RU

Ana dilinə münasibət sadəcə sevgi deyil, həm də dövlətçilik məsuliyyətidir ŞƏRH

Bakı, 5 noyabr, AZƏRTAC

Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində səsləndirdiyi fikirlər milli dil siyasətimizin strateji istiqamətlərini yenidən gündəmə gətirdi. Dövlət başçısının “Azərbaycan dilinin saflığının qorunması hər bir vətəndaşın işi olmalıdır” fikri yalnız dilçilərə deyil, bütövlükdə cəmiyyətin bütün təbəqələrinə ünvanlanan çağırışdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında filologiya üzrə elmlər doktoru, professor Fəridə Səfiyeva deyib.

Onun sözlərinə görə, Azərbaycan dili təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi yaddaşının, mədəni kimliyinin, mənəvi varlığının ifadəsidir: “Dövlətimizin başçısının qeyd etdiyi kimi, millətin milli mənsubiyyətinin əsas amili onun ana dilidir. Bu fikir müasir dövrdə dilin dövlətçilik konsepsiyasındakı yerini müəyyənləşdirən ən vacib tezislərdən biridir. Qloballaşmanın, informasiya axınının sürətlə artdığı bir zamanda dilimizin saflığını qorumaq həm milli təhlükəsizlik, həm də mənəvi suverenlik məsələsidir”.

F.Səfiyeva bildirib ki, son illər dil siyasətinin hüquqi və institusional əsaslarının gücləndirilməsi, terminoloji bazanın təkmilləşdirilməsi, Azərbaycan dilinin rəqəmsal mühitdə möhkəmlənməsi istiqamətlərində mühüm addımlar atılıb. Lakin Prezidentin də vurğuladığı kimi, bu proses yalnız dövlətin deyil, hər bir ziyalının, xüsusilə də elmi ictimaiyyətin fəal iştirakı ilə davam etməlidir. Azərbaycan dilinin leksik saflığı, orfoqrafik sabitliyi və üslubi zərifliyi dilin inkişafının deyil, onun təhrifdən qorunmasının göstəricisidir.

“Bu baxımdan dil siyasətinin başlıca vəzifəsi yalnız normativ nəzarət mexanizmlərini möhkəmləndirmək deyil, həm də ictimai şüurda “dil məsuliyyəti” anlayışını formalaşdırmaqdır. Dövlət başçısının “əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır?” sualı hər bir alim, müəllim, media nümayəndəsi və vətəndaş üçün düşünmək mövzusudur. Ana dilinə münasibət sadəcə sevgi deyil, həm də dövlətçilik məsuliyyətidir. Bu məsuliyyət milli kimliyimizi qoruyan, gələcək nəsillərə təmiz və zəngin dil mirası ötürməyin əsas şərtidir”, - deyə professor əlavə edib.

Избранный
26
1
azertag.az

2Источники