ain.az, Kulis.az saytına istinadən bildirir.
Kulis.az Günel Novruzun yeni yazısını təqdim edir.
Bu yaxınlarda maraqlı bir məlumat oxudum: Niderlandın Utrext Universitetinin alimləri maraqlı bir nəticəyə gəliblər: şimpanzelər yeni sübutlarla qarşılaşdıqda fikirlərini dəyişdirə bilirlər.
Yəni, səhv etdiklərini anlayır, yeni məlumat əsasında qərarlarını yenidən formalaşdırırlar. Bu, rasionallığın, yəni məntiqli düşünmənin ən sadə tərifidir.Ağlıma gələn ilk sual bu oldu ki, əgər meymun belə bunu bacarırsa, bəs niyə biz, “yaradılışın əşrəfi” sayılan insanlar fikir dəyişdirmirik, zehnin sərt qəliblərindən çıxa bilmirik? İnsan zehni qəribə mexanizmdir: bir dəfə bir fikrə inananda, o fikir artıq bir inanca çevrilir. Biz onu müdafiə etməyə başlayırıq, hətta dəlillər əleyhimizə olsa belə.
Çünki səhv etdiyimizi qəbul etmək, içimizdəki “yanılmaz mən” obrazını sarsıdır.Sosial şəbəkələrdə hər gün bunun minlərlə nümunəsini görürük. Kimisə yanlış məlumatla üzləşdirirsən, amma o, “bəlkə səhv etmişəm” demək əvəzinə, daha çox arqument axtarır, daha çox link paylaşır, daha yüksək səslə qışqırır.
Müdafiə etdiyi də həqiqət- filan deyil, öz zavallı eqosudur. Elm sübut etdi ki, şimpanzelər daha güclü sübutla qarşılaşanda əvvəlki inanclarını dəyişdirirlər. Biz isə çox vaxt faktları öz fikrimizə uyğunlaşdırırıq, yəni həqiqəti büküb şəxsiyyətimizin formasına salmağa hazırıq, təki komfort zonamızdan bircə addım da uzaqlaşmayaq. Bunun altında yatan bir səbəb də dəyişiklik və yenilik qorxusudur. Fikir dəyişmək insan üçün zəiflik əlamətidir. “Sən dünən başqa cür deyirdin!” ifadəsi sanki bir ittiham kimi səslənir. Amma axı düşünmək elə bu deməkdir – “böyüdükcə”, oxuduqca, öyrəndikcə fikrini yeniləmək və bütövlükdə yenilənmək.Bundan ötrü təzədən hansısa teorem isbat etməyə də gərək yoxdur, bir az təbiilik, bir az həyatın axışına , bir az da özünə güvənmək yetərlidir. Məsələn, şimpanze bunu təbii şəkildə edir: buna görə eqo savaşı da yoxdur, banan davası da, çox sadə - dəlil dəyişibsə, qərar da dəyişməlidir.Bu bioloji məntiqlə, deməli, Darvinin əcdadı bizdən çox daha “ağlabatan” davranır. Biz isə bəzən ideyalarımızı dinə çeviririk, dəyişməz “doğrular” düzəldirik və onlara sitayiş edirik.
Sonra da hünərin var – bu dini, mental, sosial fikirlərinin dəyişməyənlərə kənarda da başqa bir doğrunun ola biləcəyi ehtimalını söylə. Biri cəhənnəmi, biri “camaat nə deyər”, “mənim inandığım düzgündür, sən kafirsən”, “bizim vaxtımızda...” "silah"larını əllərinə alıb başlayacaqlar səni qovalamağa... Tutdularsa, vay halına...Bəli, fikir dəyişmək də mədəniyyətdir və biz hələ bunu öyrənə bilməmişik.Fikir dəyişmək xəyanət deyil, bu, intellektual elastikliyin göstəricisidir. Yeni sübutu qəbul etmək cəsarət, mənəvi güc tələb edir, “haqlıyam” demək asandır, amma “bəlkə yanılıram” demək üçün eqonu bir kənara qoymaq lazımdır.Təəssüf ki, bəziləri üçün fikirlər və inanclar beton kimidir, bir dəfə şüuraltlarının təməlinə tökülüb və onun üstündə ömür binalarını inşa edirlər. Halbuki dünya dəyişir, bilik genişlənir, elm dərinləşir. Əgər şimpanzelər belə dəyişməyi bacarırsa, biz hansı mənəvi təkamül mərhələsində ilişib qalmışıq, görəsən? Zehni çeviklik insanı insan edən əsas xüsusiyyətlərdən biridir. Amma biz bəzən “haqlılıq illüziyası” uğrunda onu qurban veririk. Öz fikirlərimizin əsirinə çevrilirik və azad olduğumuzu zənn edirik. Biz isə fakt qarşısında əsəbləşirik, dil-dodağımızı gəmiririk, zəncir çeynəyirik. Fikir dəyişdirmək insanı kiçiltmir, zehnin sərhədlərini genişləndirir, mənəvi olaraq böyüdür. Gülməli və paradoksal olan odur ki, fakt qarşısında fikrini dəyişən, həqiqətə başqa rakursdan yanaşa bilən, zehni baxımdan daha elastik davrana bilən şimpanzeləri alçaldıcı şəkildə “meymun” adlandırırıq.
Halbuki özünü təkamülün yuxarı pilləsində sayan və inadla köhnə fikir kəndirlərindən möhkəm yapışıb əlləri qan içində olsa belə, buraxmaq istəməyənlərin bəlkə də hərdən bir azca şimpanze kimi “düşünməsi” onları daha çox insan edə bilər. Bir atalar sözündə olduğu kimi - meymunun dili olsa, deyər ki, meymun özünsən...
Həqiqi vətənpərvərlər heç nədən çəkinməməlidirlər... - "Füyuzat" jurnalı nəyi təbliğ edirdi?
Elnarə Akimova: “Ədəbiyyatda öz hekayəmi yazmağı bacarmışam...” - Müsahibə
Billi Aylişə konsertdə hücum edildi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.