RU

ABŞ-Venesuela savaş təhlükəsi neft bazarını oynadır... OPEK-in qərarı əks-effekt verdi...


Faktdır ki, dünya bazarında neftin qiymətlərində baş verən dəyişikliklər digər hasilatçı ölkələr kimi Azərbaycanın da büdcə siyasətinə, makroiqtisadi sabitliyinə, sosial proqramların maliyyələşdirilməsinə və ümumilikdə iqtisadi inkişaf dinamikasına təsir göstərir.

Azərbaycan hökuməti son illərdə neftin qiymətindən asılılığın azaldılması istiqamətində mühüm addımlar atır. Büdcə qaydaları tətbiq olunur ki, bu da neft gəlirlərinin idarə edilməsində şəffaflıq və davamlılığı təmin edir. “Fiskal qayda” mexanizmi sayəsində neftin qiymətindəki qısamüddətli dəyişikliklər dövlət xərclərinə kəskin təsir etmir.

Digər tərəfdən, neft qiyməti ilə bağlı proseslər həm də geosiyasi proseslərdən asılı bir duruma düşüb. Bu arada onu da xatırladaq ki, noyabrın 2-də OPEC+ karteli 8 dövlətin (Rusiya, Əlcəzair, İraq, Qazaxıstan, Küveyt,6 Birləşmiş Ərəb Əmirlikləri, və Səudiyyə Ərəbistanı) gündəlik neft hasilatının 137 min barel artırılması haqqında qərar qəbul edib. İlk baxışdan bazarın tələb və təklif qanununa uyğun olaraq dünya bazarında təklifin artması qiymətlərin düşməsinə səbəb olmalı idi. Yəni hasilat artanda ixrac da artır ki, bu da bazara daha çox həcmdə neftin ixracına gətirib çıxarır və məntiqi olaraq birjalarda neftin qiymətinin düşəcəyi gözləntisi var idi. Lakin son günlərdə qiymətin kəskin düşməsi müşahidə olunmadı. Səbəb odur ki, 2023-cü ilin aprel və noyabr aylarında OPEC+ iki dəfə hasilatın azaldılması haqqında qərar qəbul etsə də, bir sıra üzv dövlətlər bu qərarı tam yerinə yetirmədilər. Elə buna görə də 1 ildə hasilatın azaldılması haqqında karteldə 2 dəfə qərar qəbul edildi. İndi isə həmin ölkələr 2023 və 2024-cü illərdə hasilatı azaltmadıqlarına görə kompensasiya ödəməlidir, yəni hasilatı artırmaq yox, azaltmalıdırlar. Misal üçün Rusiya hasilatı sutkada 137 min barel deyil 70 min barelə artıracaq, çünki qalan sutkada 67 min bareli Rusiya 2023-2024-cü illərdə bazara çıxarıb. Beləliklə, İraq 17, Birləşmiş Ərəb Əmirlikləri 12, Küveyt 11, Qazaxıstan 6, Oman 4, Əlcəzair 4 və Səudiyyə Ərəbistanı hasilatı sutkada 42 min barel artıracaqlar. Buna görə də dünya bazarında neftin qiymətində azalma müşahidə edilmədi. Digər tərəfdən OPEC-in bu qərarı 2026-cı ilin yanvar ayına kimi qüvvədə qalacaq və gələn ilin 1-ci kvartalından başlayaraq hasilatın azaldılması gözlənilir. “Reuters” agentliyi bildirib ki, Çin və Türkiyə neft idxalını artırıblar ki, bu da bazara əlavə neftin çıxarılması zərurətini yaradıb. Türkiyə Yaxın Şərqdə baş verən siyasi gərginliyə görə, Çində isə qış mövsümü ilə əlaqədar olaraq yanacağa tələbat artıb. Bir sıra mütəxəssislər isə qeyd edir ki, OPEC-in qərarı Rusiyanın “Rosneft” və “Lukoil” şirkətlərinə qarşı ABŞ və Avropa İttifaqının tətbiq etdiyi sanksiyalara əlaqədardır. Bazara neft ixrac edən 2 iri neft hasilatçısının bazardan çıxması yanacağa olan tələbatı artırıb. Digərləri isə hesab edir ki, hasilatın artırılması siyasi xarakter daşıyır. Belə ki, ABŞ prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolos Maduronun “vaxtına az qalıb” bəyanatından və Karib dənizinə gəmilər göndərməsindən sonra hərbi əməliyyatların keçirilməsi ehtimalı artıb. Venesuela da böyük həcmdə neft hasil edən ölkədir və hərbi əməliyyatlar onun dünya bazarına neft ixracını dayandıracaq. Qeyd edək ki, 2019-cu ildə ABŞ Venesuelada Nikolas Maduronu hakimiyyətdən kənarlaşdırmaq üçün müxalifət liderini dəstəklədi. Amma Rusiya buna qarşı çıxdı, Maduroya diplomatik, hərbi dəstək verdi. Xuan Quaydonun hərbi üsyana çağırışı iflas etdi. Bu, Rusiyanı rahatladı, Birləşmiş Ştatlara zərbə vurdu. Vaşinqton Maduronu qeyri-legitim sayır. O zaman prezidentliyinin birinci dönəmində olan Donald Tramp Quaydonu Venesuelanın aralıq prezidenti kimi tanıyıb. İndi şərait çox fərqlidir, amma ABŞ yenə də Maduroya təzyiqi artırır. Karib dənizində hərbi iştirakını gücləndirir, oraya dünyanın ən böyük hərbi gəmisi sayılan “USS Gerald R Ford”u göndərir, narkotik daşıdığı iddia olunan gəmiləri vurur, onlarla insan həlak olur.

