RU

Putin düzmü dedi?..

Ötən dəfələrdə də yazmışdıq ki, Cənubi Qafqazda geosiyasi hesab 2:1-dir. Ermənistan kiçik addımlarla olsa da, hər halda, ardıcıl şəkildə Qərbə tərəf dreyf etməkdədir. Azərbaycanla Qərb arasında da münasibətlər istiləşməkdədir.

Bircə qonşu Gürcüstan bir qədər qeyri-müəyyən durumdadır, amma bizə elə gəlir ki, bu, da tamam müvəqqətidir, çünki onun Qərblə problemi yaransa da hələ Moskvaya tərəf ciddi addım atmasını müşahidə etmirik; məsələ daha çox hakimiyyət məsələsidir.

Ona görə də təkrar deyirik ki, nəticəni cənab Duqin özü çıxarsın. Yeri gəlmiş, bu sətirləri yazanda məlumatlar gəlirdi ki, Tiflis yenə qaynayır: bilmək olmaz, hələ nələr olacaq...

Amma əsas bunlar deyil. Ötən həftənin sonunda hamının diqqəti Düşənbəyə, MDB-nin növbəti toplantısına dikilmişdi. Yox, heç kimin MDB-filandan hansısa umacağı yoxdur. Deyilmişdi ki, toplantı çərçivəsində Azərbaycan və Rusiya prezidentlərinin görüşü baş tuta bilər və görüş baş tutdu da. Rəsmi açıqlamalara görə, Rusiya Prezidenti Putin cənabları məlum təyyarə qəzası ilə bağlı Bakının bütün tələblərini qəbul edib, hətta növbəti dəfə Azərbaycandan və onun liderindən üzr istəyib...

Putinin qısa nitqini çox diqqətlə oxuduq. Orada bir detal vardı. Bizə elə gəlir ki, Rusiya prezidenti yenə də tam səmimi deyildi, yenə də baş vermiş cinayəti kiçiltmək istəyirdi. Baxın, bu adam deyir ki, bəs raket gedib təyyarəyə dəyməyibdi, təyyarəni qəlpələr zədələyib! Bu, bir yana, guya rus hərbçilərinin məqsədi Azərbaycanın təyyarəsini yox, tamamilə başqa obyekti vurmaq imiş!..

Məsələ ilə bağlı şəxsən mənim də deyəcəyim var. Sovetin vaxtında bütün ali məktəblərdə hərbi kafedralar vardı, oğlan tələbələrə hərb tədris olunurdu, ali məkətbi bitirəndə də onlara hərbi rütbə verilirdi. Biz də düz dörd il hərb dərsi keçmişdik. Hərbi ixtisasımız da Hava Hücumundan Müdafiə Qoşunları idi. Qərəz, demək istədiyim nədir? Bizə hərb müəlimlərimiz də deyirdi, hətta xidməti istifadə üçün nəzərdə tutalan hərbi dərsliklərdə da yazılırdı ki, raketin gedib təyyarəyə və yaxud da başqa uçan obyektə dəyməsinə ehtiyac yoxdur, belə şey nadir hallarda olur. Kobud şəkildə desək, “məhvetmə zonası” deyilən anlayış var, yetər ki, uçan obyekt bu zonada olsun! Bu halda qəbul edilir ki, obyekt artıq vurulubdur, çünki o, hətta dərhal yerə düşməsə də çox uzağa gedə, daha uçuşunu davam etdirə bilməz, yəni obyekt artıq vurulmuş sayılır...

Bu, məsələnin yalnız bir tərəfidir. İkinci detal budur ki, səmada obyektlər o qədər də yaxın məsafələrdə uçmurlar ki, birini nişan alanda gedib o birisinə dəysin!..

Odur, Rusiya Prezidentinin bu xüsusdakı arqumentlərinin heç bir əsası yoxdur, rus hərbçilərinin cinayətini kiçiltməyə də ehtiyac yoxdur, onlar şüurlu şəkildə bizim təyyarəmizi vurublar! Hətta təsadüf olsaydı, bu, niyə görə təyyarəyə Rusiyanın ərazisinə eniş etməyə icazə verilməyibdir?..

