RU

Yardımlıdakı məktəbin uçuq binası ilə bağlı AÇIQLAMA - “Təmir ediləcək”

Ötən günlərdə sosial şəbəkələrdə Yardımlı rayonu Məlikli kənd tam orta məktəbinin uçuq-sökük sinif otağı geniş müzakirələrə səbəb olub.
Maraqlıdır, sözügedən məktəbin təmiri üçün vəsait nəzərdə tutulubmu?Ümumiyyətlə, məktəbin təmirinə nə zaman başlanacaq?

Məsələ ilə bağlı AzEdu.az Təhsil Portalı Lənkəran-Astara Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq bildirilib ki, idarənin tabeliyində olan təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təmin olunması, yeni binaların tikilməsi və mövcud binaların təmir edilməsi idarənin əsas prioritetləri arasındadır:

"Bu il ərzində cari və əsaslı təmir işləri təhsil müəssisələrinin 69-da yekunlaşıb, 25-də davam edir, 3-də isə planlaşdırılır. Bununla yanaşı Astara rayonunun Sərək, Lerik rayonunun Cəngəmiran və Cəlilabad rayonunun Göytəpə şəhəri 2 nömrəli tam orta ümumtəhsil məktəblərinin yeni binaları tikilərək istismara verilib. Lənkəran şəhər 9 nömrəli və Viyən kənd, Astara rayonunun Şümrüd kənd məktəblərinin də istismara verilməsi planlaşdırılır.

Ünvanladığınız sorğu ilə bağlı bildiririk ki, 35 şagirdin təhsil aldığı Yardımlı rayonu Məlikli kənd ümumi orta ümumtəhsil məktəbinin binası əsas və yardımçı olmaqla iki korpusdan ibarətdir. 2006-cı ildə istifadəyə verilən əsas korpusda bu il cari təmir işləri aparılıb və təlim-tədris prosesi fasiləsiz olaraq davam edir. Qeyd edirik ki, təhsil müəssisəsinin sosial mediada şəkilləri yayılmış yardımçı korpusunun vəziyyətindən xəbərdarıq. Bu korpus binasının təmiri və maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı məsələ qeydiyyata götürülüb. Təhsil müəssisəsinin iş rejimi dəyişdirilərək, birnövbəli rejimdən ikinövbəli rejimə keçid edilib və bütün dərslərin cari ildə təmir edilmiş əsas korpusda tədris edilməsi təmin edilir",- deyə idarədən məlumat verilib.

Избранный
29
3
azedu.az

4Источники