2025-ci ilin oktyabrın 12-də Bakı Konqres Mərkəzində Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ – International Association of Judges) 67-ci Baş Assambleyası öz işinə başlayıb. Assambleyanın Azərbaycanda keçirilməsi ölkəmizin artan nüfuzunun göstəricisi, eyni zamanda Azərbaycanda son illər həyata keçirilmiş mütərəqqi məhkəmə-hüquq islahatlarının nəticəsidir. Xüsusən də məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunması istiqamətində son iki ildə aparılmış islahatlar beynəlxalq hakim ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirilib.
Assambleyanın açılış mərasimində dünyanın 71 ölkəsindən 300-ə yaxın nümayəndə, hakimlər, vəkillər, hökumət rəsmiləri və beynəlxalq təşkilatların təmsilçiləri, eləcə də tanınmış hüquqşünas-ekspertlər iştirak ediblər. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, süni intellekt obrazlarının təqdimatında ölkəmiz haqqında tanıtım videoçarxı nümayiş etdirilib.
Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasının iştirakçılarına müraciətini oxuyub.
Açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov bildirib ki, müstəqilliyimiz bərpa olunandan sonra Azərbaycan öz məhkəmə sistemini demokratiya, qanunçuluq və ədalət prinsipləri əsasında qurmağa başlayıb. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya hazırlanaraq qəbul olunub, orada hakimiyyət bölgüsü, qanunun aliliyi, insan ləyaqətinin təmin edilməsi və məhkəmə hakimiyyətinin müstəqilliyi ifadə edilib. Bu təməllər Prezident İlham Əliyev tərəfindən həyata keçirilən davamlı islahatlarla daha da möhkəmləndirilib.
Diqqətə çatdırılıb ki, bu gün bütün dünyada ədalət mühakiməsi ölkələr arasında sıx əməkdaşlıq tələb edir. Bu istiqamətdə Beynəlxalq Hakimlər Assosiasiyasının rolu böyükdür, çünki ədalət mühakiməsinin bütün dünyada daha da təkmilləşdirilməsinə xidmət edir. Bildirilib ki, hazırda dünyanın məhkəmə sistemi qlobal çağırışlarla üz-üzədir və bunlara hazır olmalıdır.
Sonra çıxış edən Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədov bildirib ki, məhkəmə hakimiyyəti hər hansı bir cəmiyyətin ən fundamental dəyərlərinin keşiyində dayanan bir qarantdır. Məhkəmə hakimiyyəti insanları səhvlərdən qoruyur, üzərlərinə düşən vəzifənin lazımi şəkildə icrasında istiqamətləndirir. Hər kəs məhkəməyə hörmət etməlidir. Çünki vəzifəsindən və tutduğu mövqedən asılı olmayaraq, insanların hüquqlarının qorunduğunu son nöqtə məhz ədalət mühakiməsini həyata keçirən hakim olacaq.
Beynəlxalq Hakimlər Assosiasiyasının prezidenti Duro Sessa isə çıxışında doğru ədalət mühakiməsinin diqqətdən kənarda qalmamalı olduğunu bildirib. Qeyd edilib ki, məhkəmə hakimiyyətinin səsinin hər tərəfdə eşidilməsi üçün anlaşma və etimadın qurulmasında məhz konstitusion strukturların fəaliyyətinin tarazlı şəkildə həyata keçirilməsi önəmlidir. Bütün bu dəyərlər çox məhkəmə hakimiyyətinin müstəqilliyini qoruyub saxlaya bilməsi baxımından çox vacibdir.
Daha sonra Beynəlxalq Hakimlər Assosiasiyasının “Məhkəmə müstəqilliyi mükafatı”nın təqdimetmə mərasimi keçirilib. Mükafatı Beynəlxalq Hakimlər Assosiasiyasının Baş katibi Giacomo Oberto təqdim edib.
Tədbir bədii hissə ilə davam edib.
Bununla yanaşı, tədbir çərçivəsində “Ədalət mühakiməsi rəmzləri” adlı sərgi təşkil olunub. Sərgidə dünyanın 80 ölkəsindən gətirilmiş 150-yə yaxın hakim, vəkil və dövlət ittihamçısına məxsus cübbələr, ordenlər, döş nişanları, markalar və pul əsginasları nümayiş etdirilir.
Oktyabrın 17-dək davam edəcək Baş Assambleya çərçivəsində qurumun idarəetmə orqanlarına seçkilər keçiriləcək, müxtəlif dövlətlərin məhkəmə-hüquq sistemindəki vəziyyət, mövcud problemlər və müsbət təcrübələr müzakirə olunacaq. Həmçinin ev sahibi kimi Azərbaycanın məhkəmə-hüquq sistemi ilə tanışlıq da nəzərdə tutulur.
"Cebheinfo.az"