RU

Xankəndidən  ZƏFƏR  reportajı - FOTOLAR

Azərbaycanımızın hər qarışı bizə əziz və doğmadır. Eşitdiyimiz laylalar, “Ana” dediyimiz dilimiz, bənzərsiz musiqimiz, təbiətin özü olan sərin bulaqlarımız, göylərə salam verən Əlincə dağı, igidlər oylağı Murovumuz, qəhrəman Şuşanı, Laçını, Xocavəndini  göylərdə saxlayan Qarabağ silsilə dağları Vətəndir. Vətəndir, sinəsində  ZƏFƏR Bayrağımızı dalğalandıran hər qarış torpaq!

 Vətəndən- Vətənə gedirəm…

30 il qapısını aça, işığını yandıra bilmədiyim, daşının, qayasının, dumanının, cəninin, bulağının   intizarında olduğum  ata yurduna, Xan babamızın kəndinə- Xankəndiyədir yolumuz …

Bu fikirlər  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən   “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək ictimai birliyinin sədri kimi QHT-lərin Xankəndi şəhərində keçiriləcək Əməkdaşlıq Forumunda   iştirak etmək barədə dəvət alarkən keçirdiyim duyğulu analarımın sözlə ifadəsidir.

Səhər saatlarında ölkə paytaxtından dörd müasir avtobus   vətəndaş cəmiyyətinin təmsilçilərini   bu qədim Azərbaycan şəhərinə ”Konstitusiya və suverenlik ili” çərçivəsində çox əhəmiyyətli bir tədbirə aparır. Yol boyu düşmən işğalından azad edilmış ərazilərdən keçirik. Dağılmış, məhv edilmiş yaşayış məskənləri, tarixi –mədəni abidələrin qalıqları və onların fonunda Azərbaycan dövlətinin öz gücü ilə yaratdığı müasir infrastruktur, ağıllı kəndlər, yurdlarına dönmüş insanların yaşadığı qəsəbələrdə  qaynayan həyat göz önündədir.

Silahlı Qüvvələrimizin  şücaəti, şəhidlərimizin qanı, xalqımızın birliyi və Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatı nəticəsində   cəmi 44 günə Azərbaycan Ordusu 5 şəhəri, 4 qəsəbəni və 286 kəndi düşməndən azad etməyi bacarır.
  Ağdam, Kəlbəcər və Laçın rayonları döyüşsüz qaytarılır.
 Lokal antiterror  tədbirləri ilə Xankəndi, Xocalı, Xocavənd və Əsgəranda da Azərbaycan konstitusiyası bərqərar olur.

 Səfər proqramına daxil olan ilk tədbir Xocalı rayonunda icra olunur. Ballıca kəndi ərazisində  yerli şəraitə uyğun  ağaclar əkilir. Aksiya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, suverenliyinin, Konstitusiya quruluşunun qorunması naminə həyatlarını itirən şəhidlərin əziz xatirəsinə ithaf edilir. Bu mövzuda ilk müsahibəni Şirvan regional QHT Resurs və Təlim Mərkəzinin direktoru  Əli Mirzəyevdən alıram. O deyir ki, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan xalqı öz Prezidenti ətrafında sıx birləşərək  düşməni  layiqincə cavab verib və  BMT-nin məlum 4 qətnamələrini biz özümüz icra etmişik. Müstəqilliyimizin bərpası və konstitusiyamızın bərqərar olması yolunda şəhidlər də verdik. Onlar  hər zaman anılacaqdır.
   ... Xangəndinə çatırıq. Şəhər  qonaqlarını özünün  təmiz havası, insanları isə  üzlərində səmimilik və nikbinlik ifadələri ilə  qarşılayırlar. Şəhər mərkəzində   müstəqil və suveren Azərbaycanın dövlət bayrağı dalğalanır. 

