RU

Gürcüstanın baş naziri: Orta Dəhliz kontekstində strateji mövqeyimizi gücləndiririk

Gürcüstan Orta Dəhliz kontekstində strateji mövqeyini daha da gücləndirir.

“İki sahil” xəbər verir ki, bunu qonşu ölkənin baş naziri İrakli Kobaxidze Birləşmiş Ərəb Əmirliklərinin "Gulf News" nəşrinə müsahibəsində bildirib.

O, həmçinin deyib ki, son illər Gürcüstan davamlı iqtisadi artım nümayiş etdirir: "2021-ci ildən bəri Gürcüstanın orta illik iqtisadi artımı 9,5 %-dən çox olub, ötən il isə 9,5 % təşkil edib. Bu ilin əvvəlindən isə 11,1 %-lə başlamışıq. Bu, iqtisadi artım tendensiyasını ardıcıl olaraq qoruduğumuzu göstərir".

İ.Kobaxidze vurğulayıb ki, Gürcüstanın əsas prioritetlərindən biri iqtisadi inkişafın davamlılığını təmin etməkdir. Onun sözlərinə görə, ölkənin liberal iqtisadi və vergi siyasəti biznes və investisiyalar üçün əlverişli mühit yaradıb: "Biz iqtisadi əlaqələrin möhkəmləndirilməsinə, Gürcüstanın strateji yerləşməsindən maksimum faydalanmağa çalışırıq. Orta Dəhliz kontekstində Gürcüstanın əlaqələndirici rolunu gücləndirmək ölkənin iqtisadi potensialını artırmaq üçün mühüm əhəmiyyət kəsb edir".

Baş nazir qeyd edib ki, bu məqsədlə hökumət infrastruktur layihələrinə böyük sərmayələr yatırır: "Hazırda bütün ölkəni əhatə edən yeni avtomobil yolları inşa olunur. Tbilisi–Acariya avtomobil yolunun tikintisi ilin sonuna qədər tamamlanacaq. Azərbaycan və Ermənistan sərhədlərinə qədər uzanan yolların tikintisi də planlaşdırılır".

İ.Kobaxidze əlavə edib ki, dəmir yolu və hava nəqliyyatı infrastrukturunun inkişafı da prioritet istiqamətlərdəndir: "Tezliklə Tbilisidə yeni beynəlxalq hava limanının tikintisinə başlanacaq. Mövcud hava limanı 4 milyon sərnişin üçün nəzərdə tutulubsa, yeni hava limanı 18 milyon sərnişinə xidmət göstərəcək. Məqsədimiz Gürcüstanı turizm və hava nəqliyyatı baxımından regionun əsas mərkəzinə çevirməkdir".

Baş nazirin sözlərinə görə, Kutaisi Beynəlxalq Hava Limanı və Tbilisi Quru Limanı kimi layihələr artıq uğurla fəaliyyət göstərir və Gürcüstanın Orta Dəhlizdə iqtisadi əlaqələndirici rolunu daha da möhkəmləndirir.

Избранный
14
ikisahil.az

1Источники