RU

Türkiyəli jurnalist: Türk dünyasının media subyektləri arasında əlaqələr daha da genişlənəcək

Bakı, 4 noyabr, Nailə Həsənova, AZƏRTAC

Ərzurum ilə Şuşa qardaşlaşmış şəhərlərdir və biz bu istiqamətdə əlaqələrimizi genişləndirməyə çalışırıq. Bildiyiniz kimi, Şuşa 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib. Bu il Ərzurum turizm paytaxtı olaraq bu estafeti Şuşaya ötürəcək. Ümid edirəm ki, bu tarixi hadisə həm dövlət səviyyəsində, həm də millətlər arasında əlaqələrin yaxınlaşması fonunda media ilə münasibətlərə də müsbət təsir göstərəcək.

Bunu AZƏRTAC-a məxsusi açıqlamasında Bakıda səfərdə olan “İhlas” Xəbər Agentliyinin nümayəndəsi, Şərqi Anadolu Qəzetçilər Cəmiyyətinin rəhbəri Ayhan Türkez bildirib.

8 Noyabr - Zəfər Gününün 5-ci ildönümü münasibətilə türk jurnalistlərin Azərbaycana səfəri çərçivəsində 3 gündür Qarabağ bölgəsində və Bakıda bir sıra görüşlər keçirdiyini qeyd edən türkiyəli jurnalist deyib ki, Şuşanın turizm paytaxtı olması Türk dünyasının media subyektləri arasında münasibətlərin daha da inkişafına rəvac verə bilər: “Biz bu qardaşlığı daha da dərinləşdirmək üçün Şuşada, Qarabağda və Bakıda bir prosesə başlamaq istəyirik. Çünki dövlətlərarası münasibətlərdə, siyasətdə medianın böyük rolu var. Medianın doğru yönəldilməsi bütün ölkələr üçün önəmlidir. Ümid edirəm ki, bu baxımdan 2026-cı il Şuşanın İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı olması Türk dünyasının media subyektləri üçün işbirliyi baxımından önəmli olacaq”.

Qarabağa səfər çərçivəsində Xocalı qurbanlarının dəfn olunduqları qəbiristanlığı da ziyarət etdiyini deyən A.Türkez bildirib: “Xocalı qətliamının yaşandığı yeri, daha sonra Şuşanı, Xankəndini ziyarət etdik. Çox dəyərli təcrübə oldu. Mən ilk dəfə bu torpaqlardayam. Xocalı qətliamını bilirik. Biz oxşar taleni yaşayan eyni coğrafiyadakı insanlarıq. Ermənilərin əli ilə Ərzurum, Ərzincan, Qars və Vanda da qətliamlar törədilib. Xocalıda bu qətliamların ən dəhşətlisi törədilib”.

 

Избранный
45
1
azertag.az

2Источники