Kremlə yaxın ideoloq Aleksey Burenkov son günlər Azərbaycan və Türk Dövlətləri Təşkilatı (TDT) barədə növbəti təxribatçı yazısı ilə diqqət çəkib.
Burenkov bu mövzuda daha ağıla sığmayan hər cür uydurmanı yazıb. İndi də davam edir. TDT-ni müxtəlif kanallara bağlamaq, Azərbaycanın hərbi blok yaratmaq, Türkiyə ilə Rusiyaya qarşı birləşmək uydurmalarından tutmuş, bir çox ssenarilər yazmaqda davam edir...
Musavat.com xəbər verir ki, onun “analitik təhlil” adlandırdığı məqalə, əslində, Rusiyanın Türk birliyinə qarşı köhnə qorxularını yenidən gündəmə gətirməkdən başqa bir məqsəd daşımır. Burenkov Azərbaycanın Türkmənistanı TDT-yə üzv etməyə çalışdığı barədə manipulyativ arqumentlər irəli sürərək, hadisələri “Türk ekspansiyası” kimi təqdim edir. Halbuki bu iddiaların nə real əsası, nə də diplomatik məntiqi var.
Aleksey Burenkovun yazısında diqqətçəkən məqam odur ki, o, Azərbaycanın bölgədə apardığı hərbi, iqtisadi və diplomatik siyasəti “Qərb planı” kimi qələmə verir. O, guya Azərbaycanla Türkiyənin birgə fəaliyyəti nəticəsində postsovet məkanının Qərb təsirinə daxil olduğunu iddia edir. Əslində isə bu, açıq şəkildə Rusiyanın ənənəvi təbliğat üslubudur: Moskva ilə paralel addım atmayan istənilən ölkəni “Qərbin aləti” adlandırmaq.
Azərbaycanın hazırkı siyasəti tam müstəqil və milli maraqlara əsaslanır. Bakı nə Qərbin, nə də Rusiyanın diktəsi ilə hərəkət edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq münasibətlərdə balanslı, praqmatik və çoxşaxəli siyasət yürüdür. Burenkov kimi Kreml ideoloqlarını narahat edən məhz budur – Azərbaycan artıq nəinki regionda, həm də Mərkəzi Asiyada təsir gücü olan müstəqil oyunçuya çevrilib.
Burenkov öz məqaləsində Fərid Şəfiyevin Türkmənistanla bağlı açıqlamasına da təhrif olunmuş şəkildə istinad edir. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Füzulidə çıxışı zamanı bildirib ki, “Türkmənistanın beynəlxalq platformalar çərçivəsində əməkdaşlığı genişləndirməsi region üçün vacibdir”. O, həmçinin “5+1” formatı yerinə “6 formatı”nın – yəni Türkmənistanın da prosesə qoşulmasının vacibliyindən danışıb.
Lakin bu fikir tamamilə iqtisadi və diplomatik məzmun daşıyır, hərbi və siyasi bloklaşmadan uzaqdır. Burenkov isə bu cümlələri kontekstdən çıxararaq, “Türk dünyasının Rusiyaya qarşı genişlənməsi” kimi qələmə verir.
Əslində, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı uzunmüddətli iqtisadi strategiyanın tərkib hissəsidir. Bakı enerji, logistika və texnologiya sahələrində ortaq maraqları əsas götürür. Türkmənistanın Orta Dəhliz layihəsinə qoşulması regionun bütün ölkələri üçün iqtisadi cəhətdən faydalıdır. Bu, nə Rusiyanın əleyhinədir, nə də hərbi müttəfiqlik addımıdır. Əksinə, Xəzər regionunda sabitlik, ticarət dövriyyəsi və nəqliyyat təhlükəsizliyinin artması Moskvanın da maraqlarına uyğun olmalıdır.
