RU

Şəhid övladlarınınrəsmləri əsasında hazırlanan poçt markaları...

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, “Azərpoçt” MMC və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Zəfər – şəhid övladlarının gözü ilə” adlı poçt markalarının təqdimatı və möhürlənmə mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Mərasimdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov layihənin uşaqların yaradıcı baxışını Vətən sevgisi ilə birləşdirdiyini bildirib. “Bu markalar sadəcə maraqlı kolleksiya nümunəsi deyil, onlar torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəmanların xatirəsini yaşadan dərin mənalı əsərlərdir”, – deyə nazir müavini vurğulayıb.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova çıxışında layihənin mənəvi mahiyyətini diqqətə çatdırıb: “Bu uşaqların baxışında, rəsmlərində və xatirələrində böyük bir Vətən sevgisi var. Onların hisslərini markalarda əbədiləşdirməklə həm şəhidlərimizin xatirəsinə ehtiramımızı göstərir, həm də uşaqlarda güclü vətəndaşlıq ruhunu bir daha görürük”.

Tədbir iştirakçıları şəhid övladlarının çəkdikləri rəsmlərlə və həmin rəsmlər əsasında hazırlanan poçt markaları ilə tanış olublar.

Həmçinin mərasim çərçivəsində son illərdə Zəfər Gününə həsr olunmuş poçt markalarından və zərflərdən ibarət kiçik sərgi də nümayiş etdirilib.

Tədbir uşaqlara hədiyyələrin təqdim olunması ilə yekunlaşıb.

Qeyd edək ki, layihə şəhid övladlarının Vətənə bağlılığını, qürur və xatirə hisslərini incəsənət vasitəsilə ifadə etmək, onların duyğularını cəmiyyətə çatdırmaq və şəhid ailələrinə mənəvi dəstək göstərmək məqsədi daşıyır. Rəsmlər uşaqların baxışını təcəssüm etdirdiyi üçün marka kompozisiyası göz formasında tərtib edilib. Dizaynın müəllifi Orxan Qarayevdir. İki blokdan ibarət buraxılışın hər biri 3 min tirajla Belarusda çap olunub. Bu, “Azərpoçt” MMC və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin eyni məzmunlu ikinci layihəsidir.

Избранный
9
10
sia.az

10Источники