RU

Hökumət “Rus evi”ni bağlayır

Moldovanın yeni hökuməti Kişinyovda fəaliyyət göstərən Rusiya Elmi və Mədəniyyət Mərkəzinin (“Rus evi”) bağlanması barədə qərar qəbul edib.

Modern.az xəbər verir ki, bu qərar baş nazir Aleksandr Munteanu rəhbərliyində keçirilən yeni Nazirlər Kabinetinin ilk iclasında təsdiqlənib.

Moldova mətbuatının məlumatına görə, qərar layihəsini təqdim edən mədəniyyət naziri Kristian Jardyan bildirib ki, “Rus evi” 1998-ci il oktyabrın 30-da Moskva şəhərində imzalanmış Moldova-Rusiya sazişi əsasında açılmışdı. Həmin saziş hər iki ölkə ərazisində mədəniyyət mərkəzlərinin yaradılmasını, mədəni, humanitar və elmi əlaqələrin inkişafını nəzərdə tuturdu və 2001-ci il iyulun 4-də qüvvəyə minmişdi.

Nazirin sözlərinə görə, 24 fevral 2022-ci ildən sonra “Rus evi” Rusiyanın Moldovaya qarşı “hibrid müharibə alətinə” çevrilib. “Mövcud geosiyasi şəraitdə bu sazişin tətbiqi artıq mümkün deyil və Rusiya tərəfindən dezinformasiya yaymaq üçün istifadə oluna bilər”, - deyə Jardyan bildirib.

O qeyd edib ki, Moldovanın Rusiya ərazisində analoji mədəniyyət mərkəzi yoxdur. “Sazişdə ləğvetmə mexanizmi birbaşa göstərilməsə də, onun müddəti hər beş ildən bir avtomatik uzadılır. Əgər tərəflərdən biri qarşı tərəfi ən azı altı ay əvvəl xəbərdar edərsə, sənədin qüvvəsi dayandırıla bilər. Hazırkı müddət 4 iyul 2026-cı ildə başa çatır və biz onun uzadılmamasını təklif edirik”, - nazir əlavə edib.

Qərar hökumət üzvləri tərəfindən yekdilliklə qəbul olunub.

Kremlin mətbuat katibi Dmitri Peskov məsələ ilə bağlı açıqlamasında bildirib ki, Moskva “Rus evinin” bağlanmasına “təəssüflə yanaşır” və Moldovanın bu qərarının “ölkə vətəndaşlarının maraqlarını görməməzliyə vurduğunu” düşünür.

Избранный
9
2
modern.az

3Источники