RU

Eyyub Kərimli: “Bu, region üçün həm praktiki, həm də strateji bir ideyanın işarəsidir”

Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfəri ərəfəsində “Kazinform”a müsahibəsində Xəzər dənizinin ekoloji problemləri və regional əməkdaşlığın vacibliyi barədə səsləndirdiyi fikirlər iqtisadçı-ekspertlər tərəfindən də önəmli addım kimi qiymətləndirilib.

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli QHT.az-a açıqlamasında bildirib ki, Prezidentin bu çağırışı sadəcə rəmzi deyil, region üçün praktiki və strateji əhəmiyyət daşıyır:

“Bu ideya gələcəkdə həm Azərbaycan-Qazaxıstan əməkdaşlığı, həm də Xəzəryanı ölkələr arasında ekoloji və iqtisadi təhlükəsizliyə dair birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Ekoloji tarazlığın qorunması, Xəzər dənizinin səviyyəsinin azalması, biomüxtəlifliyin təhlükə altında olması kimi problemlər regional səviyyədə birgə fəaliyyət tələb edir. Bu təşəbbüs yalnız ekoloji deyil, həm də rəqəmsal və yaşıl enerji, dəniz infrastrukturu və logistika sahələrində yeni imkanlar yarada bilər. Hazırda Xəzər dənizinin dibi ilə 372 kilometrlik sualtı fiber-optik kabel layihəsi icra olunur ki, bu da rəqəmsal ‘İpək yolu’nun bir hissəsidir. Azərbaycan və Qazaxıstan limanlarının inkişafı, yaşıl enerji dəhlizinin yaradılması da region üçün böyük perspektivlər açır.”

QHT sədri sonda vurğulayıb ki, Xəzəryanı ölkələr arasında alimlər və ekspertlər səviyyəsində koordinasiyanın gücləndirilməsi vacibdir və bu, regionun davamlı inkişafına xidmət edəcək.

 

Pərvanə Fərhadqızı

Избранный
50
qht.az

1Источники