RU

Azad olunmuş ərazilərin bərpası yeni inkişaf modeli əsasında reallaşır  

 Azad olunmuş ərazilərin bərpası, keçmiş məcburi köçkünlərin öz dədə-baba yurduna qayıdışı Prezident İlham Əliyevin də söylədiyi kimi, ilk növbədə ədalətin təntənəsidir və Azərbaycanın postmünaqişə dövründəki gücünü göstərir. Bu, Azərbaycanı təslimçi sülhlə razılaşmağa məcbur etməyə çalışan qüvvələrin üzərində ədalətin təntənəsidir. 

Dövlət başçımızın da söylədiyi kimi, “vasitəçilərin hamısı bizə qarşı birləşmişdi, hamısı Ermənistanın tərəfində idi”. Lakin Azərbaycan xalqı və dövləti öz milli maraqlarından çıxış edərək ədaləti bərpa etdi. Qələbədən sonra azad olunmuş ərazilərin yenidən qurulması ilə Azərbaycan dövləti uzun illər öz doğma yurdunda məcburi köçkün vəziyyətinə düşmüş vətəndaşlarının hüquqlarını bərpa edir. 

Bu günlərdə Prezident İlham Əliyevin Cəbrayıl və Zəngilana səfəri zamanı yeni yaşayış məntəqələri istifadəyə verildi. Burada məskunlaşan sakinlərə yeni mənzillərin açarları təqdim edildi. İşğaldan azad olunmuş ərazilərin bərpası ilk növbədə burada məskunlaşan soydaşlarımızın rifahını təmin etməyə yönəlib. Dövlət başçımız hər zaman bəyan edir ki, biz müharibəni müvəqqəti atəşkəslə, qeyri-müəyyən sülhlə yox, tam qələbə ilə bitirməklə fərqlənirik. 

Azərbaycan həm də bərpa-quruculuq prosesində unikal təcrübə sərgiləyir. Öz imkanları və resursları hesabına erməni işğalının izlərini təmizləyir. Keçmiş məcburi köçkünlərin qayıdışı yeni dövrün əsas prioritetidir. Artıq Cəbrayılın Horovlu, Zəngilanın Ağalı və Məmmədbəyli kəndlərinə də yeni həyat qayıtdı. Dövlət başçımız qeyd etdi ki, burada əhalinin sosial rifahını yaxşılaşdırmaq məqsədilə yeni iş yerləri də yaradılmaqdadır. Belə ki, Cəbrayılda fəaliyyətdə olan “Araz Vadisi” sənaye zonası xeyli sayda insanın məşğulluğunu təmin edib. Cənab Prezident sakinlərlə görüşdə də bəyan etdi ki, “Biz daim iş yerlərinin yaradılması ilə bağlı işləyirik. Qarabağda, Şərqi Zəngəzurda işsizlik olmamalıdır. Bütün bu şəhər və kəndlər tikiləndə bunu biz əsas vəzifə kimi qarşıya qoyuruq ki, burada yaşayan insanlar işlə təmin olunsunlar.” 

Həmçinin Cəbrayılda iki Günəş Elektrik Stansiyasının təməli qoyuldu. Cəbrayıl və Zəngilan rayonlarında icra edilmiş və ediləcək Günəş və su elektrik stansiyaları regionun enerji tələbatını qarşılayacaq. 

Zəngilanda da bərpa prosesi davam edir. Zəngilan şəhərində birinci yaşayış kompleksinin tikintisi yekunlaşmaq üzrədir. Zəngilan Beynəlxalq Hava Limanı isə bu regionu əhəmiyyətli nəqliyyat mərkəzinə çevirib. Cənab Prezident də qeyd etdi ki, həm Zəngəzur dəhlizi, həm Araz dəhlizinin keçəcəyi ərazi olduğundan bu bölgənin perspektivli gələcəyi olacaq. Bu isə burada məskunlaşan insanların rifahının yaxşılaşmasına töhfə olacaq.

Nigar MƏMMƏDOVA,

Milli Məclisin deputatı

Избранный
36
azerbaijan-news.az

1Источники