RU

Prezidentin bəyanatı Ermənistanda rezonans doğurdu – Paşinyan tarixi faktı etiraf etdi

Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyində səsləndirdiyi tarixi və geosiyasi məzmunlu fikirlər regionda, xüsusilə Ermənistanda ciddi rezonans doğurub. Azərbaycan liderinin çıxışında toxunduğu mövzular bir çox hallarda təkcə elmi və mədəni məqamlarla məhdudlaşmayıb, həm də Cənubi Qafqazın tarixi reallıqlarını gündəmə gətirib. Məhz bu səbəbdən Ermənistan cəmiyyətində, iqtidar və müxalifət dairələrində Prezidentin bəyanatları müxtəlif cür qarşılanıb — kimisi bunu həqiqət kimi qəbul edib, kimisi isə siyasi məqsədlərlə təhrif etməyə çalışıb.

Politoloq Əlimusa İbrahimov Editor.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley tədbirində səsləndirdiyi fikirlər Ermənistanda birmənalı qarşılanmayıb:

“Ermənistanda həm Baş nazir Nikol Paşinyan, həm də ona müxalif qüvvələr Azərbaycan Prezidentinin bəyanatını fərqli cür şərh ediblər. Müxalif qüvvələr bunu guya ərazi iddiası kimi təqdim etməyə çalışsalar da, əslində belə deyil. Maraqlıdır ki, Ermənistan daxilində Prezident İlham Əliyevin dediklərini qəbul edən siyasi və ictimai dairələr də var.

Paşinyan özü də bu məsələ ilə bağlı parlamentdə çıxış edərək bildirib ki, Azərbaycan Prezidentinin dedikləri tarixi faktlara əsaslanır. O qeyd edib ki, Çar Rusiyasının xəritələrində bu ərazilər “Sevan” deyil, “Göyçə” kimi göstərilib. Bu, həmin torpaqların tarixən Azərbaycana məxsus olduğunu sübut edən mühüm göstəricidir. Əlbəttə, Paşinyan açıq şəkildə “bu ərazilər Azərbaycana aiddir” deməyib, amma tarixi mənbələrin bunu təsdiqlədiyini etiraf edib”.

Politoloqun sözlərinə görə, Prezident İlham Əliyevin bəyanatı Ermənistanda həm qəbul edənlər, həm də etiraz edənlər arasında müzakirə doğurub:

“Əsas məsələ odur ki, artıq Ermənistanda bu həqiqətləri inkar etmək mümkün deyil. Paşinyanın opponenti olan müxalifət, xüsusilə Qarabağ klanının nümayəndələri bu bəyanatdan siyasi məqsədlərlə istifadə etməyə çalışacaqlar. Çünki Paşinyanın apardığı siyasətdən narazı olan qüvvələr bu kimi məqamlarda təzyiq vasitəsi axtarırlar”.

Əlimusa İbrahimov hesab edir ki, Prezident İlham Əliyevin çıxışları Ermənistan cəmiyyətini tarixi reallıqlara yenidən baxmağa vadar edir:

“Bu cür bəyanatlar erməni cəmiyyətində silkələnmə yaradır. Artıq yüz minlərlə insan tarixi xəritələrə baxaraq Sevan gölünün yerində əslində “Göyçə” adının yazıldığını görür. Zamanla bu, reallığın qəbuluna gətirib çıxaracaq. Amma bütün bu debatlara baxmayaraq, bu məsələ iki ölkə arasında münasibətlərin inkişafına mənfi təsir göstərməyəcək. Əksinə, Ermənistanın rifahı məhz Azərbaycanla normal münasibətlərdən keçir”.

//Gülnarə Abasova, Editor.az

Избранный
41
editor.az

1Источники