Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası növbəti dəfə səhnəyə qayıdır.
"Yeni Sabah" xəbə verir ki, yanvarın 12-də Heydər Əliyev Sarayında baş tutacaq tamaşada baş rolları Xalq artistləri Mənsum İbrahimov və Nəzakət Teymurova ifa edəcəklər.
Bu seçim sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox sənətsevər hesab edir ki, artıq bu yaşda “Leyli və Məcnun” obrazlarını ifa etmək doğru deyil, səhnədə daha gənc istedadlara yer verilməlidir. Toyuqlu pizza
Şərhlərdə “bu yaşda Leyli və Məcnun yox, onların valideynlərini oynamalıdırlar”, “gənclərin yoluu kəsirlər” kimi fikirlər səslənib.
Xalq artisti Nəzakət Teymurova “Yeni Sabah”a açıqlamasında bildirib ki, bu barədə çox danışmaq istəmir:
“Mövzu dəfələrlə müzakirə obyektinə çevrilib. Bəzən insan danışmaqdan da yorulur. Rəhbərlik hansı rolu təqdim edirsə, onu sevərək qəbul edirik”.
Xalq artisti Mənsum İbrahimov isə səhnədə yaş məsələsinə yönələn tənqidlərlə razılaşmayıb:
“Bu tamaşa 100 ildən çoxdur ki, səhnədədir. Özüm 2016-cı ildən fəal səhnədən kənara çəkilmiş, meydanı da gənclərə vermişəm. Bu yaxınlarda 2 gənc cütlüyümüzün teatrda premyerası keçirildi, mən də orada iştirak etdim. Biz sadəcə ildə bir dəfə - çoxsaylı tamaşaçıların istəyinə əsasən “Leyli və Məcnun” operasında iştirak edirik. Onda da bir ustad kimi öz yetirmələrimizlə səhnəni bölüşürük. Bunu kimlərinsə şüar edib ortalığa atması düzgün deyil”.
Xalq artistinin sözlərinə görə, operada əsas məsələ səs imkanlarıdır:
“Sənətkar formadadırsa, bunun nə ziyanı var?! 20-yə yaxın gənci bu sahəyə gətirmişəm. Operaya və teatra gedən hər kəs orada gənclərin hansı rollarda çıxış etdiyini aydın şəkildə görə bilər. Bu gün demək olar ki, hər ay səhnədə “Leyli və Məcnun” oynanılır. Bizim iştirak etdiyimiz isə ildə bir dəfə “Leyli və Məcnun”un ildönümünə həsr olunan tamaşadır.
Yenə də deyirəm, bütün meydan gənclərindir. Mənim qədər onlara dəstək olan yoxdur. Ürəyi istəyən gəlsin, yaxından izləsin”.
Aydan Hacı
Telegram kanalımız