Olaylar.az xəbər verir ki, Ukrayna lideri öz sosial şəbəkə hesabında yazıb ki, sammitin ən vacib nailiyyətlərindən biri Aİ-yə üzv ölkələrin Ukraynaya maliyyə yardımının təkcə gələn il deyil, həm də 2027-ci ildə saxlanılması barədə yekdil qərarı olub.
Zelenskinin məlumatına görə, Rusiya aktivlərinin istifadəsi ilə bağlı da mühüm irəliləyiş var. Prezident bildirib ki, bu vəsaitlərin Ukraynanın Rusiya təcavüzündən qorunması üçün maksimum istifadəsinə dair siyasi dəstək mövcuddur və hazırda Avropa Komissiyası bu qərarın reallaşdırılması üçün bütün zəruri texniki və hüquqi detalları hazırlamalıdır.
Zelenski həmçinin, Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi baxımından da müsbət irəliləyiş əldə edildiyini qeyd edib. O, tərəfdaşların Ukrayna komandaları ilə dərhal əməkdaşlığa başlamağa hazır olduqlarına dair müsbət siqnalların olduğunu vurğulayıb. Bundan əlavə, zədələnmiş obyektlərin bərpası və zəruri resurslarla təminat sahələrində Ukraynanın enerji sektoruna dəstək üzrə tərəfdaş ölkələrlə əhəmiyyətli işlərin davam etdiyini bildirib.
Prezidentin sözlərinə görə, sammitin mühüm nəticəsi Rusiyaya qarşı 19-cu sanksiyalar paketinin yekun təsdiqi olub. Zelenski digər Avropa ölkələrini, o cümlədən Böyük Britaniya, Norveç və İsveçrəni də (sanksiyalara) qoşulmağa çağırıb.
"Əlbəttə ki, biz artıq Avropa İttifaqı ilə birlikdə növbəti sanksiyalar paketi üzərində işə başlayırıq - Rusiya müharibə nəticəsində əldə etdiyi real itkiləri hiss etməlidir. Rusiya neft şirkətlərinə qarşı Amerika sanksiyaları da çox effektivdir - Avropada hər kəsin Rusiya tədarüklərinin məhdudlaşdırılması siyasətini dəstəkləməsi vacibdir," - deyə Volodimir Zelenski yekunlaşdırıb.