RU

Vətən müharibəsi iştirakçıları ilə görüş keçirildi - FOTOLAR

8 Noyabr – Zəfər Gününün 5 illiyi münasibətilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətində (SİMDNX) şəhid ailələrinin üzvləri, qazilər və Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil olunub.

SİMDNX-dən Bakıvaxtı.az-a verilən məlumata görə, tədbirdə Xidmətin rəhbər heyəti, şöbə və sektor müdirləri, həmçinin SİMDNX-də fəaliyyət göstərən Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin nümayəndələri iştirak ediblər.

Tədbir Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəis müavini Tural Abbasov çıxışında bildirib ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan tarixinin ən şanlı və qürurverici səhifələrindən biridir. O qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə olunan Qələbə Azərbaycan xalqının milli birliyinin, siyasi iradəsinin və ədalətin təntənəsidir:

“Beş il əvvəl xalqımız Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi. Bu Qələbə xalqımızın birliyinin, milli iradəsinin və ədalətin təntənəsi idi. Bu gün hər bir azərbaycanlı bu Zəfərlə qürur duyur.”

Tural Abbasov həmçinin vurğulayıb ki, əldə edilən Qələbənin əsasında dövlətimizin uzun illər ərzində həyata keçirdiyi məqsədyönlü ordu quruculuğu siyasəti, güclü iqtisadi potensial və xalqla dövlətin sarsılmaz birliyi dayanır.

O, şəhid ailələrinə və qazilərə göstərilən yüksək diqqət və qayğının Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən həyata keçirilən sosial siyasətin mühüm istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb:

“Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti olaraq biz də bu siyasətə sadiq qalırıq. Xidmətimizdə şəhid ailələrinin üzvlərinin və qazilərin işlə təmin olunması, onların bilik və təcrübələrindən faydalanması üçün bütün zəruri şərait yaradılıb. Onlar həm fədakarlıqları, həm də peşəkarlıqları ilə kollektivimiz üçün nümunədirlər.”

Görüş zamanı Vətən müharibəsi iştirakçıları və qazilər öz döyüş xatirələrini bölüşüb, 8 Noyabr Zəfərinin xalqımız üçün mənəvi əhəmiyyətindən danışıblar. Onlar şəhidlərin ruhuna ehtiramlarını ifadə edərək dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Tədbir şəhidlərin müqəddəs xatirəsinin bir daha dərin hörmət və minnətdarlıqla yad olunması və “Qarabağ Azərbaycandır!” şüarının səsləndirilməsi ilə yekunlaşıb.

Избранный
58
17
bakivaxti.az

10Источники