RU

Dövlət başçısı AMEA-da daxilə hansı mesajları verdi -“Cənab İlham Əliyevin bu yöndə həssaslığı göz önündədir”

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda tarixi çıxış etdi. Dövlət Başçısı hər kəsi maraqlandıran bütün sahələrə toxundu, yaranan suallara aydınlıq gətirdi.

Ölkə başçısı Ulu Öndər Heydər Əliyevin Azərbaycan elminə, onun inkişafına, elm adamlarına diqqət və qayğısı, bu sahədə gördüyü işlərdən geniş söhbət açdı. Eyni zamanda, Azərbaycan elminin inkişafına və ona ayrılan vəsaitin iki dəfə çox olmasına da toxundu. İ.Əliyev 10 il əvvəl, yəni AMEA-nın 70 illik yubileyində etdiyi çıxışı xüsusi vurğulayıb, həmin müddətdən indiyə qədər keçən zaman görülən işləri xatırladıb. Ölkə alimlərinin üzərinə düşən işləri Cənab Prezident xüsusi qabardıb.

İ.Əliyev texnoloji inkişaf və süni intellektdən də danışıb. Dövlət başçısı qeyd edib ki, süni intelekt ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir. Azəraycan Prezidentinin qabartdığı məsələlər sırasında rəqəmsallaşma, kibertəhlükəsizlik, iqtisadiyyatın, sənayenin, o cümlədən hərbi sənayenin inkişafı, bərpa olunan enerji, Azərbaycan tarixinin tədqiqi və təbliği, ermənilərin saxtalaşdırmalarına qarşı mübarizə, Qərbi Azərbaycanda toponimlərimiz, onların saxtalaşdırma və erməniləşdirilməsi problemi xüsusi yer tutub.

İ.Əliyev Azərbaycan dilinin saflığının qorunması, digər ölkələrdə yaşayan azərbaycanlıların ədəbi dilimizi itirməsi təhlükəsi kimi çox vacib məsələdən də danışıb.

Sitat: “Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər. Yenə də deyirəm, 10 il bundan əvvəl mən bu məsələni qaldırmışdım. Çünki bu, məni narahat edirdi. On il ərzində lazımi tədbirlər görüldü ki, biz dilimizi kənar kəlmələrdən qoruya bilək. Amma yenə də oradan-buradan eşidirəm, - həm televiziyalarda, həm yazılı mediada, həm bəzi insanların çıxışlarında, - buna heç bir gərək yoxdur. Yəni, biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər. Əminəm ki, mənim sözlərim hər kəsə çatacaq və özüm də daim bu məsələ ilə bağlı məşğul olacağam, izləyəcəyəm, lazımi tədbirlər görəcəyəm. Azərbaycan alimlərindən də bax, bu məsələyə də öz münasibətini və dəstəyini göstərmək çağırışını edirəm”.

Göründüyü kimi, İ.Əliyev ölkəsinin hər bir vətəndaşını çox yaxından maraqlandıran məsələlərə toxundu.

Siyasi təhlilçi Sona Əliyeva: “XX əsrin 70-ci illərindən başlayaraq quruculuq missiyasını cəsarətlə həyata keçirən dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin elm və təhsil sahəsində apardığı nəhəng islahatlar uğurlarımız üçün geniş zəmin və şərait yaratmışdı. Azərbaycanın inkişafı tarixində əldə olunan nailiyyətlər, təhsil sahəsində aparılan islahatlar Heydər Əliyevin böyük və əvəzsiz xidmətlərinin nəticəsidir. Müasir Azərbaycanın elm və təhsilinin yorulmaz fədaisi, təəssübkeşi və himayədarı olan Heydər Əliyev 1969-cu ildən milli mənafelərə xidmət göstərmək məqsədilə mövcud rejimin sərt qanunları çərçivəsində Azərbaycanın intibahı və tərəqqisi, elm və təhsil, iqtisadiyyatın yüksəldilməsi yolunda düşünülmüş siyasət yeritdi. Elm və təhsilin inkişafına diqqət və qayğı artırıldı. O, hakimiyyətə gələn kimi ilk növbədə təhsil məsələləri ilə məşğul olmağa başladı. Əvvəllər də dövlət işlərində çalışmış Heydər Əliyevi Azərbaycanda təhsilin, xüsusilə ali təhsilin vəziyyəti daim maraqlandırmış və bu barədə xeyli məlumata malik idi. Ona görə də təhsilin nailiyyətləri, qüsurları, nöqsanlarını da bilir, təhsil məsələlərinə ciddi fikir verirdi. Təhsildə islahatlar dönüş xarakteri aldı, yeni təhsil ocaqlarına tələbələrin göndərilməsi böyük miqyas aldı. 1969-cu ildə 50, 1969-1975-ci illərdə 600, 1977-1978-ci illərdə 800-900 nəfər, ümumi olaraq 1969-1982-ci illərdə 15 mindən çox azərbaycanlı tələbə keçmiş SSRİ-nin qabaqcıl ali təhsil məktəblərinə təhsil almağa göndərilmişdi.

