyəti ilə Erməni Apostol kilsəsi, onun başçısı II Qaregin arasında mübarizə hələ bir müddət də davam edəcək kimi görünür. Çünki tərəflərin heç birisi iddialarından və tələblərindən geri çəkilmək fikrində deyil. Xüsusilə də Paşinyan hökuməti hazırkı kilsə rəhbərini dəyişdirməkdə qərarlı görünür. Çünki qarşıdan seçkilər gəlir və bu proses, orada qalib gəlmək Paşinyan üçün çox vacibdir. Bu parlament seçkilərində qalibiyyət hazırkı hökumətin dayaqlarının möhkəmlənməsinə çox böyük dəstək olacaq. Bir növ bu seçkilər ölüm-dirim mübarizəsinə dönməkdədir. Hazırkı hakimiyyət buna görə də seçkilərdə ona ciddi problem yaradacaq qurumları, şəxsləri zərərsizləşdirməyə iddialıdır. Bu məsələdə sonuncu müqavimət cəbhəsi kimi kilsinin qaldığı görünür. Ona görə də Paşinyan və onun komandası kilsəni, onun rəhbəri II Qaregini müxtəlif təzyiq və təsirlərlə sındırmağa, istefa verməyə məcbur etmək istəyir.

Bugünə olan nəticələri təhlil etdikdə demək olar ki, Paşinyan qalib kimi görünür. Baş nazir kilsənin dayaqlarını sarsıtmaqdadır. Artıq II Qareginin tərəfdarları, yaxın qohumları həbs edilir, ona qarşı təzyiq kampaniyası gücləndirilir, onun iradəsindən kənar olaraq ruhanilər müxtəlif yerlərdə vəzifələrə təyin olunurlar. Bu, II Qareginin səlahiyyət və imkanlarının dairəsinin daralmasının göstəricisidir. Bu gedişlə əgər hər hansısa qəfil, plandankənar hadisələr baş verməzsə, Paşinyana qarşı terror-təxribat əməlləri gerçəkləşməzsə, Erməni Apostol kilsəsinin hazırkı rəhbərliyinin məğlub olacağı ilə bağlı ehtimallar özünü doğrulda bilər.

Baş verənlərin ictimai-siyasi sabitliyi pozduğu, Ermənistanda gərginliyi artırdığı söylənilə bilər. Bu qarşıdurmanın daha ciddi mərhələyə keçməsi vətəndaş qarşıdurmasına da gətirib çıxara bilər. Hərgah hazırkı durumda bu məsələ az ehtimal olunur. Amma vəziyyət hər an nəzarətdən çıxa və daha ciddi, problemli mərhələyə qədəm qoya bilər".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Избранный
58
musavat.com

1Источники