Aleksey Burenkovun məqaləsində səslənən digər iddia – guya Azərbaycanın hərbi sahədəki fəallığı Türkiyənin regiondakı mövqelərini gücləndirmək məqsədi daşıyır – da uydurmadır. Azərbaycan Ordusunun modernləşdirilməsi və müdafiə potensialının artırılması dövlətin suveren hüququdur. Hər bir müstəqil ölkə kimi Azərbaycan da öz təhlükəsizliyini təmin etmək üçün müxtəlif tərəfdaşlarla – Türkiyə, İsrail, NATO ölkələri ilə – əməkdaşlıq edir. Bu, heç bir halda Rusiyaya qarşı yönəlməyib.
Oktyabr ayında keçirilən bir sıra beynəlxalq hərbi görüşlər və təlimlər – Slovakiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Bakıya səfəri, Azərbaycan–Türkiyə–Gürcüstan müdafiə nazirlərinin üçtərəfli iclası, NATO-nun DEEP proqramı çərçivəsində təlimlər – Azərbaycanın beynəlxalq təhlükəsizlik arxitekturasında müstəqil oyunçu kimi çıxış etdiyini sübut edir. Bu, Moskvanın sevmədiyi, amma qəbul etməyə məcbur olduğu bir reallıqdır.
Türkmənistan məsələsinə gəlincə, Kreml və onun təbliğatçıları bu ölkənin neytral statusunu “Türk dünyasına qoşulmamaq” kimi yozurlar. Halbuki Türkmənistanın TDT ilə əməkdaşlığı onun neytrallığına zidd deyil. Əksinə, bu, regionda iqtisadi əməkdaşlığın və enerji təhlükəsizliyinin artmasına xidmət edir. Xəzər regionunun iqtisadi sabitliyi isə həm Azərbaycan, həm Türkmənistan, həm də Rusiya üçün faydalıdır.
Aleksey Burenkov kimi ideoloqların məqsədi Türk birliyinin inkişafını gözdən salmaq, onun ətrafında şübhə və qorxu atmosferi yaratmaqdır. Onlar Türk dövlətlərinin iqtisadi və mədəni inteqrasiyasını “təhdid” kimi təqdim etməyə çalışsalar da, bu yanaşma reallıqla uzlaşmır. Türk Dövlətləri Təşkilatı hərbi blok deyil, iqtisadi və mədəni əməkdaşlıq platformasıdır. Onun əsas məqsədi region xalqlarının qarşılıqlı inkişafını və sabitliyini təmin etməkdir.
Rusiyanın TDT-dən duyduğu qorxu əslində öz zəifləyən təsirindən qaynaqlanır. Moskva uzun illər Cənubi Qafqaz və Mərkəzi Asiya üzərində nəzarətə öyrəşmişdi. İndi isə Azərbaycan kimi dövlətlərin müstəqil siyasət aparması, Türk dünyasının ortaq iqtisadi maraqlar ətrafında birləşməsi Kreml üçün “narahatlıq siqnalı”na çevrilib. Bu, artıq Rusiyanın öz problemlərindən doğan qorxudur, həqiqətlə heç bir əlaqəsi yoxdur.
Reallıq budur ki, Azərbaycan Türk dünyasının mərkəzində yerləşən aparıcı dövlətdir və bu mövqeyini milli maraqlar üzərində qurur. Türk Dövlətləri Təşkilatının genişlənməsi, Orta Dəhliz layihəsinin uğurla inkişafı və Türk dövlətləri arasında iqtisadi inteqrasiyanın artması bütün region üçün sabitlik və rifah deməkdir.
Aleksey Burenkovun yazısı isə bu reallığı təhrif edən, qorxu və düşmən obrazı yaratmağa çalışan köhnə sovet təfəkkürünün təzahürüdür. Azərbaycan öz yolunu çoxdan müəyyən edib – o yol müstəqillik, tərəfdaşlıq və Türk birliyinin güclənməsi yoludur. Bu prosesi heç bir ideoloqun qorxu dolu məqaləsi dayandıra bilməz.
Əli Rais,
Musavat.com