AZ

Moskvanın son ümidi – Tramp Zelenskini təslimə məcbur edəcəkmi?

Ötən cümə gününədək yalnız ukraynalılar deyil, dünya ümidlə yaşayırdı ki, Ukrayna prezidenti ilə görüşdən sonra ABŞ prezidenti Donald Tramp Kiyevə ciddi dəstək verəcək. Vladimir Putin isə qabaqlayıcı addım ataraq görüş başlamasına bir gün qalmış Trampla iki saat yarım söhbət etdi və Tramp 9 ay ərzində Putinə göstərdiyi simpatiya siyasətini bu telefon danışığında da nümayiş etdirib yenidən Zelenski ilə Ağ Evdə emossional, gərgin və söyüşlərlə müşayət olunan danışıq apardı.

Bu danışıqdan sonra yalnız Zelenski, Ukrayna xalqı deyil, Avropa ölkələrinin liderləri də o dərəcədə məyus oldular ki, əvvəllər olduğu kimi yaranmış vəziyyəti müzakirə etmək üçün birgə toplantı keçirməyə təşəbbüs də göstərmədilər. Nəzərdə tutulan Budapeşt görüşünə ümidlər varmı?
Yaranmış situasiyada Rusiya özünü qalib kimi görür və Ukraynanın tezliklə Putinin şərtlərini qəbul etdiyi barədə Trampdan “xoş xəbər” gözləyir. Doğrudanmı hər şey Rusiyanın təcavüzkar planlarına uyğun olaraq həll ediləcək? Budapeşt görüşü Alyaskanın, iki saatdan çox çəkən son telefon danışığının növbəti seriyasımı olacaq? Nə qədər pessimist situasiya yaransa da, Rusiya üçün vəziyyət heç də asan deyil və proseslərin onun arzuladığı kimi inkişafı real görünmür. 

258730cab298b6ee408f80db054d337d.jpeg

Birincisi, Putin Donetsk vilayətinin işğal edilməmiş hissəsini təslim etməyi tələb etməyə davam edərsə, bu, büdrəmə olacaq, çünki bir siyasi şərhçinin dediyi kimi, “Donbas Qəzza deyil və Zelenskinin razılaşa biləcəyi məhdudiyyətlər var”. Budapeşt görüşü ( yeri gəlmişkən, məkan son anda dəyişə də bilər) sanki siyasi qumar masasıdır və burada müharibənin başa çatması Rusiyanın istədiyi kimi olmaya bilər. Nə qədər qəribə, hətta paradoksal görünsə də, Rusiya hazırda öz gücündən çox ABŞ prezidenti Donald Trampa ümid edir ki, Zelenskiyə qarşı onun səbri tam itsin və onu qeyd-şərtsiz Putinin şərtləri ilə razılaşdırsın. Amma, situasiyanın nə qədər çətin olmasına baxmayaraq, nə Avropa, nə Ukraynanın özü yaxşı bilir ki, bu şərtlər nə Ukraynaya sülh, nə Avropaya təhlükəsizlik vəd etmir. Müharibəyə son qoymağın yeganə effektiv yolu Ukraynanı o qədər gücləndirməkdir ki, Kreml hərbi qələbəyə ümidini itirsin.

Rusiyanın iqtisadi və hərbi gücü Ukraynadan üstün olsa da, müharibənin yaratdığı böhranın astanasında olduqlarının fərqindədirlər və böhranın hansı sahələrdə özünü göstərdiyinə nəzər salaq:

-Son aylarda Ukraynada cəbhədə vəziyyət gərginləşməkdə davam edir, Rusiya qoşunları arasında rekord itkilər və artan işçi qüvvəsi çatışmazlığı müşahidə olunur. Ukrayna Baş Qərargahının məlumatına görə, tammiqyaslı işğalın başlanmasından bəri Rusiyanın ümumi döyüş itkiləri 1,127 milyonu keçib, təkcə 2025-ci ildə 332 mindən çox itki gözlənilir. Bunu Qərbin təxminləri də təsdiqləyir: Britaniya Müdafiə Nazirliyi 250 000 nəfərin həlak olması daxil olmaqla, ümumi itkiləri 1 milyondan çox hesab edir.

