RU

Adəm İsmayıl Bakuvi: “Ali Baş Komandanın qətiyyətli iradəsi Ermənistanın illərlə qurduğu mifləri yerlə-yeksan etdi”



“Azərbaycan xalqı özünün sülhpərvər və təmkinli olduğunu torpaqlarının 30 ilə yaxın bir dövr ərzində işğal altında olarkən beynəlxalq hüquqa sadiq qalmaqla bütün dünyaya nümayiş etdirdi. Lakin həmin illər ərzində vasitəçi qismində çıxış edən beynəlxalq təşkilatlar və təsisatların əksəriyyəti qərəzli mövqe sərgiləyərək münaqişənin ədalətli həllinə real töhfə vermədilər. Onlar daim bəyan edirdilər ki, “Dağlıq Qarabağ” problemi hərbi yolla həll oluna bilməz. Halbuki Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev dəfələrlə açıq şəkildə bildirmişdi ki, əgər məsələ sülh yolu ilə həll edilməsə, Azərbaycan öz ərazi bütövlüyünü hərbi yolla bərpa edəcək. Əslində, ədalətin bərpası üçün yeganə yol Ermənistanı işğal etdiyi torpaqlardan çıxmağa məcbur etmək idi. Lakin beynəlxalq dairələrin ikili standartlı yanaşması nəticəsində proses uzadıldı. Nəhayət, Ermənistanın növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatına başladı və 44 gün davam edən Vətən müharibəsində tarixi Qələbə qazandı. Ermənilərin onilliklər boyu qurduqları və hərbi istehkamlarla möhkəmləndirdikləri müdafiə xətləri cəmi bir ay yarım ərzində yarıldı. Qısa müddətdə əldə olunan bu möhtəşəm Qələbə cənab Prezident İlham Əliyevin sarsılmaz iradəsini, xalqımızın birliyini və dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Savaş meydanında əldə edilən üstünlük siyasi müstəvidə də təsdiqini tapdı və nəticədə tarixi ədalət bərpa olundu. Bu gün artıq qalib Azərbaycanın, azad edilmiş torpaqların reallığı mövcuddur, illər öncə “Dağlıq Qarabağ” adında süni şəkildə yaradılmış münaqişə isə tarixə qovuşub.”

Bu barədə aia.az-a verdiyi açıqlamasında ictimai-siyasi xadim, Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi danışıb.

Partiya sədri daha sonra 2003–2020-ci illər ərzində ölkəmizin Vətən müharibəsinə hazır olması istiqamətində görülən məqsədyönlü işlərə diqqət çəkərək deyib: “Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev daim bəyan edirdi ki, Azərbaycan güclü orduya malikdir və bu ordu torpaqlarımızı azad etməyə hər an hazırdır. Bu inam təsadüfi deyildi, çünki illər ərzində həyata keçirilən düşünülmüş siyasət, iqtisadi və hərbi islahatlar bu günkü Qələbəmizin əsasını qoymuşdu. 2003-cü ildən Vətən müharibəsinə qədər olan dövr Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməyə yönəlmiş hazırlıq mərhələsi idi. Ölkə rəhbəri iqtisadi müstəqilliyin gücləndirilməsi, sosial rifahın yüksəldilməsi və ordunun modernləşdirilməsi istiqamətində ardıcıl addımlar atdı. Bu siyasətin nəticəsində Azərbaycan regionun ən güclü dövlətlərindən birinə çevrildi. Ermənistan isə zəif iqtisadiyyatı və xarici asılılığı ucbatından Azərbaycanın qarşısında tab gətirə bilmədi. Onun üçün ən doğru yol işğal etdiyi torpaqlardan sülh yolu ilə çıxmaq idi. Lakin revanşist düşüncə və xarici himayədarlara arxalanmaq Ermənistanı tam məğlubiyyətə apardı. Xüsusilə Şuşanın azad olunması müharibənin taleyini həll edən əsas mərhələ oldu. Bu Qələbədən dərhal sonra ordumuz daha 70-dən çox yaşayış məntəqəsini və strateji yüksəklikləri azad etdi. Ermənistan isə müqavimət göstərə bilməyərək təslim oldu və 10 noyabr Bəyanatı ilə Ağdam, Kəlbəcər və Laçın rayonları artıq qan tökülmədən Azərbaycana qaytarıldı.”

Sonda müsahibimiz qeyd edib ki, Vətən müharibəsində əldə olunan Qələbəni şərtləndirən ən mühüm səbəblərindən biri məhz xalqın birliyi olub: “Azərbaycanın Qələbəsini şərtləndirən ən mühüm amil xalq-iqtidar birliyi, milli həmrəylik və cənab Prezident İlham Əliyevə olan sonsuz etimad idi. Müharibənin ilk günlərində 50 siyasi partiyanın Ali Baş Komandanın ətrafında birləşərək birgə dəstək bəyanatı imzalaması bu birliyin bariz göstəricisi idi. Siyasi sabitlik, etimad mühiti və qarşılıqlı əməkdaşlıq Vətən müharibəsi dövründə milli həmrəyliyin ən yüksək təzahürünə çevrildi. Məhz bu güclü birliyin, Prezidentin qətiyyətli liderliyinin və xalqın sarsılmaz iradəsinin nəticəsində formalaşan “Dəmir yumruq” erməni faşizmini məhv etdi, illərlə yaradılmış bütün mifləri dağıtdı” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.



Избранный
37
aia.az

1Источники