ABŞ rəsmiləri Maduroya qarşı 2020-ci ildə narkotik cinayətləri ilə bağlı ittiham aktını yada salırlar. Onun tutulmasına aparacaq informasiyaya görə 50 milyon dollarlıq mükafat vəd olunub. Tramp CBS-ə müsahibəsində ABŞ-ın Venesuela ilə müharibə edəcəyinə dair narahatlığı azaltmağa çalışıb. Amma Maduronun sayılı günləri qalmasına dair suala “Məncə, hə” cavabını verib. Maduronun artıq dəstək üçün Rusiyaya üz tutduğu deyilir. Amma təhlilçilərin fikrincə, Vaşinqton səylərini onu devirməyə yönəltsə, Moskvanın buna qarşı durmaq imkanları məhduddur. Rusiya üzrə analitik, London Universitet Kollecinin Slavyan və Şərqi Avropa Araşdırmaları Məktəbinin fəxri professoru Mark Qaleotti bildirib: “Düzünü desək, ABŞ Maduro hökumətini devirməkdə qərarlıdırsa, Rusiyanın diplomatik gedişlərdən başqa edə biləcəyi çox şey qalmayıb”. “The Washington Post” əldə etdiyi sənədlərə əsasən yazıb ki, Maduro Rusiya prezidenti Vladimir Putinə məktub göndərərək Moskvanı Venesuelanın hava hücumundan müdafiəsini gücləndirməyə çağırıb. O, daha öncə alınmış “Suxoy” qırıcılarının bərpasını, Karakasa mühərrik və radar sistemlərinin yenilənməsində, raketlərin alınmasında, logistik dəstəyin təmin edilməsində kömək istəyib. Qəzet Maduronun Çindən və İrandan da dəstək istədiyini yazıb. Ekspertlər Rusiyanın Qərb yarımkürəsində hərbi əməliyyatlarının, əsasən, şou xarakterli olduğunu deyirlər. 2018-ci ildə Rusiyanın nüvə silahı daşımağa qadir iki bombardmançı təyyarəsi Karakasda hərbi aerodroma enib. 2024-cü ilin iyulunda seçkilər öncəsi Rusiyanın iki donanma gəmisi Venesuelaya yan alıb. Bu addımı ABŞ pisləyib. Həmin il Maduro hakimiyyətini uzadıb. Beynəlxalq Böhran Qrupunun Rusiya üzrə aparıcı analitiki Oleq İqnatov bildirib: “Düşünürəm ki, ABŞ Venesuelada rejimi güc yolu ilə dəyişməyə qərarlıdırsa, Rusiya heç bir şəkildə kömək edə bilməyəcək. Bu, Ukrayna müharibəsindən əvvəl də, sonra da mümkün deyildi. Burada sadə coğrafi və logistik məhdudiyyətlər rol oynayır”. Maduronun devrilməsi Moskvaya ciddi zərbə olardı. Bu halda Rusiya Latın Amerikasındakı əsas dayağından məhrum olar. 2024-cü ilin dekabrında Suriyada Bəşər Əsədin devrilməsi ilə Kremlin Yaxın Şərqdəki nüfuzu zəifləyib, indi də oxşar durum yarana bilər. Rusiya həm də Venesuelanın neft sənayesinə böyük sərmayə qoyub. Venesuela dünyanın ən böyük təsdiqlənmiş neft ehtiyatlarına malikdir. Amma ABŞ-nin sanksiyaları Rusiya və Venesuelanı nefti Çin kimi alıcılara satmağa vadar edir. Karakas keçmişdə Rusiya silahlarının əhəmiyyətli alıcısı idi. Ukrayna müharibəsi isə Moskvanın özünün silah almasıyla nəticələnib. İndi Venesuela ətrafında baş verənlər neft qiymətlərində kəskin sığrayışa səbəb olmaq iqtidarındadır. Dünya bazarlarında neft qiymətlərinin dəyişməsi birbaşa ölkənin tədiyyə balansına, valyuta gəlirlərinə və milli gəlirlərinə təsir göstərir. Maliyyə Nazirliyinin hesablamasına görə, neftin ortalama qiymətinin 10 dollar artmasının ümumi icmal gəlirlərimizə 2,2 milyard manat müsbət təsiri, 10 dollar orta neft qiymətinin aşağı olmasının isə Azərbaycana 2,1 milyard mənfi zərəri var.

Samirə SƏFƏROVA

Избранный
78
baki-xeber.com

1Источники