RU

Tramp və Putin Budapeştdə görüşəcək - Zelenski və Aİ-nin narahatlığı artır

ABŞ prezidenti Donald Tramp oktyabrın 16-da verdiyi açıqlamada Rusiya lideri Vladimir Putinlə Macarıstanın paytaxtı Budapeştdə görüşəcəyini bildirib. O, bu həftə iki ölkə arasında yüksək səviyyəli müşavirlərin görüşünün keçiriləcəyini bəyan edib.

Tramp, həmçinin, Putinlə baş tutan bu danışığı yaxın günlərdə Ukrayna prezidenti Volodimir Zelenski ilə keçirəcəyi görüşdə də müzakirə edəcəyini bildirib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün Putin-Tramp görüşünə hazırlıq haqqında danışarkən deyib ki, Budapeşt sammitinə tammiqyaslı hazırlıq hələ başlamayıb:

“Sammitə hazırlıq hələ tam başlamayıb. Təbii ki, hamı prezidentlərin verdiyi tapşırıqları yerinə yetirir. Amma tam miqyaslı danışıqlar üçün uyğun şərtləri hazırlamaqla bağlı komanda işi hələ başlamayıb. Hazırlığa başlamaq üzrəyik”.

Volodimir Zelenski isə hesab edir ki, Budapeşt danışıqlar üçün ən uyğun yer deyil.

“UNIAN” telegram kanalında yayılan açıqlamaya görə, Zelenski ABŞ və Rusiya liderlərinin Macarıstanda planlaşdırılan görüşünə dəvət olunacağı təqdirdə gedəcəyini bildirib. O, ABŞ-nin xüsusi nümayəndəsi Stiv Vitkoffa görüş üçün İsveçrə, Avstriya, Vatikan, Səudiyyə Ərəbistanı, Qətər və Türkiyəni alternativ variant kimi təklif edib.

Gözlənilən görüş barədə Avropadan da dərhal reaksiya gəlib. Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ və Rusiya liderlərinin Macarıstanda planlaşdırılan görüşünü xoş qarşılamayıb. “Reuters” in yazdığına görə, Kallas jurnalistlərə açıqlamasında bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən haqqında həbs qərarı verilən Rusiya Prezidentinin hər hansı Avropa ölkəsinə səfəri xoş qarşılanmır.

METİN

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli Musavat.com-a şərhində Donald Trampla Vladimir Putin arasında bir neçə gün öncəki telefon danışığını xatırladıb:

“Putin bəzi şərtlər müqabilində hərbi əməliyyatları dayandırmağa hazırdır. O, Donbasın tamamilə Rusiyaya verilməsini tələb edir. Donald Trampın əsas məqsədlərindən biri Rusiya-Ukrayna müharibəsinin dayandırılmasıdır. Bu məsələdə Rusiya və ABŞ liderləri arasında mövqe yaxınlığının olması ehtimalı var. Digər vacib məsələ ABŞ-nin Rusiyaya verə biləcəyi təkliflərdir. ABŞ rəsmiləri tərəfindən verilən açıqlamalara görə, döyüş gedən təmas xətlərində hərbi əməliyyatlar dayandırılmalıdır. Lakin bu məsələ ilə bağlı ABŞ və Rusiya arasında fikir ayrılığı var. Rusiya mövcud təmas xətləri üzrə hərbi əməliyyatların dayandırılmasını deyil, Donbasın Rusiyaya tam verilməsini tələb edir. Mediada yayılan məlumatlardan aydın olur ki, Tramp bu məsələdə Putinə güzəştə gedə bilər. Son zamanlarda Trampın Zelenski ilə görüşdən sonra səsləndirdiyi fikirlərə nəzərə salsaq, görərik ki, o, Donbasın 78 faizinin Rusiya tərəfindən işğal olunduğunu deyir. Buna görə də gözlənilən görüşdə bu məsələ ilə bağlı mövqe yaxınlığının olacağını deməyə əsas var”.

M.Məmmədli hesab edir ki, Putinin Trampa zəng etməsi, danışıqlar təklif etməsi Tramp administrasiyasının siyasi-diplomatik təzyiqləri ilə bağlıdır:

“Son aylarda Tramp administrasiyası Ukrayna ilə bağlı mövqeyində Rusiyanın əleyhinə ritorikasını dəyişib-Rusiyanı təhdid edən açıqlamalar verib, Ukraynanı silahlandırmaq, uzaqmənzilli raketlər, ağır silahlar verilməsi ilə bağlı fikirlər səsləndirib. Düşünürəm ki, ritorikanın dəyişməsi, eyni zamanda Tramp-Zelenski görüşündə silah razılaşmasının əldə olunması ehtimalı da Putini danışıqlara getməyə vadar edib. Təsadüfi deyil ki, Tramp-Zelenski görüşündən bir gün əvvəl danışıqlar təklif edilib. Görünən odur ki, Rusiya da ABŞ-nin Ukraynaya uzaqmənzilli raketlər verməsindən ehtiyat edir. Düşünürəm ki, bu amil də Rusiyanın danışıqlar masasına oturmasına səbəb olub. Bununla yanaşı, fikrimcə, Rusiyanın ciddi kompromisə getmək kimi mövqeyi hiss olunmur. Bir müddət sonra Zelenski də Rusiya ilə danışıqlar apara bilər, ancaq bu danışıqların hansı nəticə verəcəyi hələ ki, qeyri-müəyyəndir. Bunun əsas səbəbi ondan ibarətdir ki, ABŞ-nin Rusiya-Ukrayna müharibəsi ilə bağlı
mövqeyində hələ də tərəddüdlər var, konkretlik yoxdur”.

O ki qaldı Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən haqqında həbs qərarı verilən Putinin Avropaya səfər etməsinə, M.Məmmədli vurğulayıb ki, buna münasibət birmənalı deyil:

“Bu məsələ ilə bağlı Macarıstan hökumətinə tənqidlər ünvanlanır. Macarıstan vaxtilə Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olub, Roma statutunu imzalayıb. Lakin onu da nəzərə almaq lazımdır ki, Macarıstan həm də Beynəlxalq Cinayət Məhkəməsindən çıxmaq istəyir, proses davam edir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Избранный
57
50
musavat.com

10Источники