Prezident İlham Əliyev Xankəndidə Azərbaycan bayrağını   15 oktyabr 2023-cü il tarixində qaldırıb. Televiziya ekranlarından izlədiyim o tarixi çıxışı  xatırlayıram. Prezidentim deyir: “Bu gün Azərbaycan xalqının tarixində əbədi qalacaq gündür. Xankəndidə, Qarabağın ürəyində, Azərbaycan bayrağı qaldırılır... Əziz həmvətənlər, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

  Bu gün doğma Prezidentimin Azərbaycan Bayrağını qaldırdığı meydanda dayanmaq necə də qürurvericidir.  Qarşıda isə Xankəndi Konqres Mərkəzidir. Müasir Azərbaycanın inkişafının simvolu. Bütün rəsmi  tədbirlər bu ünvanda keçirilir. QHT-lərin növbəti əməkdaşlıq forumu da sabah burada öz işinə başlayacaqdır.

Şəhər mərkəzindəki  müasir “Bulud “otelində yerləşirik.  Nahar fasiləsindən sonra şəhər gəzintisində oluruq, quruculuq,  abadlıq və  yenidənqurma işləri  bizi valeh edir. “Qarabağ” futbol klubunun  yenilənən stadionu,  park və meydanlar, xüsusən,  “Qarabağ” Universiteti ilə tanışlıq hər birimizdə  qürur  verir və Azərbaycanda hüquqi birliyin və suverenliyin təntənəsi kimi  duyğular yaşadır.   Axşam isə  Xankəndidə   Qarabağ səmasında ilk dəfə teleskopla    kosmosu müşahidə edirik.

Xankəndi Konqres Mərkəzində

   Xankəndi Konqres Mərkəzində “Konstitusiya və Suverenlik ili” nə həsr edilmiş Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunu öz işinə başlayır.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, suverenliyinin, Konstitusiya quruluşunun qorunması naminə həyatlarını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilir, Dövlət Himni səsləndirilir. Xalq artisti Fəxrəddin Manafovun ifasında “Şəhidə məktub” video çarxı nümayiş olunur.

Rəsmi açılış mərasimində Ümummilli Lider Heydər Əliyevin Konstitusiya quruculuğuna dair fikirlərindən ibarət xüsusi video çarx da təqdim edilir.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirir ki, 2023-cü ildən başlayaraq, hər il Azərbaycan QHT-lərinin illik toplantısı keçirilir, ötən dövrün, cari vəziyyətin və gözləntilərin dəyərləndirilməsi üçün bu platforma mühüm əhəmiyyət kəsb edir. İcraçı direktor QHT-ləri prosesə yaxından cəlb etməklə, 19 dövlət proqramı üzrə 67 tapşırığın icrasını Agentliyin 97% göstərici ilə tamamladığını, bu nəticənin qurumun tarixində ilk dəfə əldə olunduğunu bildirir.

 Form iştirakçıları Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovun  çıxışını da xüsusi maraqla izləyirlər. Natiq qeyd edir ki, hazırda Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarının ərazisində 22 mindən çox şəxs məskunlaşıb.  Əminəm ki, bu cür görüşlər dövlət orqanları ilə vətəndaş cəmiyyəti arasında əməkdaşlığı daha da dərinləşdirəcək, Azərbaycan Respublikasının Konstitusiyasının ruhuna uyğun birgə fəaliyyətin möhkəmlənməsinə, həmçinin Azərbaycan həqiqətlərinin və dəyərlərinin beynəlxalq miqyasda daha geniş tanıdılmasına xidmət edəcəkdir.

İndi tribunada Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyevdir. O, konstitusiya dəyərləri və onların  yenidən qurulan Qarabağda tədbiqi barədə danışaraq əlavə edir ki, bu gün Azərbaycan QHT sektorunda böyük bir canlanma, yüksək əhval-ruhiyyə, işgüzarlıq mühiti, proaktiv fəaliyyət müşahidə edilir. Artıq tədbir naminə tədbirlər deyil, hədəf auditoriyaya yönəlik işlər, ölçüləbilən nəticələr önə çıxır, hesabatlılıq artır.

“Qarabağ Dirçəliş Fondu”nun İdarə Heyətinin sədri Rəhman Hacıyev, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova, Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev çıxış edərək Forumun işinə uğurlar arzu edirlər. QHT təmsilçilərinin “Konstitusiya və Suverenlik ili” nə həsr edilmiş fikirlərindən ibarət video çarxı təqdim edilir.