Qısa müddətdə Azərbaycanın yeni tipli milli kadr bazası yaradıldı, xeyli elmi məktəblərin əsası qoyuldu.1970-ci illərin ortalarında düşünülmüş kadr siyasəti nəticəsində erməni kadrlarının vəzifədən götürülməsi o zaman nə qədər həyəcan va qalmaqal doğursa da, görülən tədbirlər ən yüksək səviyyədə respublika başçısı Heydər Əliyev tərəfindən himayə olunurdu. Mərkəzdə də aydın başa düşürdülər ki, ölkə rəhbəri yerlərdə aparılan kadrların milliləşdirilməsi siyasətini və dəyişikliklərini daim müdafiə edir.1970-1980-ci illərdə Azərbaycanda 300 mindən çox şagird yeri olan 849 ümumtəhsil məktəbi tikilib istifadayə verildi. Tədricən 8 illik təhsildən 10 illik təhsilə keçid üçün zəmin yaradıldı.

1972-ci il avqustun 10-da “Ümumi icbari təhsilə keçidin başa çatdırılması haqqında” xüsusi qərar qəbul edildi. Qərara əsasən orta məktəblər şəbəkəsinin genişləndirilməsi, yüksək ixtisaslı müəllimlərin sayının artırılması, təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi və s. məsələlərin həlli öz əksini tapdı. Gənclərin orta təhsillə tam əhatə olunması, məktəblərin şəbəkəsinin genişləndirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, məktəb binalarının tikintisi və təmiri məsələlərinə ciddi nəzarət edildi, məktəb binalarının digər müəxəssis və idarələrə verilməsi qadağan edildi. Nəticədə orta təhsil alan uşaqların sayı 1980-ci ildə 710 minə qədər artdı.

Azərbaycan təhsili və elminə böyük hörmətlə yanaşan H.Əliyev 1993-cü il sentyabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərləri, alimlər, ziyalılarla görüş keçirdi. H.Əliyev görüş zamanı demişdi: “Elmlər Akademiyası Azərbaycan xalqının tarixi nailiyyətidir. 1945-ci ildə bu akademiyanı yaradan alimlər çox böyük şücaət göstərmişlər. Ötən dövrdə bu akademiyanın çərçivəsində Azərbaycan elmi çox inkişaf etmişdir… Əmin ola bilərsiniz ki, AMEA da, institutlar da fəaliyyət göstərəcəklər və biz buna imkan yaradacağıq. Azərbaycanın elmi inkişaf etməlidir. Universitetlər, ali məktəblər də inkişaf etməlidir… Biz isə bu sahəyə hər cür kömək göstərəcəyik və mədəniyyətimiz, elmimiz, təhsilimiz, o cümlədən ali təhsilimiz, sosial sahənin bütün başqa istiqamətləri də inkişaf edəcəkdir…”.

H.Əliyevin 30 mart 1998-ci il tarixli “Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət komissiyası haqqında” sərəncamı ilə müstəqil Azərbaycanın təhsil sistemində beynəlxalq standartlara uyğun islahatların aparılması, təhsilin inkişafı və onun maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Ümumdünya Bankının vəsait qoyuluşunu təmin etmək, təhsil sahəsində islahat proqramını hazırlamaq barədə dövlət komissiyası yaradıldı. Bununla da islahat sahəsində yeni tarixi mərhələnin əsası qoyuldu. Dövlət komissiyası tərəfindən qısa müddətdə hazırlanmış “Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı” geniş müzakirələrdən sonra H.Əliyev tərəfindən 1999-cu il iyunun 15-də tarixi bir gündə Milli Qurtuluş günündə xüsusi sərəncamla təsdiqləndi.

