"Müstəqilliyimiz əldə ediləndən sonra Almaniyanın o zamankı xarici işlər naziri Klaus Kinkel 7-8 dəfə mənə zəng edib nə lazım olduğunu soruşmuşdu ki, Avropada onu həyata keçirsinlər. Türkiyənin xarici işlər naziri Hikmət Çətin isə az qala hər gün zəng edirdi".
Moderator.az xəbər verir ki, bunu İTV-nin efirində yayımlanan "Təmas xətti" verilişində Azərbaycanın ilk xarici işlər naziri Hüseynağa Sadıqov deyib.
O, 1992-ci ilin mart ayında Azərbaycanın BMT-yə üzv olmasından danışıb:
"1992-ci il fevralın 25-26-da Rusiyanın xarici işlər naziri təklif etdi ki, mən və Ermənistanın xarici işlər naziri Moskvaya gələk və orada atəşkəs müqaviləsi imzalayaq. Lakin mən iki nəfər işçimlə Nyu-Yorka yola düşdük ki, bizi BMT-yə üzv kimi qəbul edirlər. Moskvada hava limanında mənə xəbər gəldi ki, Xocalı faciəsi baş verib. Zəng elədim Prezident Aparatına, Nazirlər Kabinetinə, Xarici İşlər Nazirliyinə - lakin heç kəsdə dəqiq məlumat yox idi. Onda xəbər yaymışdılar ki, Xocalıda iki nəfər həlak olub. Moskvada hava limanında qonaq otağında oturmuşam, telefonla işləyirəm. Sonra mən nə baş verməsi ilə bağlı dəqiq məlumatlar aldım. Əvvəlcə düşündüm ki, mənim xarici işlər naziri olduğum ölkədə belə bir fəlakət baş verib, mənim Nyu-Yorkda nə işim var? Lakin qəfildən ayıldım ki, biz informasiya blokadasındayıq, bizə Nyu-Yorkda imkan olacaq ki, dünyanın çoxsaylı ölkələri ilə əlaqədə olaq və ən əsası kömək, dəstək istəyək ki, bir də belə bir şey olmasın. Təyyarədə düşündüm ki, mən rus dilində çıxış etməməliyəm. Çünki bu faciəni 366-cı alay törədib, arxalarınca isə ermənilər gəliblər. Mən üsyan əlaməti olaraq qərara aldım ki, Azərbaycan dilində danışmalıyam. Çıxışımın səhəri günü aparıcı qəzetlərdə Xocalı faciəsi haqqında məlumat verilmişdi".
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: