Cənubi Qafqazda siyasi balansın yenidən formalaşdığı bir dövrdə Ermənistan daxilində gərginlik hiss olunur. Baş nazir Nikol Paşinyanın son bəyanatları onun diqqətinin əsasən qarşıdan gələn parlament seçkilərinə yönəldiyini göstərir. İrəvanda daxili sabitliyin pozulması riskləri artır, cəmiyyətdə siyasi qütbləşmə dərinləşir. Rusiya ilə münasibətlərin gərginləşməsi, revanşist qüvvələrin fəallaşması və kilsənin siyasətə təsir cəhdləri Paşinyanın manevr imkanlarını məhdudlaşdırır. Bütün bunlar Ermənistanda növbəti aylarda siyasi proseslərin daha da kəskinləşə biləcəyinə işarədir.
Beynəlxalq münasibətlər üzrə şərhçi Cavanşir Abbaslı Editor.az-a açıqlamasında bildirib ki, gələn ilin yayında keçiriləcək parlament seçkilərinə qədər Ermənistanın Baş naziri Nikol Paşinyanın ritorikasında kəskin bəyanatların artacağı gözləniləndir.

Ekspertin sözlərinə görə, Paşinyanın əsas məqsədi qarşıdan gələn seçkilərdə qalib gəlmək və hakimiyyətdə mövqelərini qorumaqdır:
“Hazırda onun diqqəti tam şəkildə seçkilərə yönəlib və o, hansı yolla olursa-olsun qələbə qazanmaq niyyətindədir. Lakin bu, getdikcə çətinləşir. Çünki o, Rusiyaya arxa çevirdiyini Putinə unuda bilməz. Buna baxmayaraq, Paşinyanın bəzi fikirlərində həqiqət payı da var”.
Şərhçi hesab edir ki, Ermənistanda hər an hakimiyyət çevrilişi cəhdi baş verə bilər, lakin bu, kilsə tərəfindən deyil, Kremlə yaxın revanşist qüvvələrin dəstəyi ilə həyata keçirilə bilər: “Kilsə belə bir addımı atmaq gücündə deyil, xalq da buna dəstək verməz. Əgər dəyişiklik olarsa, bu, məhz revanşist qüvvələrin və Rusiyanın iştirakı ilə mümkündür. Ermənistanda sabitlik çox kövrəkdir, gərginliyin rüşeymləri artıq görünməkdədir”.
Abbaslı əlavə edib ki, keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın yenidən siyasi səhnədə aktivləşməsi bu gərginliyin açıq göstəricisidir:
“Erməni cəmiyyəti dərin parçalanma içindədir. Paşinyanı dəstəkləyənlər, revanşistlər və kilsə çevrələri arasında ciddi ziddiyyətlər var. Amma hələlik Nikolun onları neytrallaşdırmaq gücü qalır. Ən önəmlisi, erməni xalqı artıq yeni müharibə istəmir. Bu, Paşinyanın əsas üstünlüyüdür”.
Şərhçinin fikrincə, qarşıdan gələn aylarda Ermənistanda siyasi gərginliyin pik həddə çatması istisna deyil.
“Seçkilərə doğru getdiyimiz bu dövrdə Ermənistanda mühüm hadisələrin baş verəcəyini, hətta daxili qarşıdurmaların dərinləşəcəyini müşahidə edə bilərik,” – deyə Cavanşir Abbaslı vurğulayıb.
// Gülnarə Abasova, Editor.az