RU

Şanxay birjasının indeksi 10 ildən sonra ilk dəfə 4 min bəndi keçib

İnvestorların Tramp–Si görüşünə ümidləri Çin bazarlarını canlandırıb...

Poliqon xəbər verir ki, Şanxay Fond Birjasının əsas göstəricisi olan Shanghai Composite indeksi gün ərzində 0,70 faiz artaraq 4016 bəndə çatıb. Bu, 2015-ci ilin iyul ayından bəri ilk dəfədir ki, indeks 4 min bənd həddini aşır. Eyni zamanda, “mavi çiplər” adlanan CSI 300 indeksi 1,19 faiz yüksələrək 4747 bəndə çatıb.

Reuters Agentliyi yazır ki, Çin səhmlərində müşahidə olunan yüksəliş ABŞ prezidenti Donald Tramp ilə Çin Xalq Respublikasının sədri Si Cinpin arasında yaxın günlərdə keçiriləcək görüşlə bağlı investorların optimist gözləntiləri ilə əlaqədardır. Görüşün 30 oktyabrda Cənubi Koreyada baş tutacağı planlaşdırılır. Liderlər danışıqlar zamanı Vaşinqtonun idxal rüsumlarını və Pekinin ixrac məhdudiyyətlərini müzakirə edəcəklər.

Xatırladaq ki, Tramp oktyabrın əvvəlində Çin mallarına 100 faizlik gömrük rüsumları tətbiq etdiyini elan edib. Bundan əlavə, ABŞ-dan ixrac edilən “strateji əhəmiyyətli proqram təminatı”na nəzarət mexanizmlərinin sərtləşdiriləcəyini bildirib. Tramp bu addımı Çin hökumətinin nadir torpaq metalları üzərində nəzarət qərarına cavab kimi qiymətləndirərək, onu “mənəvi rüsvayçılıq” adlandırıb.

Ekspertlər hesab edirlər ki, qarşıdakı Tramp–Si görüşü Çin bazarlarının qısamüddətli sabitliyinə təsir göstərə və regionda iqtisadi balansı müəyyənləşdirə bilər.

Poliqon.info

Избранный
39
poliqon.info

1Источники