Amma yenə də hesab edirik ki, Bakı ilə Moskva arasında nisbi anlaşmanın olması belə çox yaxşıdır. Məncə, Rusiya Prezidentinin də, Kremlin digər strateqlərinin də mərəzi başqa idi: həm Bakını sınamaq, həm ona təzyiq etmək istəyirdilər. Üstəlik, bəlkə də onların Bakıdan da müəyyən gözləntiləri vardı: bəli, İkinci Qarabağ savaşında nisbi neytrallıq nümayiş etdirmələrinin müqabilində! Güman, indi görürlər ki, bunların heç birinin effekti olmadı, ona görə də başlayırlar, necə deyər, musiqini-valı dəyişməyə!..

Amma belə olmamalıdır: dövlətlərin, xüsusən də qonşu dövlətlərin siyasəti ilin fəsilləri kimi dəyişməməlidir, hakimiyyətlərin dəyişməsi belə normal qonşuluq münasibətlərinə toxunmamalıdır. Görən, Kreml nə vaxtsa bunun fərqində olacaqmı?..

Burada bir detal kimi qeyd edək ki, Nikol Paşinyan Düşənbədə hətta ölkəsinin Rusiya ilə ticari göstəricilərini də kiçiltməyə cəhd etdi. Üstəlik, Zəngəzur dəhlizi də tamam başqa əllərə keçibdir və qeyri-adi dəyişiklik baş verməzsə, Moskvanın da bununla hesablaşmaqdan savayı çarəsi yoxdur.

Daha bir detal. Keçmiş türk sovet respublikaları arasında da əlaqələr sıxlaşmaqdadır. Bizə elə gəlir ki, məqamında Moskvaya buynuz göstərmək lazımdır, özü də çox ciddi şəkildə: Bilirsiniz, bu MDB-filan Kremldən başqa heç kimə lazım deyil. Bunun heç bir faydası yoxdur və heç kim onun qərarlarını nəinki icra, heç qəbul da etmir, təsdiqləmir də: bunu vaxtilə MDB-də qəbul olunmuş aktları bir balaca araşdıran adam kimi deyirəm!..

Rusiya bizim yaxın qonşudur, onunla həmişə dialoqumuz olacaq. Həm də Putin və ya sabah başqası sadəcə, bizimlə çay içmək, söhbətləşmək istəyirsə, heç bir problem yoxdur, buyurub gəlsinlər və yaxud da bizim liderlərimiz hara lazımdırsa getsinlər! Ermənistan artıq nəinki KTMT-ni, hətta MDB-ni də faydasız qurum sayır. Bunlar yalnız Lukaşenkolara və ya Rəhmonlara lazımdır ki, Kremlin dəstəyi ilə mümkün qədər daha çox qalsınlar hakimiyyətdə!..

Azərbaycana və onun liderinə bütün bunlar lazım deyil. Prezident İlham Əliyev çox güclü xarici siyasət aparır: Azərbaycan dünyada özünün real ölçülərindən qat-qat böyük ölçülərə malik dövlətə çevrilibdi! Digər postsovet ölkələri də yerində saymır, hamı hərəkətdədir!

Zərif xanım olan prezident Sandu bu günlərdə Kremlə qapıları göstərmədimi? Eyni sözləri Mərkəzi Asiya - Türküstan haqqında da demək olar. Onlar da tam güclərilə olmasa da, hər halda, cəhd edirlər.

Bircə problem Ukraynanındır. Amma düşünürük ki, onu da Moskvanın qapazının altından çıxarmaq olacaq: bizə elə gəlir ki, hətta ən pis halda, ən uğursuz senaridə belə Kreml bütün Ukraynanı ələ keçirə bilməyəcək!

Избранный
7
musavat.com

1Источники