2002-2003-cü dərs ilinin ilk günündə Heydər Əliyev öz çıxışında “Mən bu gün bəyan edirəm ki, yaxın zamanlarda Azərbaycanda məktəb tikintisi, məktəblərin müasir avadanlıqlarla təmin olunması, təmir edilməsi ilə əlaqədar ciddi tədbirlər haqqında öz təkliflərimi irəli sürəyəcəm”-deməsi ölkə rəhbərinin problemə nə qədər böyük diqqət yetirməsinin əyani təzahürü idi. 1993-2002-ci illər ərzində Azərbaycanda 137 yeni məktəb binası tikilmişdir. Bunlardan 47-si Naxçıvan MR-in payına düşür. 1999-2002-ci illərdə xarici təşkilatlar tərəfindən respublikamızın on rayonunda 8936 yerlik 28 məktəb binası tikilmiş, 15 rayonda 29045 yerlik 70 məktəb binası təmir edilmişdi.

Heydər Əliyev ideoloji irsinin gənc nəslə davamlı olaraq çatdırılması ilə yanaşı ölkə təhsil sisteminin inkişaf etmiş ölkələrin təhsil sisteminə inteqrasiyası, tələbəyönümlü təhsilin inkişafı, tədqiqat potensialının güçləndirilməsi, elm və təhsilimizin inkişafında aparılacaq davamlı islahatlar respublikamızın təhsil ictimaiyyəti qarşısında mühüm vəzifələr qoyur”.

Siyasi təhlilçi Dövlət Başçısının bu məsələyə göstərdiyi həssas münasibətdən də söz açdı: “Ana dilinin saflığının qorunması istiqamətində hazırda Azərbaycan dövlətinin, aidiyyatı qurumların silsilə xarakterli layihələri həyata keçirilir. Ölkə başçısı, cənab İlham Əliyevin də bu yöndə həssaslığı göz önündədir. Ölkə başçısı dəfələrlə bildirib ki, əsrlər boyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir, Azərbaycan dilidir. Azərbaycan dilinin qorunması hamımızın vəzifəsidir. Zəngin tarixi, milli varlığımızın rəmzi olan Azərbaycan dili şərəfli inkişaf yolu keçərək dünya dilləri sırasına nüfuz etmişdir. Yuxarıda qeyd etdiyimiz tarixi sənədlərdən də aydın görünür ki, ana dilimizin inkişafı, qorunub saxlanması, saflığı, zənginləşməsi istiqamətində çox mühüm tədbirlər həyata keçirilir.

Uzun illər ərzində Azərbaycan müstəqillikdən məhrum idi, xalqımız başqa dövlətlərin tərkibində yaşayırdı. Buna baxmayaraq xalqımızın iradəsi, milli köklərə bağlılığı imkan vermədi ki, xalqımız assimilyasiyaya uğrasın. Bizim mədəniyyətimiz milli mənsubiyyətimizi qorumaq üçün başlıca rol oynayıb. Əsrlər boyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir, Azərbaycan dilidir. Azərbaycan dilinin qorunması hamımızın vəzifəsidir. Ölkə rəhbəri dəfələrlə vurğulayıb ki, son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilimizin saflığını pozur. Bizim dilimiz çox zəngindir: "Hesab edirəm ki, Mədəniyyət Nazirliyi digər aidiyyəti qurumlarla birlikdə, Təhsil Nazirliyi ilə, Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan dilinin qorunması üçün çox ciddi işlər aparmalıdır". Ümid edirəm ki, aidiyyatı qurumlar ölkə başçısının dilimizin saflığının qorunması ilə bağlı tövsiyələrini diqqətdə saxlayacaq və bu yöndə önəmli addımlar atılacaq”.

Cavanşir ABBASLI,
Musavat.com

Избранный
16
musavat.com

1Источники