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayır. Müraciətdə deyilir ki, biz - azad Xankəndidə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunun keçirilməsinin bəxtiyarlığı içərisindəyik...

Sizin QHT sektoruna diqqətinizdən irəli gələrək, genişlənən imkanların, yaradılan şəraitin nəticəsidir ki, artıq Azərbaycan QHT-ləri dünyaya açılıb, beynəlxalq təmsilçiliyini gücləndirib, regionda böyük nüfuz qazanıb... Şəhidlərimizin qanı, veteranlarımızın şücaəti, xalqımızın birliyi, Sizin güclü liderliyiniz və dəmir yumruğunuz sayəsində əldə edilmiş ərazi bütövlüyü və suverenliyimizi göz bəbəyi kimi qorumaq ilk növbədə vətəndaşlıq borcu, milli şərəfimizdir. Azərbaycan QHT-ləri bu yolda daim mübariz olacaq!

Vətənin başladığı yerdə ucalan bayrağım, sənə eşq olsun!

 

  Forum  öz işini   müasir dövrün çağırışlarına uyğun  mövzuların müzakirəsi ilə  4 panelə  bölünərək davam etdirir. Yaranan  fürsətlərdən istifadə edərək iştirakçılardan qısa müsahibələr alıram.

”Ekoloji informasiya” ictimai birliyinin sədri, Musa Muradlı: ”Bu gün Xankənddə olmaq, Konstitusiya və Suverenlik ilinin məhz burada qeyd etmək bizim üçün  məsuliyyət, həm də qürurdur. Biz artıq azad, vahid və ədalətli Azərbaycanın vətəndaşlarıyıq”.

Panellərin birində iştirak edirəm. “WUF13-ə doğru: QHT-lər üçün yeni imkanlar” mövzusu müzakirə olunur. Panel müzakirənin spikerləri, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əməkdaşlıq və protokol şöbəsinin müdir müavini Günel Məlikova müsahıbə zamanı deyir ki, gələn ilin may ayında  “Ümumdünya Şəhərsalma Forumu”  13-cü sessiyasını Bakı şəhərində keçirəcəkdir. Bu, çox nüfuzlu beynəlxalq tədbirdə QHT-lərimiz  itirak etməklə  müasir dövrün çağırışlarını yaxından izləmək və onların həyata keçirilməsinə töhfələrini vermək üçün yeni imkanlar qazana biləcəklər.

 Müsahiblərim digər panellərdə də müzakirələrin işgüzar şəraitdə, diskussiya formatında keçdiyini bilidirirlər. 

Xankəndidə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu bədii hissə ilə başa çatır.

  Geniş konsert proqramında  Xalq artisti Mübariz Tağıyev, Əməkdar artistlər – Ramil Qasımov, Samirə Əliyeva, Ehtiram Hüseynov,  gənc ifaçı İlkin Dövlətov mahnılar ifa edirlər, rəqs kollektivləri çıxış edir.Yekunda forum iştirakçıları birlikdə yallı rəqsi edir

    Forum öz işini başa çatdırır. Bizi aparan avtobuslar paytaxt Bakıya doğru yola çıxır. Yol boyu hər birimiz  səfər barədə zəngin təəssüratlarımızı bölüşür, gələcək işlərimizi planlaşdırırıq. Axşam saatlarında Bakıya çatırıq. Göylərin nur saçan ulduzları sanki şəhərə enib. Qarşıda isə bizi, ölkəmizin vətəndaş cəmiyyətini  daha məhsuldar günlər, yeni imkanlar və böyük uğurlar gözləyir.

 

PS:  Xankəndidə, babamın yurdunda hansı qapını döydümsə  çırağı gür yanan evlər gördüm, qarşıma gülər üz, mehriban insanlar çıxdı. Gələcəyə inanan, zəhmətkeş və öz konstitusiya hüquqlarını qorumağı bacan insanlar.

Vətənin başladığı yerdə ucalan bayrağım, sənə eşq olsun!

 

Rüstəm Məlikov,

Ali Media Mükafatı laureatı,

“Ana Kürüm” qəzetinin məsul redaktoru

 

Избранный
37
qht.az

1Источники