Azərbaycan Prezidentinin “Yaşayış minimumu haqqında” qanunda təsdiq etdiyi dəyişikliklərə uyğun olaraq Nazirlər Kabineti tibb, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin yeni qida normalarını müəyyənləşdirib.
"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, yeni qərar ilə tibb və təhsil müəssisələrində uşaqlar üçün sutkalıq qida normaları təsdiq edilib:
"Sosial sahəyə aid olan müəssisələrdə xidmət alan şəxslər üçün də orta sutkalıq qida normalarının təsdiqi reallaşıb. Yeni dəyişikliklərə əsasən, tibb və təhsil müəssisələri ilə yanaşı, sosial sahəyə aid müəssisələrdə şəxslər üçün də yeni qida normaları təsdiq edilib. Belə ki, əvvəlki qanunvericilikdə sosial sahəyə aid müəssisələr üçün normaların təsdiqi nəzərdə tutulmurdu və bu da institutsional olaraq onların bu imkandan tam faydalanmasına imkan vermirdi. Yeni dəyişikliklər bu boşluğu aradan qaldırdı. Artımlara gəldikdə isə, yeni normalarda artımlar təsdiq edilib və bu da həmin qurumlara dövlət büdcəsindən daha çox vəsaitin ayrılacağı anlamına gəlir. Təbii ki, bu həmin müəssisələrin fəaliyyətlərinin səmərəlliyinin artmasına və maddi və sosial təminatının daha da gücləndirilməsinə imkan verəcək.
Yeni qida normalarının təsdiqi həmin müəssisələrdə xidmət alan vətəndaşlarımız üçün yeni imkan kimi xarakterizə olunur. Belə ki, yeni normalar müasir çağrışlar və xərclər nəzərə alınmaqla təsdiq olunub. Bu isə həmin müəssisələr üçün ödənilən məbləğin artmasına səbəb ola bilər. Bu həmin qurumlarda xidmətin keyfiyyətinin artmasına gətirib çıxaracaq. Bu baxımdan, yeni normaların təsdiqi mütərəqqidir və büdcədən bu sahəyə daha çox vəsait ayrılmasına səbəb olmaqla vətəndaşlarımızın sosial təminatının gücləndirilməsinə xidmət edəcək".