AZ

Türk birliyi yeni mərhələdə: Rusiya analitikləri qorxudan kabus ssenarisi yazır

Daha öncə də bu mövzuda yazanda qeyd etmişik ki, Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) sammiti təkcə iştirakçı ölkələr üçün deyil, həm də regionda özünü “təsir mərkəzi” kimi görməyə öyrəşmiş qüvvələr üçün ciddi siqnal oldu.

Son günlər baş verənlər, yazılanlar artıq çoxlarına aydındır.

Məlumat üçün bir də bildirək ki, Moskva yönümlü mətbu orqanlarında və analitik çevrələrdə yaranan isteriya, əslində, bir reallığın təzahürüdür: Türk dünyası artıq yalnız mədəni və simvolik birlik deyil, siyasi və iqtisadi güc mərkəzinə çevrilməkdədir.

Bu dəyişimin yaratdığı narahatlıq təkcə geosiyasi deyil — həm də psixoloji xarakter daşıyır. Çünki Rusiya analitikləri, o cümlədən “Азиатский Экспресс” üçün yazan polkovnik Nurulan İşenbekoviç Dosaliev kimi veteran kəşfiyyatçılar, illərlə Türk birliyini “zəif inteqrasiya cəhdi” kimi görməyə öyrəşmişdilər. İndi isə TDT-nin Qəbələdə qəbul etdiyi qərarlar, gələcəkdə keçiriləcək birgə hərbi təlimlər və iqtisadi inteqrasiyanın dərinləşməsi bu köhnə təsəvvürləri alt-üst edib.

1646338420_31349800.jpg
Nurulan İşenbekoviç Dosaliev

Dosalievin “TDT humanitar pərdə altında hərbi gücə çevrilir” iddiası, əslində, Rusiyanın öz təhlükəsizlik kompleksindən qaynaqlanır. Türk dövlətləri birliyinin məqsədi heç vaxt hansısa dövlətə qarşı blok yaratmaq olmayıb. Əksinə, bu birlik yüzilliklərdir parçalanmış türkdilli xalqları qarşılıqlı iqtisadi, mədəni və müdafiə əlaqələri üzərində birləşdirmək məqsədi daşıyır. Qərbin diktəsi ilə deyil, Türk dünyasının daxili enerjisi və ortaq maraqları ilə formalaşan bir ideyadır bu.

Dosalievin məqaləsində səsləndirdiyi “Londondan idarə olunan kölgə oyunu” arqumenti isə köhnə sovet təfəkkürünün davamıdır. Azərbaycanın və Türkiyənin qərarlarını hansısa xarici səfirin görüşü ilə əlaqələndirmək bu dövlətlərin suverenliyini aşağılamaqdır. Azərbaycan Prezidenti İlham Əliyevin TDT çərçivəsində səsləndirdiyi təşəbbüslər Bakının milli maraqlarından doğur və bu təşəbbüslər bölgənin gələcəyini öz gücünə formalaşdırmaq istəyinin göstəricisidir.

Əgər TDT 2026-cı ildə birgə hərbi təlimlər keçirməyi planlaşdırırsa, bu, heç də “qərbin oyunu” deyil. Bu, region ölkələrinin müdafiə sistemlərinin uzlaşdırılması, sərhəd təhlükəsizliyinin, enerji və nəqliyyat xətlərinin qorunması üçün rasional addımdır. Rusiya bu təşəbbüsdən narahatdırsa, bu onun öz “mərkəz” statusunu itirmək qorxusundandır.

Moskva yönümlü analitiklər TDT-nin hərbi aspektini qabartmaqla, onun iqtisadi və texnoloji potensialını kölgədə saxlamağa çalışırlar. Halbuki TDT-nin əsas məqsədlərindən biri, üzv ölkələr arasında nəqliyyat-logistika əlaqələrinin gücləndirilməsi, enerji resurslarının şaxələndirilməsi, ticarət dövriyyəsinin artırılması və yeni iqtisadi marşrutların yaradılmasıdır. “Orta Dəhliz”, “Zəngəzur koridoru”, “Transxəzər marşrutu” kimi layihələr Avrasiyanın geoiqtisadi xəritəsini dəyişmək gücünə malikdir. Bu isə təbii olaraq Rusiyanın regional dominantlıq planlarına ziddir.

Dosalievin “TDT ölkələrinin iqtisadiyyatı Rusiyadan asılıdır” arqumenti də köhnə, passiv düşüncənin məhsuludur. Bəli, uzun illər ərzində Rusiya bu dövlətlərin iqtisadi əlaqələrində əsas oyunçu olub, lakin indi vəziyyət dəyişir. Türk dövlətləri öz aralarında iqtisadi blok yaradır, vahid investisiya məkanına çevrilir, milli valyutalarla ticarətə keçid müzakirə olunur. Bu, Moskva üçün qorxulu, amma reallıq üçün qaçılmaz bir prosesdir.

Qəbələdə keçirilən sammitin “SSRİ radiolokasiya stansiyasının yerində baş tutması” barədə Dosalievin simvolik şərhi isə, əslində, tarix qarşısında bir etirafdır: keçmiş imperiya rəmzləri artıq öz yerini yeni müstəqil dünyagörüşünə verir. O vaxt Rusiya üçün Qəbələ hərbi nəzarətin simvolu idisə, indi bu şəhər türk dünyasının siyasi və iqtisadi birliyinin simvoluna çevrilib.

Məqalənin sonunda səsləndirilən “NATO diversantları regionda peyda olacaq” kimi fikirlər isə daha çox qorxu ritorikasına əsaslanır. Əslində, bu cür arqumentlər TDT-nin nüfuzunun artmasını pərdələmək və region xalqları arasında etimadsızlıq toxumu səpmək məqsədi daşıyır. Halbuki, türk dövlətlərinin inteqrasiyası NATO-nun və ya Qərbin deyil, regionun öz daxili gücünün məhsuludur.

Bu gün Türk Dövlətləri Təşkilatı regional sabitliyin və əməkdaşlığın dayağına çevrilir. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan öz milli maraqları və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında ortaq gələcək qururlar. Bu, nə Rusiyaya qarşıdır, nə də hansısa “Qərb planının” tərkib hissəsidir.

Əksinə, TDT-nin mövcudluğu postsovet məkanında bərabərlik və qarşılıqlı hörmət üzərində qurulmuş yeni münasibətlər modelini təklif edir. Moskva istəsə, bu prosesə tərəfdaş kimi qoşula bilər; istəməsə, tarix onu sadəcə müşahidəçi mövqeyində saxlayacaq.

Bu gün Avrasiyada artıq tək bir “mərkəz” yoxdur. Güc balansı dəyişib və Türk dünyası bu yeni tarixi mərhələdə öz yerini tutmaqda qərarlıdır. Qorxu və ittihamlar bu prosesi dayandıra bilməz — çünki TDT artıq ideya yox, reallıqdır.Musavat.com

Seçilən
5
1
moderator.az

10Mənbələr