RU

İnteqrasiyadan işbirliyinə: Azərbaycan çoxtərəfli əməkdaşlıq platformalarının fəal aktorudur

ain.az, Ses qazeti portalına istinadən məlumat verir.

Müasir dövrdə beynəlxalq münasibətlər sistemi sürətlə dəyişir, qlobal miqyasda yeni çağırışlar formalaşır. Bu proseslər fonunda regional əməkdaşlıq formatlarının rolu daha da artır, xüsusilə Müstəqil Dövlətlər Birliyi (MDB) kimi çoxtərəfli platformalar sabitlik, qarşılıqlı etimad və birgə tərəqqinin təminində mühüm vasitəyə çevrilir. MDB-nin fəaliyyəti bu gün təkcə tarixi əlaqələrin qorunması ilə məhdudlaşmır, həm də üzv dövlətlərin ortaq məqsədlər naminə bir araya gəldiyi effektiv əməkdaşlıq müstəvisini formalaşdırır.

MDB çərçivəsində əməkdaşlığın əsasını bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı hörmət və milli maraqların uzlaşdırılması prinsipləri təşkil edir. Bu prinsiplər təşkilatın davamlılığını təmin etməklə yanaşı, onun beynəlxalq nüfuzunun möhkəmlənməsinə də xidmət edir. Birlik çərçivəsində qəbul edilən qərarlar, həyata keçirilən humanitar və iqtisadi layihələr iştirakçı dövlətlərin sosial-iqtisadi inkişafına real töhfələr verir. MDB-nin çoxşaxəli fəaliyyəti həm iqtisadi, təhlükəsizlik məsələləri, həm də elm, təhsil, mədəniyyət və idman kimi sahələri əhatə edir, bu da təşkilatın inteqrasiya potensialını artırır.

Son illər MDB məkanında yeni əməkdaşlıq istiqamətləri formalaşmaqdadır. Enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya xətləri, ərzaq sabitliyi və ekoloji siyasət kimi məsələlər üzv ölkələrin qarşılıqlı maraqlarını birləşdirən əsas mövzulara çevrilib. Bu istiqamətlərdə ortaq səylərin gücləndirilməsi regionda dayanıqlı sabitlik və sosial rifahın təminatına xidmət edir.

Azərbaycan MDB çərçivəsində hər zaman fəal mövqeyi ilə seçilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan birliyin işində mühüm rol oynayır, sülh, əməkdaşlıq və həmrəyliyin güclənməsinə real töhfə verir. Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında Prezident İlham Əliyevin çıxışı da bu istiqamətdə xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı çıxışında təşkilat daxilində əməkdaşlığın dərinləşdirilməsi, humanitar əlaqələrin genişləndirilməsi və ortaq dəyərlərin qorunması məsələlərinə toxunaraq MDB-nin gələcək fəaliyyətinə strateji baxış təqdim edib.

Tacikistan ilə Azərbaycan arasında münasibətlər qarşılıqlı etimad və səmimi dostluq üzərində formalaşıb. İkitərəfli əlaqələr siyasi, iqtisadi, humanitar və mədəni sahələri əhatə edir. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin təşəbbüslərini dəstəkləyir, regional sabitlik və qarşılıqlı maraqlara xidmət edən əməkdaşlığı dərinləşdirir. Qardaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan bu münasibətlər gələcəkdə də genişlənmək və yeni məzmun qazanmaq potensialına malikdir. MDB Dövlət Başçıları Şurasının iclasında Prezident İlham Əliyev Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin ardıcıl inkişaf etdiyini bildirib. Dövlətimizin başçısı vurğulayıb ki, onlar qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir.

Azərbaycanın MDB məkanındakı fəaliyyəti, xüsusilə humanitar sahədə həyata keçirdiyi təşəbbüslər birliyin birləşdirici və sabitləşdirici rolunu daha da gücləndirir. Bu baxımdan Laçın şəhərinin 2025-ci il üçün MDB-nin mədəniyyət paytaxtı elan olunması rəmzi məna daşıyır. Bu qərar Azərbaycanın tarixi-mədəni irsinin, yenidənqurma və bərpa siyasətinin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Laçında keçirilən “MDB-nin mədəniyyət paytaxtı İli” tədbiri birliyin humanitar əməkdaşlığında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir.

MDB-nin humanitar sahədəki fəaliyyəti həm xalqlar arasında mənəvi yaxınlığı gücləndirir, həm də regionda qarşılıqlı etimad mühitinin dərinləşməsinə xidmət edir. Bu istiqamətdə Azərbaycanın təşəbbüsü ilə keçirilən III MDB Oyunları da mühüm hadisə kimi tarixə düşüb. Qədim Gəncə şəhərində, eləcə də ölkənin bir neçə şəhərində təşkil olunan bu yarışlar 13 ölkədən 1600-dən çox idmançını bir araya gətirdi. Belə tədbirlər təkcə idman yarışları deyil, həm də dostluğun, həmrəyliyin və birgə dəyərlərin təntənəsidir.

Yeni reallıqlar fonunda MDB-nin fəaliyyəti bir daha sübut edir ki, qarşılıqlı etimad və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında qurulan münasibətlər regional sabitlik üçün möhkəm təməldir. Təşkilat üzv dövlətlər arasında iqtisadi əlaqələri möhkəmləndirməklə yanaşı, sülhün və təhlükəsizliyin qorunmasına da töhfə verir.

MDB-nin qarşıdakı dövrdə əsas məqsədi yeni geosiyasi çağırışlar fonunda birliyin rolunu artırmaq, əməkdaşlığın praktiki nəticələrini dərinləşdirmək və regional həmrəyliyi gücləndirməkdir. Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər bu istiqamətdə real baxış və strateji yanaşma təqdim edib.

Beləliklə, MDB-nin çoxşaxəli fəaliyyəti bu gün inteqrasiyadan daha çox həmrəyliyə, ortaq dəyərlərin qorunmasına və dayanıqlı gələcəyin formalaşdırılmasına yönəlib. Həmrəyliyin, etimadın və birgə rifahın möhkəmlənməsi birliyin gələcək uğurlarının əsasını təşkil edir.

Nurlan Həsənov

Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
6
1
sesqazeti.az

2Источники