Bu rəqəmlər nəinki döyüşlərin intensivliyini vurğulayır, həm də Kremlin əsas probleminə işarə edir. Könüllülərin maaşlarının yüksək olmasına baxmayaraq, xidmətə maraq getdikcə azalır. Müstəqil mənbələrin məlumatına görə, təbliğat və əhaliyə iqtisadi təzyiqlər nəzərə alınsa belə, müqavilə bağlamaq istəyənlərin sayı getdikcə azalır. 

4s0s7ycgfneohphcdquq_1740398934.jpg

Putin rejimi cəmiyyəti nə qədər qorxu və xof altında saxlamasına baxmayaraq, Kreml ictimai əhval-ruhiyyəni nəzərə almağa məcburdur. 2026-cı ildə Dövlət Dumasına seçkilər və bir neçə regionda qubernator seçkiləri keçiriləcək. Müstəqil sosioloqların fikrincə, ruslar arasında müharibəyə dəstək xüsusilə sanksiyaların və inflyasiyanın kəskinləşməsi səbəbindən xeyli azalır.

Beynəlxalq müşahidəçilərin bildirdiyinə görə "Rusiya canlı qüvvə böhranı ilə üz-üzədir. Rusiya ordusu şəxsi heyətini səfərbər edə biləcəyindən daha tez xərcləyir". Çox güman ki, səfərbər edilən ehtiyatdakılar Rusiya itkilərinin yüksək olduğu əsas ərazilərdə - gündə orta hesabla 950-1,070 nəfərin olduğu "ət hücumlarında" istifadə olunacaq.

Problem yalnız canlı qüvvə ilə bağlı deyil, müharibəni maliyyələşdirmək də Putin üçün böyük başağrısına çevrilib. Ukraynanın neft emalı zavodlarına vurduğu zərbələrdən sonra Rusiya neft məhsullarının ixracı müharibə başlayandan bəri ən aşağı səviyyəyə düşüb. 2025-ci ilin sentyabrında Rusiyadan neft məhsullarının dəniz yolu ilə ixracı avqust ayı ilə müqayisədə 17,1% azalaraq cəmi 7,58 milyon tona çatıb. Bu, 2020-ci ilin aprelindən bəri ən aşağı göstəricidir. 

rusiya-ukrayna-1-1068x709.jpg

Ukraynanın Rusiyanın enerji infrastrukturuna hücumları 2025-ci ilin avqust ayından intensivləşib. Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, pilotsuz uçuş aparatları Rusiya neftayırma zavodlarının təxminən üçdə birini - 38 zavoddan 16-nı vurub. Beynəlxalq Enerji Agentliyinin ekspertlərinin fikrincə neft emalı zavodlarının təmiri 2026-cı ilin ortalarına qədər davam edəcək və yeni sanksiyalar, məsələn, Aİ-nin tam idxal qadağası böhranı daha da gücləndirəcək.

Ukrayna Kəşfiyyat Baş İdarəsinin rəhbəri, general-leytenant Kirill Budanovun dediyi kimi, Ukraynanın bu hücumları Avropa tərəfindən Rusiyaya qarşı qəbul edilən 18 paket sanksiyadan daha təsirli olub, daha çox zərər vurub və nəticədə ümumi neft emalı təxminən 17% və ya gündə təxminən 1,1-1,2 milyon barel itkiyə səbəb olub. Qış ərəfəsində Ukrayna tərəfdən bu cür hücumların intensiv xarakter alacağı da istisna deyil.

Müharibə başlanandan bu günədək nə qədər hərbi-siyasi çətinliklər olsa da, hətta Tramp-Putin tandemi Ukraynanı işğalla barışmağa məcbur edə bilməyəcək. Avropa və Ukrayna birliyi bu tandemin perspektiv təhlükələrə gətirib çıxaracağını bilirlər. ABŞ prezidentinin tez-tez fikir dəyişdirmək kimi xarakterə malik olması da, bu tandemin dayanıqlı olmayacağını çox ehtimal edir.

1680080930_93782779_122265012759291_4152811948745949184_n.jpg

İlham İsmayıl, Xüsusi olaraq Musavat.com üçün

Seçilən
47
50
musavat.com

10Mənbələr