Gündəlik istifadə etdiyimiz meyvə və tərəvəzlərin qida dəyəri sadəcə tərkibindəki vitamin və minerallarla deyil, onların necə yuyulması, saxlanması və bişirilməsi ilə də sıx bağlıdır.
Pravda.az bu məhsullardan maksimum fayda almaq üçün sadə, lakin təsirli 10 tövsiyəni təqdim edir:
Uzun müddət yuyulmasın
Tərəvəz və meyvələri güclü axan su altında uzun müddət yumaq vitamin itkisinə səbəb olur, xüsusilə C və B vitaminləri suda həll olunduğu üçün bu zaman əriyir.
Böyük kəsiklərlə bişirin
Məhsulları kiçik doğramaqdansa, böyük hissələrlə bişirmək daha doğrudur. Belə olduqda vitamin itkisi azalır.
Qapaqlı bişirin
Tərəvəz bişirilərkən qapaq bağlı saxlanmalıdır. Bu, buxarın içəridə qalmasını və vitaminlərin qorunmasını təmin edir.
Çiy və ya az bişmiş yeyin
Mümkünsə, meyvə və tərəvəzləri çiy formada və ya buxarda az müddət bişirərək qəbul edin. Bu, vitaminlərin qorunmasına kömək edir.
Bişirmə suyunu atmayın
Tərəvəz, makaron və paxlalıların bişdiyi suyu atmamaq tövsiyə olunur. Bu su vitaminlərlə zəngin olur və şorba, sous kimi yeməklərdə istifadə edilə bilər.
Soda əlavə etməyin
Tərəvəzlərin rəngini qorumaq üçün soda istifadə etmək düzgün deyil. Bu, bəzi vitaminlərin itməsi ilə nəticələnə bilər.
Qabıqları soymaqdan çəkinin
Tərəvəz və meyvələrin qabığında və dərhal alt hissəsində zəngin vitaminlər yerləşir. Soymaq qida dəyərinin azalmasına səbəb ola bilər.
Yüksək temperaturda qızartmayın
Yağların yüksək istilikdə uzun müddət istifadə edilməsi qida dəyərinin azalmasına və hətta zərərli birləşmələrin yaranmasına gətirib çıxarır.
Şəkəri sonda əlavə edin
Kompot və ya bəzi desertlərin hazırlanmasında şəkərin əvvəldən əlavə edilməsi protein itkisinə yol aça bilər. Şəkəri bişirmənin sonunda əlavə etmək tövsiyə olunur.
Qatığın suyunu tökməyin
Qatığın üstündə toplanan su riboflavin (B2 vitamini) ilə zəngindir. Onu atmaq əvəzinə şorba, xəmir və ya digər yeməklərə qatmaqla faydasını qorumaq olar.
Qeyd:Tərəvəz və meyvələri yalnız düzgün seçmək deyil, onları necə yuduğunuz, necə bişirdiyiniz və təqdim etdiyiniz də orqanizminizə nə qədər faydalı olacağını müəyyən edir. Bu sadə addımlara diqqət yetirməklə sağlam qidalanmanı təmin edə bilərsiniz.
Əminə Bayramova