UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunun “Olimpiakos”la ev oyunu “Barselona”nın futbolçusu Lamin Yamal üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, gənc vinger 6:1 hesablı qələbəyə sevindikləri və bir qol vurduğu bu görüşdə meydana çıxmaqla ÇL-in tarixinə düşüb.
Belə ki, 18 yaşlı ispan oyunçu qitənin bir nömrəli klub turnirində 25 matçda meydana çıxmış ən gənc futbolçu olub.
Daha əvvəl Uorren Zair-Emeri bunu 19 yaş 32 günündə, Sesk Fabreqas 19 yaş 292 günündə, Anderson Oliveyra 19 yaş 326 günündə bacarıb.
Lamin Yamal “Barselona”nın məzunudur. İstedadlı gənc 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Yamal cari mövsümdə “blauqrana”nın heyətində 7 oyuna çıxıb. O, bu oyunlarda 3 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.
Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 113 oyun, 28 qol və 40 məhsuldar ötürmədən ibarətdir.
Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 23 oyun keçirib, 6 qol vurub, 12 məhsuldar ötürmə verib.
Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023, 2024/2025), İspaniya Kral Kuboku (2024/2025) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.
“Transfermarkt” internet-portalı 18 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir – Yamal dünyanın ən bahalı oyunçusudur.

