RU

“Zəfərdən ilhamlanan gəncliklə gələcəyə” adlı konfrans keçirilib

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 5 noyabr, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu Rayon Təşkilatı və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü münasibətilə “Zəfərdən ilhamlanan gəncliklə gələcəyə” adlı konfrans keçirilib.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək əziz xatirəsi dərin ehtiramla yad edilib.

Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə YAP Sabunçu Rayon Təşkilatının sədri Araz Xudadanov bildirib ki, Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu yalnız beynəlxalq hüquqi sənədlərlə deyil, həm də xalqımızın qəhrəmanlıq mübarizəsi ilə təmin olunub. Qeyd edib ki, 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən Müharibəsi Azərbaycanın müasir tarixində dönüş nöqtəsidir. Ali Baş Komandanımızın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırılıb və 8 Noyabr şanlı tariximizə Qələbə Günü kimi yazılıb. Zəfər Gününün mənəvi əhəmiyyəti yalnız torpaqlarımızın azad olunması ilə məhdudlaşmır. Bu Qələbə Azərbaycan xalqının milli həmrəyliyinin, vətənpərvərlik ruhunun və dövlətçiliyə sədaqətin təntənəsidir. O, həmçinin bildirib ki, qazanılmış Zəfər gələcək nəsillər üçün Vətənə xidmət nümunəsi kimi əbədiləşəcək.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışı zamanı bildirib ki, Azərbaycan gəncliyi müstəqillik dövründə böyüyən, Zəfərin övladları sayılan nəsildir. O qeyd edib ki, gənclər qalib xalqın davamçıları kimi gələcək fəaliyyətlərini bu gücün və məsuliyyətin üzərində qurmalıdırlar. 2020-ci il başlayan Vətən müharibəsinin Azərbaycan xalqının və dövlətinin birliyinin, liderlik və peşəkarlığın ən parlaq nümunəsinə çevrildiyini vurğulayan sədr Zəfərdən dərhal sonra sülh prosesinə başlanmasının xalqımızın düşüncəsinin və uzaqgörənliyinin göstəricisi olduğunu əlavə edib. O qeyd edib ki, Yeni Azərbaycan Partiyası bütün bu illər ərzində Ulu Öndər Heydər Əliyev ideyalarına əsaslanaraq ölkədə gedən ictimai-siyasi proseslərdə fəal iştirak edib və bu ideyaların həyata keçirilməsində aparıcı qüvvələrdən olub. Bahar Muradova vurğulayıb ki, Azərbaycanın inkişaf yolu davam edir və bu yol ata-babalarımızdan, bugünkü tərəfdaşlarımızdan, sabahkı gənclikdən keçərək gələcəyə uzanır və bu əlaqə heç vaxt qırılmayacaq, bu irs hər zaman möhkəm qalmalıdır. Hər bir kəsin Zəfərdən doğan qürur hissi ilə yanaşı, onun qorunmasına, gələcək nəsillərə ötürülməsinə və bu Zəfərdən doğan öhdəliklərin yerinə yetirilməsinə töhfə verməli olduğunu vurğulayan sədr gənclərə milli-mənəvi dəyərlərə sadiq qalmağı, öz sahələrində peşəkar mütəxəssislər olmağı, gələcək nəsillərə örnək olacaq sağlam ailələr qurmağı, milli ruhda övladlar böyütməyi tövsiyə edib.

Milli Məclisin deputatı Azər Allahverənov çıxışında bildirib ki, Azərbaycanın tarixi Zəfərindən sonra artıq beş ildir ki, bu günləri böyük qürur hissi ilə qeyd edirik. Azər Allahverənov, həmçinin vurğulayıb ki, bu Qələbə regionda yeni reallıqlar yaradıb və qarşımızda yeni çağırışlar formalaşıb. O qeyd edib ki, 44 gün davam edən müharibə nəticəsində Azərbaycan dünyaya öz hərbi, siyasi və diplomatik gücünü nümayiş etdirməklə yanaşı, yeni bir Azərbaycan modeli də təqdim olunub. Qeyd edilib ki, otuz ilə yaxın davam edən işğal dövrü Azərbaycan xalqının milli yaddaşında dərin izlər buraxsa da, bu müddət ərzində dövlətin məqsədyönlü və prinsipial siyasəti gələcək Qələbənin əsasını qoyub. O, çıxışının sonunda gənclərə bu tarixi Zəfəri daim yaşatmağı, şəhidlərimizin qəhrəmanlığını unutmamağı və Vətənə sədaqətlə xidmət etməyi tövsiyə edib.

“Yeni Azərbaycan Partiyası Gənclər Birliyi”nin sədr müavini Sevinc Qasımova qeyd edib ki, Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərib. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edilib, Müzəffər Ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni örnək olub. Zəfərin xalqımızın genetik kodunda yer alan qəhrəmanlıq və mübarizlik ruhunun təcəssümü olduğunu qeyd edən Sevinc Qasımova bildirib ki, biz öz tariximizin birbaşa yazıçılarıyıq və gənclərin əsas vəzifəsi bu ruhu qoruyaraq, beynəlxalq arenalarda Azərbaycanın səsini ucaldıb, həqiqətlərimizi dünyaya çatdırmaqdır.

Vətən müharibəsi iştirakçısı Vüqar Muradov vurğulayıb ki, bu Zəfər Azərbaycan xalqının tarixi nailiyyəti, əbədi fəxarətidir. Bu, böyük hərbi Zəfərin və müdrik diplomatiyanın nəticəsidir.

Sonda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş sərgiyə baxış keçirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
34
3
azertag.az

4Источники